
Vaxtilə “Zirə”dəki parlaq oyunu ilə fərqlənən, karyerasını “Qarabağ”da davam etdirən, son olaraq “Konyaspor”un şərəfini qoruyan Hamidu Keyta hazırda “Araz-Naxçıvan”ın sıralarındadır.
Komandaya yay fasiləsində qoşulsa da, hələ ki, yaxşı mənada heç nə ilə fərqlənə bilməyib.
Fransalı vingerlə komandasının “Qəbələ” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra söhbətləşdik.
- Rəqibin hələ də qələbə üzünə həsrət qalan “Qəbələ” olduğunu nəzərə alsaq, bu qədər çətinlik çəkəcəyinizi gözləyirdin?
- “Qəbələ”yə qarşı oynamaq heç də asan deyil. Ötən həftə “Zirə”ylə matçda əla xarakter göstərmişdilər. Bilirdik ki, bu dəfə ikiqat motivasiyalı olacaqlar. Ona görə də bu cür müqavimətə hazır idik. Həftəboyu məşqçilərdən əsas psixoloji durumla bağlı tapşırıqlar almışdıq. Gördüyünüz kimi, çətinliklə qalib gəldik.
- Rəqibi hansı cəhətlərdə üstələdiyinizi düşünürsən?
- Fikrimcə, biz qol epizodlarında soyuqqanlı davrandıq. Əlimizə düşən imkanları qola çevirməyi bacardıq. Bu mənada təcrübəli futbolçularımızın bacarığını qeyd edə bilərəm. Fürsətdən istifadə edib “Qəbələ”ni layiqli futbol göstərdiyinə görə təbrik edirəm.
- 3 oyundan sonra 7 xalla liderlər sırasındasız. “Araz-Naxçıvan” üçün yaxın gələcəyi necə təsəvvür edirsən?
- Öz oyunumuza baxırıq. Məqsədimiz sistemli şəkildə futbol nümayiş etdirib, hər matçdan qələbə ilə ayrılmaqdır. Rəqiblərin adından asılı olmayaraq, hər oyuna bu fəlsəfə ilə çıxırıq və çıxacağıq. Yaxşı komandaya sahibik və bu kollektivlə yaxşı işlərin davamını gətirə bilərik.
- Çempionluq?
- (gülür) Hər oyunu udaq, yekunda necə olacağına baxarıq.
- Komandanın qarşısına qoyulan hədəf nədir?
- Ötən mövsümdəkindən daha yaxşısını etmək.
- Hazırkı çempionat əvvəlki illərdəkindən fərqlənir?
- Əlbəttə. İlk növbədə komanda sayının artmasını qeyd edə bilərəm. Geridə qalan oyunlar və nəticələr çempionatın daha gərgin və maraqlı alınacağından xəbər verir. İstər üst pillələrdə, istərsə də turnir cədvəlinin alt hissəsində sıxlıq yaranacağını düşünürəm. Hiss olunur ki, bu dəfə daha maraqlı rəqabət izləyəcəyik.
- Yeri gəlmşkən, ardıcıl iki qələbədən sonra çempionatda yaranan iki həftəlik fasilə “Araz-Naxçıvan”a necə təsir edəcək?
- Bu, tək bizə yox, bütün komandalara aid qərardır. Ona görə də nəsə demək düzgün olmaz. Yaranmış fasilədən maksimum yararlanacağıq. Daha çox məşq etmək və səhvlərimizin üstündə işləmək üçün yaxşı imkandır.
HƏBİB / SPORTİNFO.AZ