Məğlubiyyəti “həzm” edə bilməyən – Azarkeşlik etdiyi klubun taleyi ilə özü məşğul olub

6 Dekabr 2022 02:10 Hadisə 223
Məğlubiyyəti “həzm” edə bilməyən  – Azarkeşlik etdiyi klubun taleyi ilə özü məşğul olub

Moskvaya rəhbərlik etdiyi 18 il ərzində o, həmişə özünü kölgədə saxlamağa çalışıb, kütlələr arasında az görünüb,

Mərkəzi Komitənin müşavirələrində mübahisə yaradacaq çıxışlara yol verməyib, ən vacib məsələləri ölkə başçısı ilə təkbətək müzakirə etməyi daha üstün sayıb.

1967-1985-ci illərdə Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsini tutan Viktor Qrişin bu cür ehtiyatlı davranışı ilə düz 18 il SSRİ-nin paytaxtına rəhbərlik edib...

Tarixçilərin qənaətinə görə Qrişin SSRİ-nin siyasi elitasında ən şanslı məmurlardan biri sayılıb. Onu Moskava şəhər Partiya Komitəsinə şöbə müdiri, daha sonra ikinci katib vəzifəsinə Nikita Xruşşov gətirib. Hətta Xruşşov Qrişinin gələcəkdə ölkənin birinci şəxsi olacağını da dilə gətirib. Ancaq bu himayədarlığın qarşısında Qrişin Xruşşovun devrilməsində əsas simalardan biri olub.

1964-cü ildə saray çevrilişi zamanı Xruşşovun təqaüdə göndərilməsi haqqında müraciətin mətninin müəlliflərindən biri məhz Qrişin olub. Buna baxmayaraq həmin dövrdə bir çoxları elə düşünüb ki, vaxtilə Xruşşovun ən yaxın adamı kimi Qrişin Brejnev hakimiyyəti dövründə siyasi elitadan uzaqlaşdırılacaq. Amma əksinə, 1967-ci ildə Qrişin Brejnevin təşəbbüsü ilə Moskva şəhər Partiya Komitəsinin birinci katibi seçilib.

956.jpg (159 KB)

Yuxarıda qeyd etdiyimiz kimi Qrişin özünü qorumaq, adının gündəmə gəlməməsi üçün özünü həmişə kölgədə saxlayıb. Ancaq onun bir şakəri, qatı futbol azarkeşi olması birinci katibi minlərlə insanın qarşısına çıxmağa məcbur edib. Bəzən şikayətçilər, problemi olan Moskva sakinləri öz məktublarını ona stadionlarda çatdırıblar.

Qrişin Moskvanın “Spartak” kubunun qatı azarkeşi olub. Komandanın Moskvada keçirilən bütün oyunlarını birinci katib birbaşa stadiondan izləyib. Klubun məğlubiyyətini Qrişin olduqca ağır “həzm” edib. Bəzi hallarda isə belə məğlubiyyətlərdən sonra həkim müdaxiləsinə ehtiyac yaranıb. Klubun başqa şəhərlərdə oyunlarını evdə televizorda izləyərkən ixtisasca həkim olan həyat yoldaşı İrina Qrişina (Zaxarova) ona əvvəlcədən təskinlik verməyə çalışıb:

916700_tmb_7.jpg (268 KB)

- Viktor, hər şey yaxşı olacaq, biz qalib gələcəyik. Əks təqdirdə bir həkim kimi mən sənin yanındayam.

Əlbəttə, bu, futboldur, matçları əvvəlcədən dəqiq proqnozlaşdırmaq olmur. Elə həmin dövrdə də birinci katibin həyat yoldaşının söylədiyi kimi “əks təqdir”lər çox olub. “Spartak”ın uğursusuzluğunun pik həddi isə 1976-cı ildə baş verib. Belə ki, komanda SSRİ çempionatının əsas liqasından birinci liqaya düşüb.

Bu uğursuzluğa tab gətirməyən Qrişin azarkeşlik etdiyi komandanın gələcək taleyi ilə özü məşğul olmağa qərar verib.
Birinci katib əvvəlcə məşqçi axtarışına çıxıb. Futbol azarkeçi olduğundan o, SSRİ-dəki bütün uğurlu məşqçiləri yaxşı tanıyıb. Nəhayət, Qrişin Konstantin Beskovun üzərində dayanıb. Qeyd edək ki, Beskov futbolçu kimi karyerasını başa vurduqdan sonra fəaliyyətini məşqçi kimi davam etdirib. O, ayrı-ayrı dövrlərdə “MOİK”, “Zarya”, “Lokomativ”, Moskvanın “Dinamo” komandalarının, o cümlədən SSRİ yığmasının, SSRİ Olimpiya yığmasının məşqçisi işləyib.

739_tmb_0.jpg (188 KB)

1977-ci ilin əvvəllərində Qrişin öz təklifini tanınmış idman şərhçisi Nikolay Ozerov vasitəsi ilə Beskova çatdırıb. Beskov bu təklifi eşidən kimi qəti imtina edib. Yəqin ki, başqa məşqçi olsaydı bu təklifi böyük məmnunniyyətlə qəbul edərdi. Kifayət qədər böyük nüfuza malik, Moskva kimi şəhərin “sahibi”, Siyasi Büronun üzvü ilə yaxınlaşmaq çoxları üçün əlcatmaz arzu sayılıb. İkinci bir tərəfdən Qrişin birinci katib kimi komanda üzvlərinə mənzil, avtomobil, bağ evləri vermək imkanında da olub ki, nədənsə Beskov bu imkanlardan da istifadə etməyə can atmayıb. Sözsüz ki, bu səbəbsiz olmayıb. Beskov Qrişinin qatı futbol azarkeçi olduğunu yaxşı bilib, onu da yaxşı bilib ki, komanda məğlub olanda birinci katib bu məğlubiyyəti qəbul edə bilmir, məşqçi Qrişinin kaprizlərini, qəliz bir adam olduğu haqqında da məlumatlı olub. Elə bu səbəbdən də ondan uzaq durmağı daha məqbul sayıb.
Ozerov Beskovun imtinasını Qrişinə bildirdikdən sonra, birinci katib köməkçisinə göstəriş verib ki, məşqçini qəbulana çağırsınlar.
Təyin olunmiş vaxtda Beskov Qrişinin qəbuluna gəlib. Onlar əvvəlcə futbol haqqında ümumi fikir mübadiləsi aparıblar. Sonra Qrişin mətləbə keçib:

- Mən sizə “Spartak” komandasına məşqçilik etməyi təklif edirəm. Sizin kifayət qədər böyük təcrübəniz var. İnanıram ki, komandanı irəli aparacaqsınız.

3d83b5fed40b7ace641204369bb73711.jpg (111 KB)

Beskov təklifdən bəhanələrlə yayınmağa çalışıb:

- Viktor Vasilyeviç, bu böyük etimaddır və buna görə sizə minnətdarlığımı bildirirəm. Amma hazırda mən “Dinamo” ilə məşğulam. Yarımçıq qalan işlərim var. Buna görə də yəqin ki, mən sizin təklifinizi qəbul edə bilməyəcəyəm.

Bu “yumşaq” imtinadan sonra kinli Qrişinin üzündə xoşagəlməz cizgilər yaranıb. Beskov sonrakı müsahibələrində həmin anları belə xatırlayıb:

“Mən Qrişinin təklifindən imtina edəndə, onun üzündə bir qəzəb hiss etdim. Açığını deyim ki, bu qəzəb mənim gələcək karyeramda problem də yarada bilərdi. O, öz fikrini “bunu sizdən Siyasi Büronun üzvü xahiş edir” ifadəsi ilə bitirdi. Çıxılmaz vəziyyətdə qalmışdım. Təkidlə imtina edə bilməzdim, bunu etik cəhətdən də düzgün saymırdım. Sonda razılıq verdim...”

Birinci katiblə məşqçi arasında sövdələşmə çətinliklə alınsa da, nəticə uğurlu olub. 1977-ci il futbol mövsümündə “Spartak” yenidən əsas liqaya çıxıb, iki ildən sonra isə, 1979-cu ildə birinci katibin sevimli komandası SSRİ çempionu adını qazanıb (musavat.com).

İlham Cəmiloğlu

Digər Xəbərlər
Xəbər Lenti