
AFFA yanında Media Komitəsinin qaliblərindən olan Sportinfo.az saytının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində ilk yazısını təqdim edir.
Son illərdə futzala olan maraq hər birimizi sevindirir. Xüsusilə də, həm komandalarımızın, həm də millimizin uğurlu çıxışları, qazandıqları zəfərlər idmanın bu növün gələcəkdə də respublikamızda inkişafına ümidlə baxmağımıza səbəb olub. Futbol haqqında yetərincə anlayışımız olsa da, futzalın qaydalarını ətraflı şəkildə demək olar ki, bilmirik. Beləliklə, futzal qaydaları ilə tanış olaq.
Futzal matçları hər biri 20 dəqiqədən ibarət iki hissəli oynanılır. Bu hissələr arasında 10 dəqiqəlik fasilə verilir. Matç zamanı 6 və ya 9 metrlik cərimə zərbələri zamanı itirilən vaxt oyunun əsas vaxtına əlavə edilməlidir. Bu zərbələr haqqında bir azdan məlumat verəcəyik. Futzalda da start fitindən əvvəl püşkatma olur və püşkatmaya uyğun olaraq qapılar seçilir. Fərqli cəhətlərdən biri odur ki, püşkatmanın qalibi olan komanda həmçinin, ikinci hissənin strat fiti zamanı topu meydana daxil etmək hüququ qazanır. Qaydalara uyğun olaraq ikinci hissədə komandalar qapıları dəyişməlidirlər.
Start fitindən sonra topu oyuna daxil edən oyunçu digər komanda yoldaşı və ya rəqib ona toxunmamış ikinci dəfə topla oynaya bilməz. Bu arada komandaların heyəti 5 nəfər oyunçudan ibarət olmalıdır. Futbolda olduğu kimi, futzalda da oyunçuya xəbərdarlıq edilirsə, ona sarı vərəqə göstərilir. Aşkar kobudluq və ya ikinci xəbərdarlıqdan sonra oyunçuya qırmızı vərəqə verilir. Həmin oyunçu artıq meydana daxil ola bilmir.
Maraqlı məqamlardan biri odur ki, oyunçusu meydandan qovulan komanda iki dəqiqə azlıqda oynayır. Ondan sonra meydana başqa oyunçu daxil ola bilər. Əvəzetmələr oyun vaxtı edilir və futboldan fərqli olaraq futzalda əvəzetmə sayına hər hansı bir məhdudiyyət qoyulmur. Baş məşqçi birinci hissədə bir, ikinci hissədə də bir dəfə taym-aut götürə bilər. Oyun sonunda hesab bərabər olursa və qalib müəyyənləşməlidirsə, bu zaman 6 metrlik məsafədən qapıya 5 zərbə vurulur. Zərbələri qırmızı vərəqə ilə meydandan qovulan oyunçu istisna olmaqla bütün oyunçular vura bilər.
Aut atışı və küncdən zərbələr meydança kənarındakı xətdən, ayaqla oyuna daxil edilir. Bu matçların keçirildiyi meydançanın uzunluğu maksimim 40m, eni isə 20 m olmalıdır. Meydançanın mərkəzindəki xətt üzərindəki dairənin radiosu 4m-dən az olmamalıdır. Ehtiyat oyunçular meydançanın kənarından 1 metr uzaqlıqda yerləşən oturacaqlarda əyləşməlidir. Onların əyləşdiyi yer meydançada öz komandalarının qapısının olduğu istiqamətdə olmalıdır. Qapının uzunluğu 3 metr, hündürlüyü isə 2 metr qəbul edilib.
Futzalda topun ölçüsü və çəkisi də xüsisi əhəmiyyət kəsb edir. Futzal topu 58-60 sm ölçüsündə və 430-460 qram çəkisində olmalıdır. Futzal topunda bir məqama da diqqət yetirilir. Belə ki, 2 metr hündürlükdən düşən top yerdən 50 sm-dən çox yüksəkliyə qalxmamlıdır. Əgər oyun vaxtı top bu parametrlərdən kənara çıxarsa, hakim matçı saxlayır və top dəyişdirilir. Oyun topun saxlanıldığı yerdən başlayır. “Mübahisəli epizod” kimi dəyərləndirilərək, top hakim tərəfindən meydanın həmin hissəsində oyuna daxil edilir. Topun dəyişdirilməsinə yalnız hakim qərar verə bilər.
Futbolda ilk “18-lik» dediyimiz oyun protokolu futzalda “14-lük» kimi reallaşır. Hər komanda matçın protokoluna 14 oyunçunun adını yaza bilər. Onlardan biri mütləq kapitan olmalıdır. Meydançada qapıçı da daxil olmaqla 5 oyunçu olur. Yalnız kapitanlara oyun zamanı hakimlə ünsiyyət qurmağa icazə verilir. Kapitan meydanı tərk edirsə, o qolundakı sarğını meydançada olan digər oyunçulardan birinə təqdim etməlidir. Yəni, meydançada kapitan mütləq olmalıdır. Qapıçı dəyişikliyi isə yalnız hakimin icazəsindən sonra olmalıdır. Həmin vaxt oyun saxlanılmalı və dəyişiklik edilməlidir. 6 metrlik cərimə zərbəsinin vurulması zamanı qapıçı dəyişikliyinə isə icazə verilmir.
Futzalda hakimə oyundan əvvəl edilən bir hərəkətə görə oyunçuya xəbərdarlıq etmək və ya onu meydandan qovmaq hüququ verilir. Belə olan halda qovulan oyunçu başqası ilə əvəz olunur. Matç zamanı oyunçu dəyişikliyi reallaşırsa və meydançadakı oyunçu hələ kənar xətdən çıxmayıbsa, bu zaman ehtiyat oyunçu meydana daxil ola bilməz. Belə hal baş verəndə hakim oyunu saxlayır və ehtiyat oyunçuya sarı vərəqə göstərir. Topu həmin vaxt meydana rəqib komanda daxil edir. Əvəzlənən oyunçu əvəzetmə zonasından meydançanı tərk etməlidir. Bu qaydaya riayət etməyən əvəzlənən oyunçu sarı vərəqə ilə cəzalanır.
Futboldan fərqli olaraq, futzalda meydançada olan oyunçuların futbolkası üzərindəki rəqəmlər 1-dən 20-yə kimi olmalıdır. Rəqəmlərin uzunluğu isə 15-20 sm kimi qiymətləndirilib. Qapıçılara isə şalvar geyinməyə icazə verilir. Həm də qapıçıların geyimi ümumi komanda geyimindən fərqli olmalıdır.
Oyun zamanı top tavana dəyirsə, bu zaman top rəqib komanda tərəfindən meydançanın kənar xəttindən matça daxil edilir. Oyunçu rəqibinə qarşı kobudluq edərsə, əllə topa toxunarsa, cərimə meydançasında qapıçını məhdudlaşdırarsa, bu hallar “texniki fol” kimi qiymətləndirilir və cərimə zərbələri təyin edilir. Qapıçı öz komanda yoldaşının ötürməsini yalnız top rəqibin toxunmasından sonra əlinə götürə bilər. Əgər oyunçu öz cərimə meydançasında rəqibə qarşı kobudluq edirsə, topun meydançanın hansı tərəfində olmağından asılı olmayaraq 6 metrlik cərimə zərbəsi təyin olunur. Bundan başqa qapıçı və ya oyunçu topu 5 saniyədən gec olmamaqla oyuna daxil etməlidir.
Hər hissədə komandalara 5 dəfə qayda pozuntusu-fol imkanı verilir.Bu qayda pozuntularının yerinə yetirilməsi zamanı topun qarşısında “divar” qurmağa icazə verilir. 6-cı dəfə və sonrakı follar zamanı isə 9 metrlik cərimə zərbəsi təyin olunur. Bu zaman həmin “divar”ın qurulmağına yol verilmir. Oyunda cərimə zərbəsi vurulan zaman rəqib topdan 4 metr uzaqlıqda dayanmalıdır.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir