
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağı olan "Qəbələ" 0:1 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:
"Oyun haqqında çox qısa deyə bilərəm ki, gərəksiz qol buraxdıq. Komanda əslində yaxşı oynayır, amma qol vəziyyətlərindən istifadə edə bilmirik. Klubda da hər kəs bilir ki, heyətin gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır".
- 4 tur çərçivəsində güclü komandalara qarşı oynadığınızı qeyd etmək olar?
- Təqvim haqda ilk 4 turun ağır olduğunu deyə bilərik. Amma hansı turda olmasından asılı olmayaraq, bu komandalarla oynamalı idik. Bu oyuna gəlsək, səmimi deyə bilərəm ki, rəqib bizi çox da üstələmədi. Ehtiyat oyunçularımız azdır.Komandada rəqabət olmalıdır. Biz ötən oyunlara baxsaq, yalnız "Araz-Naxçıvan" bizi qoldan sonra üstələdi.
- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?
- Hazırda millinin baş məşqçisi var axı, Ayxan Abbasov.(gülür). Subyektiv fikrimcə, milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar. Çünki, mən özüm də bir vaxtlar Gürcüstan millisində çalışmışam. Bu elə bir məsələdir ki, millidə baş məşqçinin oyunçularla çalışmağa çox da vaxtı olmur. Onları qısa müddətdə oyunlara hazırlamaq lazımdır. Psixoloji baxımından baş məşqçinin oyunçulara ötürmək istədiyi fikri yerli məşqçi daha yaxşı edə bilər. Birəbir ünsiyyət həmin anda daha effektiv olur. Ayxan Abbasovun 2 gün ərzində millidə olmağı komandada özünü büruzə verdi. Mən demirəm ki, Santuş zəif məşqçidir. Amma yenə bildirirəm ki, yerli məşqçi olsa daha uğurlu ola bilər.