Azərbaycanlı futbolçu Gürcüstan klubunda - 1000 dollar maaş alacaq

14 Fevral 2021 13:40 Bizimkilər 1 781
Azərbaycanlı futbolçu Gürcüstan klubunda - 1000 dollar maaş alacaq

Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, “Neftçi-2”nin üzvü İbrahim Qədirzadə Gürcüstan çempionatında çıxış edəcək.

Yarımmüdafiəçi elita təmsilçisi “Samtredia” ilə razılıq əldə edib. İbrahim yeni komandası ilə müqavilə bağlamaq üçün Gürcüstana yollanıb.

Koronavirus pandemiyası səbəbindən Azərbaycanın qonşu ölkə ilə sərhədləri bağlıdı. Məhz bu səbəbdən də Qədirzadə əvvəlcə Türkiyəyə yollanıb. Hazırda qardaş ölkədə olan 21 yaşlı futbolçu COVID-19 testindən keçib.

Onun analizinin nəticəsi bəlli olandan sonra Gürcüstana yollanaraq yeni klubu ilə birillik müqavilə bağlayacaq. Samtredia təmsilçisi futbolçuya aylıq 1000 dollar maaş ödəyəcək.

Məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün yarımmüdafiəçinin özü ilə əlaqə saxladıq (Futbol+). Qədirzadə “Samtredia” ilə razılıq əldə etdiyini təsdiqlədi:

“Neftçi”dən ayrılmışam, hazırda Türkiyədəyəm. “Samtredia” ilə müqavilə bağlamaq üçün Gürcüstana gedəcəm. Müqavilənin müddətinin nə qədər olacağını dəqiq bilmirəm.

O məsələlərə menecerim Vaqif Heydərli baxır. “Neftçi” ilə birillik müqaviləm var idi. Amma hazırda transfer vərəqim özümdədi. Menecerim bu məsələləri həll etdi. Klub da sağ olsun, problem yaratmadı.

Hazırda testin cavabını gözləyirəm. Koronavirus pandemiyasına görə yenidən testdən keçmişəm. Axşam cavab çıxacaq.

Bundan sonra Gürcüstana gedib, müqaviləyə imza atacam. Ümid edirəm ki, xeyirli olacaq. Özümü göstərməyə çalışıb, əsas heyətdə möhkəmlənmək istəyirəm”.

İbrahim Qədirzadə “Neftçi-2”dən öncə MOİK, “Qarabağ-2” və “Xəzər Lənkəran”ın heyətində çıxış edib. Yarımmüdafiəçi Ağdam təmsilçisinin U-19 komandası ilə UEFA Gənclər Liqasında 4 oyunda meydanda olub.

“Xəzər Lənkəran”ın yetirməsi olan futbolçu bu komanda ilə premyer-liqanın 2015/16 mövsümündə 17 matçda meydana çıxıb, 1 qol vurub.

Gənc futbolçu 2016-ci ildə U-17 və U-19 millilərinin heyətində ümumilikdə 7 qarşılaşmada iştirak edib. O, həmin oyunlarda bir dəfə fərqlənməyi də bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti