Tanınmışları İkinci Liqaya aparan səbəblər nədir? - AÇIQLAMA

20 Sentyabr 2023 23:40 Azərbaycan Futbolu 751
Tanınmışları İkinci Liqaya aparan səbəblər nədir? - AÇIQLAMA

Bu mövsüm yeni yaradılan ikinci liqada artıq 3 tur arxada qalıb.

14 komandanın ifasında bir-birindən maraqlı matçlara şahidlik edirik.

Kifayət qədər maraqlı keçən görüşlərdə diqqət çəkən məqamlardan biri də ikinci liqa olmasına baxmayaraq, komandaların heyətində çox sayda tanınmış simaların yer almasıdır.

Halbuki əvvəlki illərdə əksər futbolçular Premyer Liqada gücü qurtaranda futbolla uzqlaşırdı.

Lakin heç bir halda aşağı liqa klublarına üz tutmurdular.

İndi nəinki birinci liqa, hətta ikinci liqada məşhur adlar görə bilirik.

Maraqlıdır, indi nə dəyişdi ki, tendensiya da istiqamətin bu yönə aldı?

Suala cavab tapmaq üçün ikinci liqa təmsilçisi Qusar "Şahdağ"ında çıxış edən milli komandamızın sabiq üzvü, "Qarabağ" və "Xəzər Lənkəran" kimi klublardan parlaq karyera yaşamış Rahid Əmirquliyevlə danışdıq:

"Karyeramı bitirəndən sonra hardasa oynamağı düşünmürdüm. Sonradan məlum oldu ki, "Şahdağ" yenidən fəaliyyətə başlayır.

Bu komanda mənim ilk klubum olub. Baş məşqçi Bəhram Şahquliyev ilk məşqçim olub.

Bəhram müəllim özü məni komandaya dəvət etdi. Bildirdi ki, yeni kollektiv qururuq, məqsədimiz Qusara böyük futbolu qaytarmaqdır.

Hədəf yüksək liqaya kimi getməkdir. Qusarın yetirməsi kimi komandanın içində olmağım, dəstək göstərilməyim məsləhət olundu.

Bundan sonra qərar verdim ki, əlimdən gələn dəstəyi əsirgəməyim. Fikirləşdim ki, dəstək olmağım düzgün olar. Həm də karyeramı elə başladğım yerdə də bitirərəm.

DüzdüR, başqa adlı-sanlı yerli futbolçularımız da oxşar qərar veriblər. Bu, ondan xəbər verir ki, çempionatların səviyyəsi qalxıb.

Ciddiyət daha çox artıb. Hamının yaxşı hədəfləri var. Belə davam edəcəksə, bu Azərbaycan futbolunun inkişafına təkan olar.

Rayonlarımızda futbol olmalıdır. Komandaların sayı çox olmalıdır. Belədə milli komandalarımız, futbolumuz fayda görmüş olacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti