
Avropa Liqasının qrup mərhələsinddə mübarizəyə hazırlaşan “Qarabağ” cümə axşamı ilk matçına çıxacaq.
Təmsilçimizin ilk rəqibi ölkəsinin köklü klublarından olan “Molde”dir.
Sportinfo.az xəbər verir ki, Norveç təmsilçisi ölkəmizə oyundan iki gün əvvəl təşrif buyuracaq. “Ağ-göylər”i Bakıya gətirən çarter reysli təyyarə sentyabrın 19-u axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.
Bu isə o deməkdir ki, qonaqlar həmin gün Bakıda məşq etməyəcək. “Molde”nin paytaxtımızdakı hazırlığı oyundan bir gün əvvəlki məşqdən ibarət olacaq.
Skandinaviyalılar şəhərimizin dəbdəbəli otellərindən sayılan “Hyatt Regency”də məskunlaşacaq.
Oyunu Norveçdə işıqlandırmaq üçün sözügedən ölkədən üç jurnalist akkreditasiya qeydiyyatından keçib. Qonaq azarkeşlər üçün ayrılmış tribunada azarkeşlər də olacaq. Lakin hələ ki, sayları haqda dəqiq məlumat yoxdur.
Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ