Yayın ən çox danışılan transferi haqda - Bir də bu şansı olmaya bilər!

13 Sentyabr 2023 22:20 Azərbaycan Futbolu 1 253
Yayın ən çox danışılan transferi haqda - Bir də bu şansı olmaya bilər!

Yay fasiləsində baş tutan transferlər arasında bəlkə də hamımızı ən çox sevindirəni Budaq Nəsirovun yenidən böyük futbola qayıdışı oldu.

Yəqin ki, onunla bağlı sonuncu dəfə bundan çox sevindiyimiz 21 yaşında Portuqaliya nəhəngi "Sportinq"ə transfer olunanda olmuşdu.

Amma 5 illik müqavilə bağladığı məşhur klubda heç cür ümidlərimizi doğrulda bilmədi.

Və vətənə qayıdıb bir müddət "Zirə"də çıxış etdikdən sonra gözlənilmədən futbol səhnəsindən itdi.

Arxada qalan 4 ildə Budaqın parlamayan istedadına görə az üzülmədik.

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov 4 ildən sonra ona birbaşa əsas komandanın qapılarını açdı.

Ümid etməyə dəyərdi ki, nəhayət, gec də olsa Nəsirovun istedadını tam görə biləcəyik.

Hətta mövsümün əvvəli "Araz Naxçıvan"la yoxlama matçında meydanda olduğu qısa müddətdə bunun işartılarını verə bilmişdi.

Amma təəssüf ki, ondan sonrakı müddətdə 27 yaşlı yarımmüdafiəçidə gözlədiyimiz inkişafı görə bilmirik.

Premyer Liqanın arxada qalan 5 turunda 1 dəqiqə belə meydanda olmaması buna əsas verir.

O, bu müddətdə yalnız əvəzedici komandada rəsmi görüşlərə çıxıb. Heç burda da baş məşqçi Nizami Ocaqverdiyev ona tam güvənmir. Yalnız 1 görüşdə 90 dəqiqə meydanda olan Budaq digər 3 qarşılaşmada əvəzlənib. Sonuncu turda "Sabah-2" ilə matçda isə 25-ci dəqiqədə Nizami müəllim onu meydandan alıb.

Halbuki Budaq indi əvəzedici komandada adından söz etdirib, Ayxan Abbasova “Mən də varam” mesajını ünvanlamalı idi.

Təcrübəli mütəxəssis yetirməsinin ikinci komandadakı uğursuz oyunlarına rəğmən əsas komandada ona yenə şans tanıdı.

Belə ki, "Turan Tovuz"un "Sabah"la yoxlama görüşündə Budaqı yenidən meydanda gördük.

Amma meydanda olduğu müddətdə futbolçu əvəzedici komandanın belə niyə əsas heyəti üzvü ola bilməməsini əyani göstərmiş oldu.

Görünür, Budaq arxada qalan həftələri bada verib.

İki ay əvvəl "Araz"la oyundakı Budaq hara, indiki hara.

Gözləmək olardı ki, verilən dəyərli şansı fürsət bilib üzərində daha çox çalışacaq.

Qısa müddətdə özünü doğrulda biləcək. Hər keçən gün üstünə qoyacaq, ikinci baharını yaşayacaq.

Təəssüf ki, biz tam tərs Budaq gördük. Geriləmiş, yığdığı formadan da uzaq düşmüş halda.

Məncə, orta sahə oyunçusu oturub ciddi-ciddi düşünməli, götür qoy etməlidir.

Ki, ona verilən bu fürsət hər futbolçuya verilmir.

Artıq yaş 21 yox, 27-dir.

Səhvləri unutmaq, böyümək, toparlanmaq lazımdır.

Abbasov bir azərbaycanlı kimi sənə dəstək olmaq, yenidən meydanlara qaytarmaq, ən əsası cəmiyyətə qazandırmaq istəyir.

Çalış ki, bu şansı da əldən qaçırmayasan.

Bunun üçün özünə azacıq əziyyət verməyin, məşqlərdə daha çox çalışmağın, məsuliyyətli olmağın lazımdır.

Ki, Ayxan Abbasov başda olmaqla sənə inanan, güvənən insanların ümidlərini doğruldasan.

Ümid edirəm ki, növbəti yazımda Nəsirovun inkişafından, əla geridönüşündən yazacağıq.

Əks halda, sonra gec ola bilər.

Bəlkə də bu fürsət bir daha olmaya bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti