
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.
O, qurumun Berlində təşkil olunan Baş Assambleyası çərçivəsində keçirilən seçkidə klubların səs çoxluğunu qazanaraq, qarşıdakı 4 il müddətində bu qurumda təmsil olunmaq hüququ qazanıb.
Assambleyada qurumun Şura üzvlərinin sayı 24-dən 30-a qədər artırılıb.
Beləliklə, növbəti 4 il üçün ECA-da "Qarabağ" rəsmisi Asif Əsgərovla yanaşı PSJ, "Atletiko" Madrid, "Mançester Siti", "Bavariya", "Roma" kimi Avropanın nüfuzlu klublarının da rəhbər şəxsləri təmsil olunacaqlar:
Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Sumqayıt" təmsil olunur.
2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir.
Qitənin bütün TOP klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir.
Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur.
ECA-nın İcrayyə Komitəsi Polşanın paytaxtı Varşavada bir araya gəlib. Toplantıda iştirak edən Asif Əsgərov Sportinfo.az-a mühüm açıqlama verib:
«ECA Avropa klublarını təmsil edən yeganə tanınmış qurumdur. Varşavada UEFA və FİFA ilə bağlanmış müqavilələr müzakirə olundu.
Bu qurumun adını çəkdiyim hər iki təşkilatda öz təmsilçiləri var. Onlar ayrı-ayrı komitlərə üzvdürlər. İcraiyyə Komitəsinin iclasında bu məsələlərə baxıldı.
ECA-nın tərkibində də müxtəlif işçi qrupları fəaliyyət göstərir. Tezliklə onların sayı 8-ə çatacaq.
Bu dəfə həmin işçi qruplarının rəhbərlərini seçdik. O işçi qruplarında çalışmağa 400-ə yaxın namizəd var.
Bir ay ərzində bunun üzərində işləyəcəyik. Araşdıracağıq ki, namizədlər hansı klublardandır, indiyədək nə işlər görüblər, bura uyğundur, ya uyğun deyil.
ECA-nın rəhbəri PSJ-nin prezidenti Naser Əl-Xəlifidir və onun böyük istəyi var ki, işçi qruplarının hər biri qurumun işində aktiv iştirak etsinlər.
Avropa Klublar Birliyi əvvəl UEFA-nın bəzi komitələrində təmsil olunurdusa, yeni mövsümdən bütün komitələrdə öz nümayəndələri olacaq. Varşavda bu komitələrə seçiləcək şəxslərin məsələsinə də baxdıq».