“Qarabağ” - Bu da dərdə məlhəm olmadı: FOTOLAR

27 Sentyabr 2023 23:00 Qarabağ 1 509
“Qarabağ” - Bu da dərdə məlhəm olmadı: FOTOLAR

Premyer Liqanın 7-ci turu çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul etdi.

Düşünmək olardı ki, rəqib ölkənin ən ad-sanlı komandasıdır deyə, qəbələlilər stadionda boş yer qoymayacaq.

Hələ oyundan bir saat əvvəl arenanın yolunu tutanlara rast gələndə Elçin Məsiyevin start fiti ərəfəsində xoş mənzərəyə şahidlik edəcəyimizi təxmin etmişdik. Lakin olmadı.

Qəbələliləri tribunaları doldurmaq üçün “Qarabağ”ın adı da siqnal rolunu oynaya bilmədi. Bu bölgədə böyük futbolun geniş kütləyə lazım olmadığı artıq hər kəsə məlumdur.

Ürəyi futbolla döyünənlərin sayı ən yaxşı halda 150-200 nəfərdir. Qarda-boranda, yayın cirhacırında stadiondakı yerini tutan həmin o şəxslər.

Qonaqları dəstəkləmək üçün Qəbələyə gələn qonaq fanatların haqqı verilməlidir. “İmarət”lə “Qarabağ ordu”nun təxminən 150 üzvü Qəbələ şəhər stadionundakı yerini bərkidərək “köhlən atlar”a 90 dəqiqə dəstək verməklə yadda qaldı.

Tribunalardakı mənzərə ürəkaçan olmasa da, meydan sahibi klubun şəhidlərin ruhuna olan dərin ehtiramı sevindirici hal kimi yadda qaldı.

Stadionun məhəccərlərindən şəhidlərin ölməz xatirəsi naminə plakat asılmışdı:

“44 gün bəs etdi 30 il həsrətinə,

Qan tökdü, can verdi Qarabağın eşqinə”.

“Şəhidlərimiz ən ali qürur mənbəyimizdir”.

“Həyatını vətən uğrunda itirən ölməz”.

Parçaların üzərində yazılanların davamı matçın 44-cü dəqiqəsində gəldi. “Qarabağ” və “Qəbələ” azarkeşləri bir ağızdan “Şəhidlər ölməz, vətən bölünməz” qışqıranda.

Bu cür önəmli qarşılaşmada stadionun həmişəişlək tablosunun bu dəfə “canını tapşırmışdı”.

Elə buna görə də matçın oynanıldığı dəqiqəni bilmək üçün hər dəfə qolumuzdakı saata, ya da cibimizdəki telefona ehtiyac duyurduq. Ümid edək ki, problem müvəqqətidir və növbəti ev oyununa qədər həllini tapacaq.

Vurulan qollar, ilk hissədə yaşanan gərginlik, “Qarabağ”ın azlıqda qalması və bu cür digər hallar paytaxtdan və ətraf bölgələrdən Qəbələyə gələnləri peşman etmədi.

HƏBİB, Qəbələ

Digər Xəbərlər
Xəbər Lenti