“Qarabağ”ın prezidenti bu addımı ilə təəccübləndirdi və alqışlandı - FOTOLAR

27 May 2023 17:20 Qarabağ 542
“Qarabağ”ın prezidenti bu addımı ilə təəccübləndirdi və alqışlandı - FOTOLAR

“Qarabağ” 10-cu çempionluğunu təmtəraqlı şəkildə qeyd etdi.

Bu gün “Dreamland Golf Club”da təşkil olunan çempionluq tədbirinə çoxsaylı qonaqlar təşrif buyurmuşdu.

“Qarabağ” camiəsi öz yerində.

Yığıncağın canlı şahidi olmaq üçün Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbəri Fərid Qayıbov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev və çox sayda xüsusi qonaq dəvəti yerə salmamışdı.

Tədbiri giriş sözü ilə açan Tahir Gözəl hər kəsi təəccübləndirən addımı ilə yadda qaldı. Tahir bəy ürək sözlərini Azərbaycan dilində çatdırandan sonra poliqlotluq məharətini göstərib, əcnəbi qonaqlar üçün ingilis, fransız və rus dilində də danışdı.

Prezidentin dil biliyi alqışlara səbəb oldu.

Çıxışının sonunda Qarabağ döyüşlərində canını vətən üçün fəda etmiş şəhidlərin xatirəsinin uca tutulması üçün 1 dəqiqəlik sükut elan olunmasını xahiş etdi, bir müddət öncə dünyasını dəyişmiş “Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadənin yaxınlarına və futbol ictimaiyyətinə başsağlığı verdi.

İcra başçısı Əziz Əzizov da “Qarabağ” və ölkəmizdəki əmin-amanlıq barədə fikirlərini qonaqlara çatdırdı. Daha sonra Tahir Gözələ xüsusi təşəkkürnamə və üzərində klubun loqosu olan tort hədiyyə etdi.

Futbol aşiqi olan Fərid Qayıbov söz alan kimi “Qarabağ” sevgisindən danışıb, “köhlən atlar”ın avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasının sayını itirdiyini səmimi şəkildə etiraf etdi.

Tədbir Qurban Qurbanovsuz olmazdı. “Qarabağ”ın uğurlarının başlıca memarı az öncə zalda yerləşdirilmiş ekranda göstərilən videogörüntülərdən təsirləndiyini gizlətmədi.

Görüntülərdə ağdamlıların hazırkı futbolçuları yox, artıq başqa ölkələrdə top qovan İbrahima Vadji, Kadi Borges və Ovusu Kvabena kimi əcnəbilər də yer almışdı ki, klub rəsmiləri bu addımla keçmişə dəyər verdiklərini bir daha sübut etmiş oldu.

Rəsmi hissə başa çatandan sonra ziyafət ləziz təamlardan dadmaqla, səmimi söhbət və müsahibələrlə davam etdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!