Guya, hansı işimiz asan alınıb ki?!

29 Oktyabr 2022 11:20 Köşə 2 065
Guya, hansı işimiz asan alınıb ki?!

Zaur Xudiyev yazır...

Çətinliklə əldə olunan qələbələr, nəticələr, uğurlar sanki insana daha doğma, daha əziz gəlir. Yox, romantiklik etmək, sentimentallığa varmaq istəmirəm. Reallıq da bunu deyir.

Gecədən bəri fikrimdə ancaq bu cümlə var: Guya, hansı işimiz asan alınıb ki?!

Amma alına bilərdi. Avroliqada qrupdan çıxmaq, bunu bir tur əvvəldən təmin etmək heç bu qədər yaxın olmamışdı. Bizə cəmi bir xal lazım idi. Bircə xal...

Amma sən saydığını say, gör Şahruddin nə sayır.

Deyə bilərsiniz ki, “Qarabağ”ın qapıçısı səhv etsə də, dəfələrlə olub ki, komandanı real qol vəziyyətlərindən xilas edib. Elə “Nant”la ötən gecəki oyunda da bir neçə epizodda Məhəmmədəliyevin reaksiyaları dadımıza çatdı. Hesab daha da böyüyə bilərdi. Fəqət...

Mən də deyərəm ki, qapıçının səviyyəsi qaytardığı toplardan, komandasını xilas etdiyi epizodlardan yox, buraxdığı qollardan bəlli olur. Top çıxarmaq onun işidir, amma necə qol buraxması artıq “çərçivə qoruyucusu”nun səviyyəsindən xəbər verir. “Qarabağ”ın qapıçısının səviyyəsi isə hər birimizə məlumdur. Bu, nə ilk səhvidir, nə də, belə baxıram ki, sonuncu olacaq. Hər nə qədər Qurban Qurbanov oyun bitən kimi verdiyi açıqlamada bu xətanın sırf texniki olduğunu qeyd edib, necə deyərlər, bir valideyn instinkti ilə tələbəsini müdafiə etsə də, bu kimi xətaların periodik hal alması, belə demək mümkünsə, xroniki xəstəliyə çevrilməsi danılmaz faktdır. Həlledici məqamlarda, tale anında Şahruddin Məhəmmədəliyevin əsəbləri bu gərginliyə, təzyiqə dözmür. Deməli, qapıçının problemi texniki deyil, əksinə məhz psixolojidir.

Etiraz edə bilərsiniz ki, axı “Qarabağ” məhz bu xətalı qoldan sonra uduzmadı, ondan sonra hesab bərabərləşmiş, lazım olan nəticə əldə edilmişdi. Sadəcə bunu saxlamaq lazım idi. Son dəqiqədə buraxılan qolda isə qapıçının fərdi olaraq bir səhvi yox idi.

Mən də deyərəm ki, bu məğlubiyyətin ilk və bəlkə də yeganə səbəbkarı məhz Məhəmmədəliyevdir. Gəlin, başdan baxaq. Oyun qolsuz bərabərliklə davam etdiyi vaxtda meydanda üstün olan, “at oynadan”, rəqibi sağdan da, soldan da atəşə tutan “Qarabağ” idi. Belə məqamlarda topa daha çox sahib olan ağdamlılar fransızların üstlərinə gəlməsini, bununla da boş zonaların açılmasını gözləyirdilər. Bunu üçün isə Azərbaycan çempionu müasir futbolda ən çox işlənən taktikaya, arxadan oyun quraraq rəqibi pressinqə sövq etmək, bu minvalla yaranan boşluqlardan yararlanmaq yoluna üz tutmuşdu. Rəqibin topsuz qaldığı, belə demək mümkünsə boş-boş sağa-sola qaçdığı bir vaxtda ayağındakı topu ona hədiyyə etmək və “havadan” qol buraxmaq komandanın mübarizə əzmini qırdı.

Bu qol “Qarabağ”a təkcə psixoloji zərbə deyildi. Həm də artıq ona lazım olan qolu vurmuş “Nant”ın boş zonaları bağlamasına, beləliklə də Qurbanovun oyun planına birbaşa zərbə idi. İndi əks hücuma ümid bəsləmək olmayacaqdı. Rəqibin sıx müdafiəsini yarmaq üçün daha çox enerji, daha çox güc sərf etmək lazım oldu. Çətinliklə cavab qolu vurulsa da, sona qədər dayanmaq, bu hesabı qorumaq alınmadı.

Soruşa bilərsiniz ki, bəs indi nə olacaq?

Mən də deyərəm ki, hələ heç nə bitməyib. Başda da dediyim kimi, işimiz asan alınmasa da, hələ də yaxşı olacağına ümid var. İndi bizə qrup liderliyini təmin etmiş, heç bir xüsusi motivasiyası, hədəfi olmayan “Frayburq”a qarşı oyunda evdə, doğma meydanda qalib gəlmək lazımdı. Digər oyunun nəticəsindən asılı olmayaraq, qələbə bizi Avroliqada növbəti mərhələyə aparacaq.

Heç-heçə və məğlubiyyət ehtimallarında da qrupdan çıxmaq şansımız var. Amma o ehtimalları düşünmək istəmirik.

Yaxşı deyək, yaxşı olsun!

Xəbər Lenti