
“Sabah” gözlənilən qələbəni qazandı.
Hələ püşkdən dərhal sonra əksəriyyət rəqibin – Moldova “Petrokub”unun “Sabah”ın dişinə görə rəqib olduğunu bildirirdi.
Baxmayaraq ki, Nınçeşti təmsilçisi avrokuboklarda iştirak baxımından “Sabah”dan qat-qat təcrübəli idi.
Zarafat deyil, Moldova təmsilçisi ötən mövsümdə “Qarabağ” xaric digər klublarımızın uzun illərdi həsrətində olduğu avrokubokların əsas mərhələsində - Konfrans Liqasının liqa mərhələsində iştirak etmişdi.
Bundan əlavə, “Petrokub” cəmi 1 il öncə Moldovada “Şerif”in hegemonluğuna son qoyaraq, ölkə çempionluğunu da qazanmışdı. Hələ bu komandanın muzeyində 2 dənə Moldova kuboku da var.
Yəni rəqib “Çelye” qədər möhkəm olmasa da, sıradan, adi bir “kənd komandası” da deyildi. Hesaba baxmayaraq, ilk oyunun bəzi anlarında bunun yaşıl meydanda da şahidi olduq.
Matçın bəzi anlarında “Petrokub” “Sabah”ı sıxmağa nail oldu. Lakin bu, ancaq epizodik gərginliyin yaşanması ilə nəticələndi, bu hücumların məntiqi nəticəsini tabloda görmədik.
Oyunun nəticəsini isə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın rəqibi və oyunu düzgün oxuması və ən əsası, neçə gündür əksəriyyətinin dönə-dönə vurğuladığı fərq müəyyən etdi – ustalıq fərqi!
“Sabah”ın hər qolunda futbolçuların ustalıq səviyyəsi böyük rol oynadı.
İlk qolda Stas Pokatilovun qapıdan birbaşa assisti, Pavol Şafrankonun əsl hücumçuya xas keyfiyyətlə topu başı ilə müdafiəçinin üzərindən aşırması, növbəti addımda Noyerə bənzəmək istəyən rəqib qapıçını bir toxunuşla cəzalandırması elə-belə hadisə deyil, bu, komandaların üzvləri arasında ustalıq fərqinin yaşıl meydanda təzahürü idi.
İkinci qolda isə yerli futbolçumuz – Xəyal Əliyevin rolunu bəlkə də bir çoxu görmədi. Gənc futbolçumuz Pavol Şafrankonun ötürməsindən sonra sona kimi irəlilədi,
“Petrokub”un Noyeri”ni yenə irəli çıxmağa məcbur etdi, sonda isə qolkiperin növbəti səhvini sonradan meydana çıxmış Kahim Parris elə Şafrankonun bir neçə dəqiqə öncə etdiyi kimi ustalıqla qapıya göndərərək əfv etmədi.
Bayaq oyunun taleyini ustalıq səviyyəsi ilə yanaşı Dambrauskasın oyunu oxumasının də həll etdiyini bildirmişdim. Elə ikinci qolun vurlmasında iştirak edən 3 futbolçudan 2-nin sonradan – ikinci hissədə meydana daxil olması faktı buna sübutdur.
“Sabah”ın Kişinyovdakı zəfəri həm də Dambrauskasın Masazır təmsilçisinin sükanı arxasında ilk qələbəsi kimi tarixə düşdü. Bu, həmçinin uzun fasilədən sonra “Sabah”ın ilk “quru oyun”u idi. “Bayquşlar” nəhayət, arxa xətdə nələrisə müsbətə doğru dəyişə biliblər.
Lakin nə qədər şablon səslənsə də, hələ heç nə bitməyib. “Sabah” növbəti mərhələsinin qapısını böyük ölçüdə aralayıb.
Lakin cavab oyununda da meydanda maksimumu ortaya qoymaq, mərhələni təmin etməklə yanaşı, ölkəmizin UEFA əmsallarına növbəti töhfəni vermək lazımdır.
P.S. Təkcə “Sabah”ın yox, digər klublarımızın da oyununda bir amil diqqətimi çəkdi. Komandalarımız avrokubok oyununda əksəriyyəti legionerlərdən ibarət heyətə şans vermişdi.
Bunun da müsbət nəticəsini təkcə qazanılan nəticədə yox, həm də meydanda sərgilənən futbolda gördük.
Klublarımız bu günə kimi heç vaxt avrokubok həftəsini 3 qələbə, 1 heç-heçə ilə başa vurmamışdı. Bu da legioner limitinin ləğvinin klublarımıza verdiyi xeyrin ilk işartıları idi. Davamı gəlsin...
Xəlil Sadıq