
Azərbaycan Premyer Liqasında qış fasiləsidir.
Nə qədər ki, hamı “qış yuxusu”ndadır, biz də bəzi təhlillər aparaq.
Aparaq ki, sözün bütün mənalarında “yuxuda olanlar” bəlkə ayılandan sonra oxuyub nəticə çıxartsınlar. Bu yazıda futbolçuların aldığı vərəqələr barədə danışacağıq.
Özü də qırmızı. Çünki qırmızı vərəqə nizam-intizamın əsas göstəricisi sayılır. Elə futbolçular var ki, qırmızı vərəqəni qarşılarında o qədər görürlər ki, “qırmızı üzlü”yə dönürlər.
Vurğun Hüseynovu təqaüdə göndərmək lazımdır ki...
Nə isə... Qış fasiləsinə qədər futbolçulara 20 qırmızı vərəqə göstərilib. Amma bu “qırmızıları” 17 futbolçu alıb. 3 futbolçu iki dəfə “qırmızıya” düşüb.
Bunun üzərində xüsusi dayanacağıq. Ancaq hələlik, klublardakı göstəricilərə rəğmən, kimin şərə-şür, kimin sakit olduğunu müəyyənləşdirək.
Çempionatın ən intizamsız komandası “Sumqayıt”dı. Bu komandanın üzvləri 14 tur ərzində 5 dəfə meydandan qovulublar. Təbii ki, “Sumqayıt”da hakimlərin qəzəbinə tuş gələn bütün futbolçular yerlilərdir.
Digərləri ilə işimiz yox, amma təcrübəli Vurğun Hüseynovun iki dəfə qırmızı vərəqə alması, bir çox mətləblərdən xəbər verir.
Bu, onu göstərir ki, Vurğun Hüseynov yaşlı olduğu üçün rəqiblə mübarizədə çatdıra, müdafiədə etibarlılığı təmin edə bilmir. Ona görə də tez-tez qaydaları pozmaq məcburiyyətində qalır.
Vurğun Hüseynov kimi yaşlılardan bacarmadığı yükü götürməyi tələb etməyə dəyməz. Adamı vaxtında təqaüdə göndərmək lazımdır ki, “Sumqayıt”da nizam-intizam və deməli, həm də müdafiənin etibarlılığı təmin olunsun.
“Qəbələ”nin adını bədnam edənlər
“Sumayıt”dan sonra ən intizamsız komanda “Qəbələ”ni hesab etmək olar. Özü də “Qəbələ”nin də adını bədnam edən yerlilərdir.
Çempionatdakı yeganə əyalət komandası 14 tur ərzində 4 dəfə qırmızı vərəqə alıb. Bütün qırmızı vərəqləri isə iki yerli futbolçu Rauf Əliyevlə Təmkin Xəlilzadı “qazanıb”.
Belə yerdə sual yaranır: Bir futbolçu 14 tur ərzində iki dəfə meydandan qovulursa, o, komandasına hansı xeyri verə bilər? Bu sual ətrafında “Qəbələ” rəsmiləri də düşünsə, pis olmaz.
Deyəsən, “Neftçi”də əcnəbilərin nazı ilə çox oynayırlar
İntizamsız komandaların “liderlər qrupu”nda “Səbail” və “Neftçi” də var. Bu klubların hər birinin 3 futbolçusu hakimlərin qəzəbinə tuş gəlib.
“Səbail”in intizamsızlığını hardasa “dünənin uşağıdır” deyib başa düşmək olar. Çempionluq uğrunda mübarizə aparan “Neftçi”nin “qan-qan” deməsini hara yozaq?
İtalyan mütəxəssis, nizam-intizam, ciddilik, sərtlik... Hanı bunlar? “Neftçi” intizamsızlıqda Nuh əyyamındakı – Sadıq Sadıqovun dönəmindəki komandadan da geri qalmır axı.
Özü də “Neftçi”də 3 qırmızı vərəqədən 2-sini əcnəbilər alıb. Deyəsən, bu komandada əcnəbilərin nazı ilə çox oynayırlar. Həmişə olduğu kimi.
Örnək olanlar
Yerdə qalan komandaları da iki qrupa bölmək olar. Nizam-intizama nisbətən riayət edənlər və örnək olanlar.
Nizam-intizama nisbətən riayət edənlər “Keşlə” ilə “Sabah”dı. Bu komandaların hər birindən 2 futbolçu “radara” düşüb. Özü də hər iki komandada yerlilər və əcnəbilər hərəyə bir qırmızı vərəqə almaqla, “balansı” qoruyublar.
“Qarabağ”la “Zir”ə isə örnək komandalar sırasındadırlar. “Zirə”nin cəmisi bir futbolçusu qırmızı vərəqə alıbsa, “Qarabağ”da heç kim intizamsızlığa yol verməyib.
Maraqlıdı ki, “Qarabağ”ın futbolçuları sarı vərəqə almağa da meyilli deyillər. 14 turda cəmisi 22 “sarı”ya layiq görülüblər ki, bu da ən yaxşı göstəricidir.
Təbii, bu, Qurban Qurbanovun nizam-intizama necə önəm verməsinin göstəricisi sayılmalıdır. “Qarabağ”da intizamsızlığa görə kimsənin bağışlanmayacağı bəlli olduğundan, futbolçular da yersiz kobudluğa və qarşıdurmaya yol vermirlər.
Məsuliyyətsiz, intizamsız yerlilər
“Qırmız” məsələsində diqqəti çəkən bir məqam var. 20 qırmızı vərəqədən 13-nü yerlilər alıb. Bu, olduqca böyük göstəricidir.
Nəzərə alaq ki, əksər komandalarda start heyətində meydana 6 əcnəbi, 5 yerli futbolçu çıxır. Məntiqlə, əcnəbilər yerlilərə nisbətən daha çox qırmızı vərəqə almalıdırlar. Ancaq statistik göstərici tamamilə fərqlidir.
Bu da onu göstərir ki, yerlilər əcnəbilərə nisbətdə məsuliyyətsizdirlər. Çox təəssüf ki, məsuliyyətsizlik, intizamsızlıq azərbaycanlı futbolçuların şakərinə çevrilib.
Elə məhz bu amili nəzərə alaraq, legioner limitini ləğv etməyə ehtiyac yaranır. Siz, azərbaycanlı futbolçuları “ağıllandırmağın” başqa yolunu bilirsiniz?
SPORTİNFO.AZ