Sonuncu kim olacaq? - Üç namizəd

22 May 2023 02:40 Premyerliqa 1 092
Sonuncu kim olacaq? - Üç namizəd

Premyer Liqada 35-ci turun oyunları keçirilir.

Bu isə o deməkdir ki, Azərbaycan çempionatı finişə yaxınlaşır, mövsümün bağlanışına cəmi iki tur qalıb.

Ötən həftə "Səbail”i səfərdə məğlub edən "Qarabağ” çempion adını qazanıb. Eləcə də digər mükafatçıların adları məlumdur. Hazırda bizim çempionatda cavabını tapmayan bircə sual var: sonuncu pilləni kim tutacaq?

Bu sualın yeni mövsümdə aktuallaşması heç də səbəbsiz deyil. Mövsümün əvvəlində "Turan Tovuz”la "Kəpəz”i elitaya gətirən AFFA həm də ona qərar verib ki, turnir cədvəlinin sonuncusu Premyer Liqanı tərk edəcək. İllərdir ki, bizim çempionatda bu baxımdan heç bir həyəcan yaşanmırdı. Ona görə ki, çempionatı heç kim tərk etmirdi, AFFA güc-bəla ilə səkkiz komanda tapıb, günü yola verirdi. Nəhayət ki, bu ildən həmin o ənənə pozulub, AFFA-nın baş katibi Sərxan Hacıyev hər müsahibəsində qətiyyətlə sonuncu komandanın elitanı tərk edəcəyini deyir. Ümid edirik ki, Hacıyev sözünü geri götürməli olmayacaq.

Bəs həmin o "xoşbəxt” kim olacaq? Sona iki tur qalmış "Şamaxı” 24 xalla sonuncu pillədə yer alır. Bütünlüklə yerli futbolçulardan qurulmuş heyətlə mübarizə aparan əyalət təmsilçisi mövsümün əvvəlindən sonuncu olmamağa çalışır. Amma təhlükəli zonadan uzaqlaşmaq heç cür mümkün olmadı. Bu tur "Şamaxı” doğma meydanda "Qəbələ”ni qəbul edir. Sözsüs ki, "Qəbələ”nin ağlı-fikri daha çox ölkə kubokunun finalındadır. "Qırmızı-qaralar” həm zədədən qorunmağa çalışır, həm də izafi güc itirmək istəmir. "Şamaxı”nın əleyhinə olan yeganə məqam Elmar Baxşıyevin çalışdırdığı komandanın da "Zirə” ilə 4-cü yer uğrunda mübarizə aparmasıdır. "Qəbələ” mövsümü 4-cü pillədə başa vursa, ölkə kubokunun finalında "Neftçi”yə uduzsa belə Azərbaycanı UEFA Konfran Liqasında təmsil edəcək. Ona görə də "Qəbələ” Şamaxıda qələbə uğrunda sona qədər döyüşə bilər.
Ətraflı

"Şamaxı”nın sonuncu pilləni təhvil vermək istədiyi "Səbail” isə bu tur Tovuza qonaq gedir. "Dənizçilər” heç bir motivasiyası olmayan "Turan Tovuz”u məğlub edə bilər. Belədə "Səbail”lə "Şamaxı” arasındakı xal fərqi istənilən halda qapanmır. Əksinə, "Şamaxı” "Qəbələ” ilə oyunda büdrəsə, bu fərq daha da böyüyəcək. Hazırda "Səbail”in aktivində 25 xal var var, Bayıl komandası şamaxılıları cəmi bir xal qabaqlayır. Tərəflər sonuncu tura bu xal fərqi ilə girsələr, mübarizə daha da kəskinləşəcək. Maraqlısı odur ki, sonuncu turda bu iki komanda məhz bir-birinə rəqib olacaq, "Şamaxı” Bayıla qonaq gedəcək. Tərəflərin hər ikisinin bu tur qələbə qazanması, yaxud uduzması halında sonuncu turun oyununun əhəmiyyəti xeyli artacaq. Əksinə olsa, yəni "Səbail” xal fərqini artıra bilsə, onda "ASCO Arena”dakı duelin elə də böyük gərginliklə müşahidə olunmayacağı dəqiqdir.

Bir məsələ var ki, hazırda səkkizinci pilləni tutan "Sumqayıt” da təhlükəli zonada hesab olunur. "Gənclik şəhəri”nin təmsilçisi bu pilləni 28 xalla tutur ki, riyazi baxımdan "Səbail”in də, "Şamaxı”nın da "Sumqayıt”ı ötüb keçməsi mümkün görünür. Təsəvvür edək ki, "Sumqayıt” "Qarabağ”a da, "Zirə”yə də uduzur, əvəzində "Şamaxı”yla "Səbail” iki turdan 6 xal toplayır. Onda sonuncu pilləyə yuvarlanan məhz "Sumqayıt” olacaq. Əlbəttə, bu cür ssenarilər hamısı ehtimallardır və həyata keçməsi də mümkündür. İstənilən halda bizi son iki turda maraqlı mübarizə gözləyir. Ümid edək ki, mübarizə "təmiz” aparılacaq və qarşılaşmaların taleyi məhz yaşıl meydanlarda həll olunacaq. Belədə layiq olan elitada qalacaq, əlavə şübhələr də səslənməyəcək (qaynarinfo).

Amal Abuşov

Xəbər Lenti