“Səbail” Tovuzda qələbə qazanmamalıdır – Mayın 28-də “qırğın”a baxmaq istəyiriksə...

19 May 2023 16:40 Premyerliqa 749
“Səbail” Tovuzda qələbə qazanmamalıdır – Mayın 28-də “qırğın”a baxmaq istəyiriksə...

Növbəti mövsüm üçün elitadakı yerini qorumaq uğrunda əsas mübarizə “Səbail”lə “Şamaxı” arasında yaşanır.

Sonuncu pillədə yer alan bölgə təmsilçisi 24, ondan bir pillə irəlidə qərarlaşan “dənizçilər” 25 xala sahibdir.

İndi hər kəs ümidini mayın 28-nə dikib. Futbol ictimaiyyəti mövsümün ən prinsipial və gərgin qarşılaşmasını izləmək üçün məhz bu tarixi gözləməlidir.

Həmin gün bu iki komanda öz aralarında ölüm-qalım mübarizəsinə çıxacaq. Təbii ki, 35-ci turda qeydə alınacaq nəticələr buna imkan versə.

Deməli, məsələ nədir?

Sonuncu pillənin sahibinin müəyyənləşəcəyi oyunu izləmək istəyiriksə, mayın 22-də iki görüşün nəticəsinin biz istəyən kimi olması üçün dual etməliyik.

Gələn həftənin bazar ertəsi saat 16:30-da “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Həmin gün, həmin saatda “Səbail” Tovuzda yerli komandanın önünə çıxacaq.

Şamaxılıların cari mövsümdə 3 oyunun 2-də məğlub olub, 1-də bərabərə qaldığı qəbələliləri məğlub edəcəyi inandırıcı görünmür. “Şirlər” ən pis halda heç-heçəyə ümid etməlidir ki, sonuncu turun dadı-duzu qalsın.

Əslində, mayın 28-dəki qarşılaşna “Şamaxı”nın məğlubiyyəti fonunda da prinsipial alına bilər.

Bunun üçün “Səbail” Tovuzda qələbə qazanmamalıdır. Bayıl təmsilçisi qərb bölgəsində 3 xala sevinsə, məsələ böyük ölçüdə həllini tapacaq.

Yox, “Səbail” “Turan Tovuz”u udsa, “Şamaxı”da “Qəbələ” ilə bərabərə qalsa, arada 3 xallıq fərq yaranacaq ki, sonuncu turda şamaxılılar qalib gələcəyi halda xallar bərabərləşəcək.

Belədə, şəxsi görüşlərdəki üstünlük əsas götürüləcək ki, “Şamaxı” elitada qalmağı təmin edəcək.

Qısası, mayın 28-dəki mümkün intriqanın ölməməsi üçün “Səbail” Tovuzdan qələbə ilə qayıtmamalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti