“Musanın bombardir olmasını istəyirəm” – Azərbaycanlı məşhur hücumçu

18 May 2023 23:00 Premyerliqa 1 753
“Musanın bombardir olmasını istəyirəm” – Azərbaycanlı məşhur hücumçu

“Bu il bombardirlər yarışı həqiqətən çox maraqlı keçir. İllərdir bu cür mübarizə görmürdük”.

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev Sportinfo.az-a açıqlamasında Premyer Liqanın ən sərrast futbolçularının sıralamasındakı vəziyyəti şərh edib.

Vaxtilə “Qarabağ”, “Neftçi”, “Bakı”, “Şamaxı”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi komandaların şərəfini qoruyan, ölkənin aparıcı hücumçularından hesab olunan veteran futbolçu çempionatı həvəslə izlədiyi kimi, bombardirlər yarışına da xüsusi diqqət ayırır.

Musanın məhsuldarlığı Əliyevin ürəyincədir və ölkənin sayılıb-seçilən hücumçularından olacağına inanır. Ötənlərin məşhur “11 nömrə”si saytımıza açıqlamasında Premyer Liqanın ən məhsuldar futbolçusu ilə bağlı proqnozunu açıqlayıb:

“Siyahıda azərbaycanlı futbolçuların çoxluq təşkil etməsi adamın ürəyini açır. Musa Qurbanlı, Ramil Şeydayev və Emin Mahmudov ən yaxşılardandır.

Musanın bu yaşda məhsuldarlığı məni sevindirir. Bildiyimiz kimi, Ramildən fərqli olaraq, o, bütün qolları oyun epizodundan vurub.

Musada əsl hücumçuya xas keyfiyyətlərin 90 faizi var. Bu gedişlə, bu məhsuldarlıqla adını ölkə futbol tarixinin bombardirlər siyahısına yazdıracağına şübhə etmirəm.

Onda dediyim potensialı görürəm. Mövsümün yekununda bombarin kim olacağına gəlincə, düzdür,

Ramil bu ada daha yaxındır. Çünki, penaltilər ona həvalə olunur. Ancaq mən daha çox Musanın bombardir olmasını istəyirəm”.

Rauf Əliyev Azərbaycan çempionatları tarixində 300-dən çox oyunun iştirakçısı olmaqla 63 qola imzasını atıb. Azərbaycan yığmasının heyətində 45 matçda 7 top vurub.

O, 2016/17 mövsümündə “Keşlə”nin heyətində 26 oyunda vurduğu 11 qolla çempionatın ən məhsuldar futbolçusu adını qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti