Azərbaycan millisinin sabiq kapitanı Ruslan Abışov karyerasını başa vurduğunu açıqlayıb.
Sosial şəbəkələrdə azarkeşlər, futbol ictimaiyyətinin tanınmış simaları Ruslanın qərarı ilə bağlı paylaşımlar ediblər.
Sportinfo TV-nin eksperti, tanınmış jurnalist Elçin Cəfərov da Abışova uğurlar arzulayaraq, Sportinfo.az üçün bunları yazıb:
Əziz dostum. Sənin futbolla vidalaşmaq, oyunçu kimi peşəkar karyeranı bitirmək qərarın bir çoxları kimi mənim üçün də gözlənilməz oldu.
Heyfslənirəm ki, bundan sonra sənin ağıllı oyunun, yüksək səviyyəli filiqran texnikandan daha zövq ala bilməyəcəyik. Sən Azərbaycan futbolunda az-az simaların nail olduğu uğurları əldə etdin.
Dəfələrlə ölkə çempionu adını qazandın, kubok sahibi oldun. Azərbaycanın ən yaxşı müdafiəçisi və futbolçusu adına layiq görüldün. Milli komandamızın şərəfini kapitan
olaraq layiqincə qorudun. Hətta macal tapıb ölkəmizi legioner kimi xaricdə də layiqincə təmsil edə bildin.
Daim futbol azarkeşlərinin rəğbətini qazanıb, mütəxəssislərin diqqət mərkəzində olmusan. Yadıma düşür ki, hətta İngiltərə millisinin sabiq kapitanı Toni
Adams ilk dəfə sənin oyununu izləyəndə bildirmişdi ki, Ruslan Abışov Azərbaycanın ən yaxşı futbolçusudur və onun bütün hərəkətləri meydançada yüksək səviyyəli müdafiəçi olmasından xəbər verir.
Bundan sonra futbol sferasında seçəcəyin sahədə uğurlar diləyirəm. Arzu edirəm ki, futbolçu kimi nail olmaq istədiklərini funksioner və ya məşqçi kimi həyata keçirəsən.
O ki qaldı "Neftçi" formasında vida matçı keçirmək arzuna... Ruhdan düşmə, o da tezliklə gerçəkləşəcək".

