Bizdən AFFA-ya demək - Bu zat nə qədər ki kimisə döyməyib…

17 Oktyabr 2023 09:40 Hadisə 1 551
Bizdən AFFA-ya demək - Bu zat nə qədər ki kimisə döyməyib…

Canni De Byazi artıq buna şübhə etmir - dördüncü müddətə Azərbaycanda qalmayacaq, AFFA ona yeni müqavilə təklif etməyəcək.

Əsəbidir.

Hirsini məsul şəxslərdən çıxa bilmir, hələlik mehriban düşmən kimidirlər.

Üz-üzə gələndə bir-birlərinə gülümsünürlər deyə, «qırmızı xətt»i tapdalamağa ürək eləmir. O üzdən bütün hirsini media mənsublarına tökür.

Son vaxtlar keçirdiyi bütün mətbuat konfranslarına fikir verin, hamısında kiminləsə toqquşub. Gah suala lağ edib, gah jurnalistə.

Əvvəlki, mülayim və gülərüz De Byazidən əsər-əlamət qalmayıb. Hirsli başda ağıl olmaz, ayrılıq vədəsinin yaxınlaşdığını fikirləşincə, o, daha da hövüllənir, təbdən çıxır.

Görünür, qəbir evinə yan alana kimi Azərbaycanda qalacağını zənn edirmiş, planlarının yarımçıq qalmasını sinirə bilmir indi.

AVRO-2024-ün seçmə mərhələsinin qurtarmasına 2 oyun qalıb. AFFA İsveç və Belçika ilə qarşılaşmalardan sonra De Byaziyə «bye-bye» eləyəcək.

Açığı, mən italiyalı baş məşqçinin ona kimi bir hoqqa çıxaracağından narahatam. Nəsə içimdəki hiss mənə deyir ki, gözlə, hər şey ola bilər.

Hikkəlidir, gördük.

Tallində mətbuat konfransını yarımçıq tərk edən, Bakıda jurnalistlərlə dilləşən şəxsdən nə desən, gözləmək olar. Bir də eşidəcəyik ki, durdu ayağa, həmkarlarımızdan kiməsə əl qaldırdı.

AFFA-ya buradan xəbərdarlıq edirəm, ehtiyatlı olsunlar! De Byaziyə sərhəddini başa salsınlar.

Ya da ki, media AFFA-nı 11-12 il əvvələ - Berti Foqtsun dönəminə - aftafanın mətbuat konfransında ortaya gəldiyi günlərə qaytaracaq. Foqtsun yalanlarını dinlədik və doyduq.

Buna day hövsələmiz qalmayıb! De Byazi bütün çərçivələri aşır. «14 oyuna 7 qələbə qazanmışıq» deyə-deyə, hər dəfə bir minnət qoyur.

AFFA bu qocaya anlatmalıdır ki, bu ölkə, bu xalq Qarabağı erməni işğalından xilas edib, Xankəndiyə Azərbaycan bayrağını ucaldıb, əhəmiyyətsiz oyunlardakı qələbələri başımıza qaxma, seçmə mərhələdəki məğlubiyyətlərdən utan!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!