Azərbaycan yığması dünən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyanın qonağı oldu.
AFFA bu səfərdə komandanı tam heyətlə dəstəkləmədi.
Rövnəq Abdullayev Tallinə getməmsişdi. AFFA-nın baş katibi Sərxan Hacıyev onun Baltika sahillərinə yollanmamasını bu cür izah etdi:
“Rövnəq Abdullayev Estoniya ilə oyuna gəlməli idi. Əvvəlcədən də nəzərdə tutulmuşdu.
O, həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi.
Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”.
S.Hacıyev sırf RAbdullayevi qorumaq, dil-dişə düşməməsi üçün belə bir açıqlama verib. Əsl həqiqət başqadır.
Baş katib demək istəmədi ki, federasiya prezidenti olan şəxs 2018-ci ildən bu tərəfə millinin heç bir səfər oyununa getmir.
Niyə getmir? Bunun da səbəbləri müxtəlifdir. Ən başlıcası da Elxan Məmmədovla əlaqədardır.
Sonuncu baş katib və icraçı vitse-prezident olduğu 14 ilə yaxın müddət ərzində özünü daim AFFA-nın sahibi kimi aparıb. Getdiyi ölkələrdə onu federasiyanın gerçək prezidenti kimi tanıyıblar.
Budəfəki səfərə gəlincə, milli Tallində olduğu günlərdə Rövnəq Abdullayev Gəncəyə səfər edib. Düşünə bilərsiz ki, o, təmirə bağlanan Gəncə şəhər stadionunun son vəziyyəti ilə tanışlıq üçün qərb bölgəsinə üz tutub.
Bu da belə deyil. AFFA-nın hörmətli başçısı arenanın yaxınlığından keçib, amma orada ayaq saxlamayıb.
SPORTİNFO.AZ

