3 milyonluq hücumçu daha “Neftçi”yə lazım deyil? - SON DƏQİQƏ XƏBƏRİ

11 Oktyabr 2023 13:00 Neftçi 7 186
3 milyonluq hücumçu daha “Neftçi”yə lazım deyil? - SON  DƏQİQƏ XƏBƏRİ

“Neftçi” bu yay böyük ümidlərlə düşərgəsinə qatdığı Andre Şinyaşiki ilə yolları ayırmaq istəyindədir.

Baş məşqçi Adrian Mutu braziliyalı hücumçunun ümumi durumundan narazıdır.

Onun xroniki zədədən əziyyət çəkməsi rumıniyalı mütəxəssisi narahat edir. Tez-tez xəsarət alan və bu üzdən əsas heyətdə özünü göstərə bilməyən cənubi amerikalı artıq onun yeni illə bağlı planlarına daxil deyil.

Mutu 2 illik müqaviləyə imza atmış «sambaçı»nın qış fasiləsində düşərgəni tərk etməsinə tərəfdardır. Birdəfəlik və ya icarə əsasında – bu isə artıq təfərrüatdır.

Andre Şinyaşiki karyerası ərzində indiyə qədər yalnız ABŞ-da çıxış edib.

Həm mərkəz hücumçu, həm də hücumameyilli cinah yarımmüdafiəçisi mövqelərində oynayan 26 yaşlı legioner San-Pauluda doğulub.

18 yaşında Denver Universitetində təhsil almaq üçün San-Pauludan ABŞ-yə köçüb və orada universitetin futbol komandasında çıxış edib.

Kolleclərdəki 2017 və 2018-ci illərdəki mövsümlərarası yay aralığında “Kolorado Repidz U-23”nin formasını geyinib.

2019-cu ilin yanvarın 11-də MLS-in Superdraftında Şinyaşiki birinci raundda beş nömrə altında “Kolorado Repidz” klubu tərəfindən seçilib.

Şinyaşikinin peşəkar debütü martın 2-də “Portlend Timbers”ə qarşı mövsümün açılış matçında baş tutub və həmin matçda o, “Kolorado Repidz”i məğlubiyyətdən xilas edib – 3:3. Bu qol MLS-in ilk həftəsinin ən yaxşı qolu seçilib.

Sentyabrın 7-də “Sietl Saunders”ə qarşı oyunda Şinyaşiki dubla imza ataraq komandasına 2:0 hesablı qələbə bəxş edib ki, bu da ona həftənin oyunçusu seçilməsinə səbəb olub.

31 matçda yeddi qol vurduğu və üç məhsuldar ötürmə verdiyi 2019-cu il mövsümünün sonunda Şinyaşiki MLS-də ilin ən yaxşı debütantı seçilib.

2022-ci ilin mayın 3-də ildə braziliyalı “Şarlott”a satılıb. O, “Şarlott”da debütünü Devid Bekhemin “İnter Mayami”sinə vurduğu qolla edib.

"Ağ-qaralar"ın maraq dairəsinə düşməsi haqqında məlumat aldıqdan sonra MLS təmsilçisinə azad agent statusu almaq istəyini bildirib və buna nail olub.

Braziliyalı hücumçu "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilə çalışmağa böyük həvəs göstərib. Forvard bu səbəbdən hətta Türkiyə Super Liqasından gələn təklifdən də imtina edib.

Məşhur "Transfermarkt" saytı Şinyaşikinin transfer dəyərini üç milyon avro göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti