Azərbaycan futbolunda inqilabi layihə: 15 şəhər və rayon, 150 məktəb

3 Fevral 2020 16:09 Azərbaycan Futbolu 1 869
Azərbaycan futbolunda inqilabi layihə: 15 şəhər və rayon, 150 məktəb

Azərbaycan futbolunun əsas problemini hər kəs bilir, amma nədənsə həll etmək istəmirlər. Azərbaycanda futbolçunun və futbolun olmaması, uşaq futbolunda infrastrukturun yoxluğuna bağlıdır. Azərbaycanda uşaq futboluna sözün əsl mənasında barmaq arasından baxırlar. Elə ona görə də, yığma komandalara futbolçuları Türkiyə, Rusiya, Almaniyanın 4-5-ci divizionlarında axtarırlar. Uşaq futboluna yanaşma dəyişməyənə qədər bu proses davam edəcək. O da bəlli ki, indiki AFFA rəhbərliyi bu problemi həll etməkdə maraqlı deyil. Deməli, AFFA rəhbərliyi dəyişməli, yeni idarəçilərin işi isə sıfırdan – uşaq futbolundan başlamaq olmalıdır.

Başlanğıcda 15, amma...

Azərbaycanda uşaq futbolunu inkişaf etdirmək üçün sadə layihəyə ehtiyac var. Sportinfo.az saytı belə bir layihənin ilkin detallarını təqdim edir. Təbii ki, yeni AFFA rəhbərliyi olacaqsa, onları futbolun inkişafı düşündürəcəksə, bu layihəni daha da təkmilləşdirərək, ondan yaralana bilər. Uşaq futbolunun inkişafına nail olmaq üçün ölkənin bütün rayonlarında məktəblər açmağa ehtiyac yoxdur. Futbol məktəbləri ilkin olaraq futbol ənənələri olan şəhər və rayonlarda yaradılmalıdır. Bunun üçün biz 15 şəhər və rayon müəyyənləşdirmişik:

Bakı
Sumqayıt
Gəncə
Mingəçevir
Şirvan
Qazax
Tovuz
Zaqatala
Qax
Lənkəran
Masallı
Sabirabad
Salyan
Qusar
Quba

Təbii, gələcəkdə rayonların sayını artırmaq mümkündür. Amma bu siyahıda o rayonları nəzərə almışıq ki, orda futbol ənənələri olub, istedadlı oyunçular yetişib.

Proses necə olmalıdır?

Öncə rayonlardan başlayaq. SSRİ vaxtı “sovetlik” deyilən ərazi-inzibati vahidi vardı. “Sovetlik”də 6-7 kənd olurdu. Bir böyük kənd isə mərkəz hesab olunurdu. Mərkəz kənddə həm məktəb, həm də idman qurğuları olurdu. Mərkəz kənd həm əhali sayına görə böyük olurdu, həm də demək olar ki, digər kəndlərin mərkəzində yerləşirdi. Digər kəndlərdən mərkəz kəndə ən uzaq məsafə 5-6 km idi. Bax, “sovetlik” ərazi-inzibati vahidini uşaq futbolunun inkişafında tətbiq etmək olar.
Dediyim kimi, mərkəz kəndlərdə pis-yaxşı infrastruktur var. Məsələn, mənim doğulduğum Masallı rayonunun Həsənli kəndində həm orta məktəbin, həm də bələdiyyənin stadionu var. Üstəlik, orta məktəbin idman zalı da mövcuddur. Bu kəndin ətrafında isə təxminən 10-a yaxın kənd var. Düşünürəm ki, əhalinin sıx məskunlaşdığı bütün rayonlarda durum belədir. Hər rayonda 60-70 kənd olduğunu nəzərə alaq. Deməli, hər bir rayonda 10 futbol məktəbinə ehtiyac olacaq. Bu futbol məktəblərinin biri rayon mərkəzində, digərləri isə “sovetlik” mərkəzi sayılan kənddə tikilməlidir. Prosesə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi də qoşulmalıdır. Mərkəz kəndlərdə həm orta məktəblərin, həm də bələdiyyələrin nəzdində olan stadionlara əl gəzdirilməli, yardımçı binalar tikilməlidir. Bu kəndlərdə futbol məktəblərinin açılması böyük ajiotaj yaradacaq. Bu ajiotaj isə bölgələrdəki iş adamlarını, bələdiyyələri, yerli icra qurumlarını da hərəkətə gətirəcək. Onlar da məktəblərdən öz yardımlarını əsirgəməyəcəklər.

Gənclər və İdman Nazirliyi nazirlik olsa...

Valideynlərin uşaqlarını kütləvi surətdə bu məktəblərə gətirəcəyinə şübhə yoxdur. Çünki kənd və qəsəbələrimizdə idman infrastrukturunun olmadığı bəlli. Bölgələrdə uşaqların idmanla məşğul olması üçün heç bir şərait yoxdur. İdman qurğuları ancaq rayon mərkəzlərində var ki, kənd uşaqlarının da mərkəzə gedib-gəlməsi ciddi problemdir. Hətta Gənclər və İdman Nazirliyi nazirlik olsa, bu layihəni daha da böyüdərək, həmin məktəblərin nəzdində digər idman növləri ilə məşğul olmaq üçün də şərait yaradar. İnanın ki, belə olsa, bu məktəblərə minlərlə uşaq üz tutar. Vacib deyil ki, o uşaqların hamısı gələcəkdə peşəkar idmançı olacaq. Vacib odur ki, uşaqlar pis vərdişlərdən uzaq olacaq, sağlam gələcək böyüyəcək.
Şəhərlərin də hər birində yanaşma təxminən eyni olmalıdır. Məsələn, Bakıda Yeni Günəşli qəsəbəsi var. Əhalisi 50 min nəfərdən artıqdır. Amma bu boyda qəsəbədə bircə idman qurğusu da yoxdur. Eyni məktəblər Bakının qəsəbələrində - Yeni Günəşlidə, Qaraçuxurda, Əhmədlidə, Buzovnada, Maştağada, Mərdəkanda da olmalıdır.

Sumqayıt, Gəncə, Mingəçevir, Şirvanda da eyni ilə. Məhəllələr üzrə məktəblər salınmalı, bir məktəb də mərkəzdə olmalıdır. Bunlar da bir-biri ilə koordinasiyalı şəkildə işləməlidir. Kəndlərdə fərqlənən uşaqlar rayon mərkəzinə, orda seçilənlər isə Bakıya gətirilməli və gələcək inkişafları burda peşəkar tərzdə təmin olunmalıdır. Belə olacağı təqdirdə, hər şəhər və rayonun bütün yaş qrupları üzrə yığma komandaları formalaşacaq. Deməli, bütün istedadlı uşaqlar tam nəzarət altında olacaq. Beləcə, ilkin olaraq 15 şəhər və rayonda 150 futbol məktəbi yaratmaqla, Azərbaycan futbolunun gələcək inkişafını təmin etmək olar.

Kadr problemi necə həll olunacaq?

Bu məsələnin həllində də çətinlik olmamalıdır. Təqdim etdiyimiz rayonlar futbol ənənəsi olanlardır. Bu rayon və şəhərlərin komandaları hələ SSRİ vaxt Azərbaycan çempionatında, SSRİ-nin aşağı divizionlarında çıxış ediblər. Sabiq futbolçular indi rayonlarda papağı günə verirlər. Onların təcrübəsindən yararlanmaqla kadr məsələsini həll etmək olduqca asandır. Təbii, həmin mütəxəssislərə təlimlər keçilməli, onlara uşaq futbolundakı müasir tələbələr başa salınmalıdır. Və bir də özlərini dolandıra biləcək, valideynlərə möhtac olmayacaq qədər məvacib almalıdırlar ki, işə fokslana bilsinlər. Hazırda AFFA-da “yuyulan” pulu nəzərə alsaq, bunun üçün kifayət qədər vəsait var. Bu layihəni genişləndirib Dövlət Proqramı halına salmaqla, ilkin infrastrukturun yaradılması üçün dövlətdən də yardım almaq olar. Amma əmin olmaq lazımdır ki, iş, işi bilənlərə tapşırılacaq, un da çörəkçiyə veriləcək ki, çörək bişirsin...

P.S. AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov deyir ki, ölkədə U-23 yığması yaradılmalıdır. Pul “yumağa” hesablanmış addımdır. Vaqif Sadıqov iddia edir ki, yığma piramidanın üst zirvəsidir. Bu zirvəyə qədər yığmalar arasında əlaqələr olmalıdır. Elədir, Vaqif müəllim. Amma piramidanın qurulması üçün əvvəlcə bünövrə olmalıdır. Bünövrə isə uşaq futboludur. Azərbaycanda uşaq futbolu yoxdur. Bünövrə olmasa, piramidanın da zirvəsi olmaz, Vaqif müəllim. Bu, aksiomdur, Vaqif müəllim, bunu bilmək üçün mütəxəssis olmağa da ehtiyac yox.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti