
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki torpaqlardan istifadə məsələsi getdikcə cəmiyyətdə daha çox müzakirələrə səbəb olub.
Ölkə rəhbərliyi ilk başdan birmənalı şəkildə azad olunmuş ərazilərdə torpaq islahatının aparılacağını bəyan edib.
Bunu Prezident İlham Əliyev yanvarda 2020-ci ilin sosial-iqtisadi yekunlarına dair hökumət müşavirəsində də bəyan edib: “Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılmışdır və ondan sonra bəzi problemlər üzə çıxmışdır. Torpaq sahələri düzgün qeydiyyata alınmamışdır. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək”.
Daha sonra baş nazir Əli Əsədov Prezidentin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərdə torpaq islahatı üçün yeni meyar və mexanizmlərin işlənməli olduğunu bildirib. Aprelin 27-də isə Prezident işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi; icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi; həmçinin torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Onu da qeyd edək ki, hələ keçən ilin dekabrından azad olunmuş ərazilərdə əkin-səpin işlərinə başlanıb, bəzi məlumatlara görə, 25 min hektara yaxın əraziyə taxıl səpilib. İndi isə KTN-ə torpaqları icarəyə vermək səlahiyyəti həvalə olunub.
İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatı necə aparılmalıdır ki, Prezidentin qeyd etdiyi problemlərdən yayınmaq mümkün olsun? Digər ərazilərdə həyata keçirilən torpaq islahatından hansı dərsləri çıxarmaq mümkündür?
İqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 700 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu bildirilir: “Bunun da haradasa 70 faizi örüş-biçənək sahələri, 30 faizi isə əkinəyararlı torpaqlardır. Bu rəqəmlər ola bilsin fərqli olsun, amma məndə olan məlumat budur. Biz bu torpaqlarda islahat aparmaq üçün digər ərazilərdə aparılan islahata baxmalı, ondan dərs çıxarmalıyıq. 1995-96-cı illərdə torpaq islahatı və sovxoz-kolxoz islahatı haqqında olmaqla iki qanun qəbul edilib, islahatlar da onlar əsasında həyata keçirilib. Həmin qanunlara əsasən 1996-cı il yanvarın 1-dək anadan olmuş hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazidə torpaq payı almalıdır. Oz zaman dövlət belə bir formul müəyyənləşdi ki, torpaqların üçdə biri dövlət, üçdə biri bələdiyyə mülkiyyətinə verilir, üçdə biri isə vətəndaşlara paylanır. Lakin islahatların yekununda əhaliyə torpaqların cəmi 28-29 faizi paylandı. O vaxt kosmik çəkilişlər aparmaq imkanları olmadığına görə torpaqları tam şəkildə uçota almaq, ölçüləri dəqiq müəyyənləşdirmək çox çətin idi. Amma indi bu baxımdan dövlətin əlində geniş imkanlar var. Əvvəlki dövrdəki islahatda hansı səhvlər olub ki, indi biz onlardan dərs çıxarmalıyıq? Düşünürəm ki, biz iki fundamental dərs çıxara bilərik. Birincisi budur ki, birinci islahat zamanı torpaqlar çox kiçik ölçülərə bölündü - bəzən 4-5 nəfərlik ailənin bir hektar belə sahəsi olmadı. Bu isə istehsalda səmərəliliyi azaldır, əkin planlaşmasını çətinləşdirir. Buna görə də hökumətin atacağı ilk addım işğaldan azad olunmuş ərazilərdə torpaqların çox kiçik hissələrə bölünməsinin qarşısını almaq üçün yollar tapmaq olmalıdır. Bunu mütəxəssislər, alimlər və ictimaiyyət arasında açıq müzakirələr yolu ilə müəyyənləşdirmək lazımdır ki, narazılıq olmasın. Burada bir məsələni nəzərə almaq lazımdır: birinci islahatda kənddə yaşayan hər kəsə torpaq verildi: həkimə də, müəllimə də, dövlət qulluqçusuna da. Biz indi bir suala cavab tapmalıyıq ki, torpağı hər kəsəmi verək, yoxsa özünü ona bağlayıb, fəaliyyətini torpaqla quran, onu əkib-becərəcək şəxslərəmi? Bu suala cavab taparkən müxtəlif variantlar mümkündür. Ola bilər ki, yuxarı qeyd etdiyim təbəqələrə torpaq deyil, kompensasiya ödənilər, torpaq sırf fermer təsərrüfatı yaradacaq adamlara verilər. Yaxud digər mexanizm yaradılar ki, torpaqlar, tutalım, 1-1,5 hektardan kiçik sahələrə bölünməsin. Buna nail olmaq üçün daha bir yol dövlət və bələdiyyə üçün az torpaq sahəsinin saxlanması, tutalım, 80 faiz torpaqların əhaliyə paylanması. Daha çox ərazinin paylanması da torpaqların kiçik hissələrə bölünməsinin qarşısını almaq üçün mümkün variantlarından biridir. Ümumiyyətlə, islahatların alternativlərinin hazırlanması üçün tədqiqatçılara, tədqiqat institutlarına sifarişlər verilməlidir. Bu tədqiqatlar yolu ilə cəmiyyətin hansı variantdan daha çox razı qalacağını müəyyənləşdirmək mümkün olar. Çünki torpaq islahatı cəmiyyətin böyük əksəriyyətinin dəstəyini qazanmalı olan tədbirdir. Buna isə geniş müzakirə və tədqiqatlar yolu ilə mühüm çoxluğu razı salan variant tapmaqla nail olmaq mümkündür”.
Ekspert bildirir ki, ikinci vacib məsələ yaş müddəti ilə bağlıdır: “Birinci islahatda 1996-cı ilədək doğulanlara torpaq verildi. İndi bu, necə olacaq? Üçüncü məsələ torpaq bölgüsü zaman özəl sektorun payı çox az oldu. Bu gün kənd təsərrüfatı istehsalının 95 faizdən yuxarısı özəl sektorda, amma torpaq da daxil olmaqla, istehsal vasitələrinin 60-70 faizi dövlətin (o cümlədən bələdiyyənin) əlindədir. Buna görə də düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdə torpaqların daha çox hissəsi özəl əllərə verilməlidir. Bu zaman dövlət kooperativlərin yaranmasını stimullaşdırır: tutalım, qayda qoyur ki, torpaqlar 10 hektardan aşağı hissələrə bölünməyəcək. İnsanlara təklif edilir ki, 8-10 ailə bir kooperativdə birləşərək 10-15 hektarlıq torpaq əldə etsin. Bu zaman insanlar özlərinə yaxın olan, birgə işləyə biləcəkləri kəndliləri-qohumları ilə bir kooperativdə birləşərək torpaq sahibi olurlar”.
Ekspertin sözlərinə görə, Azərbaycanda torpaqların icarəyə verilməsi sahəsində qeyri-şəffaflıq var: “Bu sahədə indiyə qədər tamamilə qeyri-şəffaf münasibətlər sistemi mövcud olub. Ölkənin rayonları üzrə icarəyə verilən kənd təsrrüfatı torpaqlarının ümumi sahəsi, keyfiyyətə görə bölgüsü, icarəyə götürən subyeklərin adları, ödənilən icarə haqlarının həcmi, müqavilə müddətinə görə müqavilələrin sayı tam qapalı saxlanıb. Bu gün bu məlumatları əldə edəcək heç bir açıq mənbə yoxdur. Halbuki hər bir rayon icra hakimiyyətinin saytında şəffaf siyahılarla bütün bu parametrlər üzrə hər il hesabatlar açıqlamaq olardı - amma kimsə buna ehtuyac dumayıb. Qeyri-şəffaflıq və hesabatsızlıq bununla bitmir. Torpaqlar açıq hərrac və müsabiqlər vasitəsilə icarəyə verilməli olduğu halda, icarədarların rəqabət şərtləri əsasında torpaq üzərində icarə hüquqları qazanmasına dair faktlar yoxdur ortada. Buna görə də 100 minlərlə hektar dövlət torpaqları icarədədir, amma hər il büdcə bu mənbədən cəmi 3-5 milyon manat gəlir əldə edir. Bu baxımdan, indi işğaldan azad edilmiş ərazilərdə də bu təcrübə davam etdiriləcək, yoxsa proses tam qanunauyğun aparılacaq, şəffaflıq təmin olunacaq? Yəqin ki, biz tezliklə bu suallara cavab tapacağıq. Düşünürəm ki, proses tam şəffaf aparılmalı, hamıyə bərabər şərait yaradılmalıdır ki, narazılıq yaranmasın. Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə torpaqlar uzun müddətə deyil, qısamüddətli dövr üçün icarəyə verilməlidir. Elə müddət müəyyən olunmalıdır ki, əhali yurduna qayıdandan sonra torpaq islahatı keçirilərkən icarəyə verilən torpaqlar da islahata daxil edilə bilsin. Elə olmasın ki, islahat zamanı kimlərsə çıxıb böyük torpaq sahələrinin onların icarəsində olduğunu deməsin. Torpaqlar hansısa oliqarx məmurların əlində cəmləşməsin. Belə olarsa, əhali arasında böyük narazılıqların yaranması qaçılmaz olacaq”.
Bugünlərdə Prezident İ.Əliyev azad olunmuş ərazilərdə aqroparkların yaradılacağını bildirib. R.Ağayev ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə dövlətin aqroparkların yaradılmasını stimullaşdırmasını normal hesab edir: “Amma aqroparklar yaradılarkən kiçik və orta fermerlər diqqətdən kənarda qalmamalıdır. Aqroparklara torpaq müsabiqənkənar ayrılır, onların su, elektrik enerjisi ilə təchizatı üçün dövlət hesabına böyük işlər görülür. Hesablama Palatasının araşdırmaları bu istiqamətə külli miqdarda dövlət vəsaitinin yönəldildiyini göstərir. Aqroparklarda iri şirkətlər bu imtiyazlardan yararlanırlar, amma kiçik və orta fermerlərə belə imtiyaz yoxdur. Yəni hamıya bərabər şərtlər yaradılmır. Bu baxımdan, bütün ölkə boyu aqroparkların yaradılması zamanı bərabər şərtlərin təmin olunması, sağlam rəqabət mühitinin formalaşdırılması mütləq nəzərə alınmalıdır”.