“Qarabağ”ın təklif etdiyi maaşı heç bir Belarus klubu futbolçuya verə bilməz”

29 Noyabr 2020 13:40 Qarabağ 1 081
“Qarabağ”ın təklif etdiyi maaşı heç bir Belarus klubu futbolçuya verə bilməz”

Sportinfo.az xəbər verir ki, təxminən ayyarımdan sonra qış “transfer pəncərəsi” açılacaq.

Dövrələrarası fasilədə baş tutacaq alış-verişə hələ xeyli vaxt qalsa da, agentlər artıq indidən bazarın nəbzini tutmaq, müştərisi olan futbolçulara yeni, sərfəli müqavilə təklif edən klublar tapmaq üçün qollarını çırmalayablar.

Ölkə futbolunda tanınıb-seçilən menecerlərdən olan Erkin İbrahimov bugünlərdə Belarusdan qayıdıb. Minsk səfərinin detallarını öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün onunla danışmağı lazım bildik.

“Belarus klubları strategiyanı dəyişməyi düşünür”
- Öncə Belarusa səfəriniz barədə məlumat verməyinizi istərdik.
- Belarusda çempionat başa çatmaq üzrədi. Klublar artıq indidən yeni mövsümün planlarını cızırlar. Orda dost-tanış çoxdu. Fürsətdən istifadə edib həm yerli çempionatın bir neçə matçını izlədim, həm də bəzi klub rəsmiləri ilə görüşdüm. Açığı, indi Belarusda vəziyyət qeyri-müəyyəndi. Ölkədəki mövcud duruma görə ictimaiyyət həyəcan içindədi. Hətta bu dəfə məni sərhəddə həmişəkindən daha çox saxladılar. Üstümdə olan pulları bir-bir saydılar, çantamı diqqətlə yoxladılar, dostlar üçün burdan apardığım hədiyyələri nəzərdən keçirdilər. Onları kimə və hansı məqsədlə apardığımla maraqlandılar. Ölkədəki gərgin vəziyyət futbolda da əksini tapır. Bizdə olduğu kimi, Belarusda da klubların böyük əksəriyyəti dolayısıyla da olsa, dövlət büdcəsindən maliyyələşir. İndiki durumda klubların yeni mövsümdə büdcələrinin necə olacağı bilinmir. Hamı gözləmə mövqeyindədi. Buna baxmayaraq, bəzi klubların funksionerləri ilə görüşdüm, azərbaycanlı gənc futbolçular haqda məlumat verdim. Ancaq yenə deyirəm, hazırda Belarus futbolunda qeyri-müəyyənlikdi, bəzi klublar bilmirlər ki, növbəti mövsümdə çempionatda iştirak edəcəklər, ya yox. Sözün düzü, Belarusa avqustda getməliydim. Ancaq son proseslərlə bağlı özüm səfəri bir qədər yubatdım ki, vəziyyət düzəlsin. Lakin görəndə ki, heç nə dəyişmir, getməyə qərar verdim. Orda olduğum bir həftədə lazımi adamlarla görüşdüm. İndi bir qədər gözləmək lazımdı.

- Pandemiya maliyyə yönündən Belarus futboluna da təsir göstərib?
- Orda pandemiyanın ən gərgin vaxtlarında – mart, aprel aylarında belə çempionat davam edib. Açığı, bu gün Belarus futboluna COVID-19-dan çox ölkədəki siyasi durum təsir göstərir. Dövlət büdcəsindən maliyyələşən klubların sabahkı aqibəti qaranlıqdı. Xüsusilə bölgə təmsilçilərinin vəziyyəti ürəkaçan deyil. Çünki onların əksəriyyətinin sponsoru dövlət balansında olan hansısa zavod və fabrikdi ki, onlarda da durum yaxşı deyil. İnsanlar indiki iqtidarın hakimiyyətdə qalmasını istəmir və bu üzdən kütləvi şəkildə işdən çıxırlar. Hətta dövlət telekanalının əməkdaşlarının 25-30 faizi etiraz əlaməti olaraq, istefa ərizələrini rəhbərliyə təqdim ediblər. Bütün bu problemlərin fonunda klubların yeni mövsüm üçün büdcələrinin necə olacağı bilinmir. Ancaq bir məqam dəqiqdi ki, bu illə müqayisədə yeni “futbol ili”ndə əksər klublarda maliyyə aşağı düşəcək. Əslində heç bizdə də pandemiya klublara ciddi təsir göstərmədi. Ötən il 5 manat alan futbolçu yenə həmin məvacibə top qovur. Ümumiyyətlə, mən elə hiss etdim ki, yeni mövsümdən əksər Belarus klubları strategiyanı dəyişməyi düşünür. Daha çox gənc oyunçulara üstünlük verməyi planlaşdırırlar. Bizdə də U-21, U-19 yığmalarında çıxış edən bir neçə futbolçu var ki, karyerasını orda davam etdirə bilər. Müzakirələrimiz də əsasən bu yöndə oldu.

“Qarabağ”ın istənilən oyunçusunu təklif etsən, alarlar”
- Sizcə, U-21-in, U-19-un şərəfini qoruyan azərbaycanlı futbolçu Belarus klublarında qəpik-quruşa legioner həyatı yaşamaqda maraqlı olar?
- Əlbəttə, burda söhbət limitə düşən “Qarabağ” və ya “Neftçi”nin oyunçularında getmir. U-21-in şərəfini qoruyan elə futbolçular var ki, çıxış etdikləri klublarda cüzi maaş alırlar. Təbii ki, heç kim Ömər Buludovu və ya Elvin Cəfərquliyevi buraxmayacaq. Ancaq bəzi gənclərimiz var ki, klublarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Xaricə yollanacaqları halda isə “artıra” bilərlər. Bu həm onlar, həm də Belarus klubları üçün münasib variantdı. Bizimkilər böyük maaş istəməyəcəklər. Harda ki, klub dövlət büdcəsindən maliyyələşir, orda işlər düz qurulmayıb. Baxırsan komanda turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb, ancaq heyətində Rusiyadan, Serbiyadan yaşlı legionerlər yer alır və heç də az pul almırlar. Bundan sonra onlar da daha çox perspektivə işləyəcəklər. Konkret 2-3 klubla bu yöndə danışığımız olub. Əsas yığma səviyyəsində oyunçular olsa, Minsk “Dinamo”suna, BATE-yə də təklif etmək olar. Ancaq mən daha çox gənc futbolçularla işləməyə üstünlük verirəm. Onu da unutmayaq ki, Belarus Avropaya çox yaxındı və bu ölkənin çempionatını skautlar daha çox diqqət mərkəzində saxlayırlar. Ordan daha yüksək səviyyəli çempionatlara yollanmaq daha asandı, nəinki burdan. Pandemiyanı da yaddan çıxarmaq olmaz. COVID-19 səbəbindən bütün dünyada durum dəyişib.

- Belarusda hansısa azərbaycanlı futbolçunu tanıyırlar? Məsələn, istər BATE, istərsə də Minsk “Dinamo”sunun rəsmiləri ilə görüşdə sizə dedilər ki, filan azərbaycanlı oyunçunu komandamızda görmək istəyirik?
- Açığı, milli səviyyəsində heç kimi tanımırlar. Səhv etmirəmsə, yığmalarımız rəsmi görüşlərdə heç vaxt üzə-üzə gəlməyib. Adətən, futbolçunu yığma səviyyəsində qarşılaşanda görüb-tanıyırlar. Ancaq “Qarabağ” barədə çox məlumatlıdılar ki, bu da başadüşüləndi. Son illərdə Ağdam təmsilçisi Azərbaycan futbolunun vizit vərəqidi. Onu da qeyd edim ki, son vaxtlar Qurban Qurbanovun komandası ilə BATE-nin yolu iki dəfə kəsişib. Orda olduğum müddətdə hamı “Qarabağ”la maraqlanırdı. Hamıya təəccüblüdü ki, bir postsovet məkanı klubu ardıcıl 7 il avrokubokların qrup mərhələsində necə çıxış edir? Hələ bir dəfə də Çempionlar Liqasının qrupuna yüksəlir. “Qarabağ”ın istənilən oyunçusunu təklif etsən, alarlar. Ancaq Ağdam təmsilçisinin təklif etdiyi maaşı heç bir Belarus klubu futbolçuya verə bilməz. Ümumilikdə istər yığmalarımız, istərsə də klublarımız eyni səviyyədədilər. Hansısa klubda yaşlı məşqçi və ya funksioner varsa, “Neftçi”ni xatırlayır. Məsələn, “Minsk”in idman direktoru ilə söhbət zamanı “Neftçi” ilə maraqlandı. Niyə? Ona görə ki, ötən əsrin 80-ci illərində bir mövsüm “ağ-qaralar”ın şərəfini qoruyub. İsgəndər Cavadovu, Asim Xudiyevi, Əsgər Abdullayevi soruşdu, komandanın indiki vəziyyəti ilə maraqlandı. Açığı, bu gün bizim oyunçuların heç birini Belarusda tanımırlar. Yəni bizdə müstəqillik illərində Qleb səviyyəsində futbolçu yetişməyib ki, onu hər yerdə tanısınlar.

“Füzuli Məmmədovun “Neftçi”ni çalışdırması taleyin acı ironiyasıdı”
- Yığmalardan söz düşmüşkən, millinin Millətlər Liqasında çıxışına münasibət bildirmənizi istərdik.
- İndiki dövrdə futboldan danışmaq, nəticələri təhlil etmək çox çətindi. İstəsək də, istəməsək də, pandemiyanın ilə damğasını vurduğunu qeyd etməliyik. Bundan başqa, müharibəni də nəzərə almaq lazımdı. Həm yığma, həm də “Qarabağ” beynəlxalq oyunlarını neytral meydanda keçirməyə məcbur oldu. Çoxları təhlil edəndə bu məqamı yaddan çıxarır. Azarkeşsiz olsa belə, “doğma divarlar” arasında oynamaq müəyyən üstünlük verir. Bu logistika baxımından da əlverişlidi. Hər dəfə yola çıxmırsan, böyük məsafə qət etmirsən, iqlim dəyişmirsən, saat fərqinə uyğunlaşmaq məcburiyyətində qalmırsan. “Qarabağ” düşdüyü qrupda xal yığmasa belə, bunu faciə kimi dəyərləndirmək düz olmaz. Bəzi ölkələrdən fərqli Azərbaycanda ötən mövsüm yarımçıq dayandırıldı. Bu da futbolçular üçün “futbol ili”nin boşa verilməsi anlamına gəlməlidi. Fikrimcə, bütün bunları nəzərə alıb, 2020-ci ilə qiymət vermək düzgün olmaz. Millətlər Liqasında A və B liqasını çıxsaq, yığma digər liqalarda çıxış etdiyi halda qrup birincisi olmaq üçün mübarizə aparmalıdı. Ən pis halda ikinci olmalıyıq. O ölkələrdə ki, çempionat dayanmadı, həmin ölkələrin yığmalarının, avrokuboklarda çıxış edən klublarının uğur qazanmaq şansı daha çox idi. Bizim yığma elədi ki, hər zaman futbolçuların hansı formada olmasından çox şey asılı olur. Çox vaxt deyirik ki, Prosineçkinin dönəmində milli daha yaxşı çıxış edirdi. Unutmayaq ki, məhz həmin vaxt “Qarabağ”ın yüksəlişdə olduğu zaman idi, komanda Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı. Xorvat məşqçi də bundan maksimum yararlandı. Son Millətlər Liqasında hücum xətti çox zəif təsir bağışladı. Ona görə ki, irəlidə yer alan Ramil Şeydayevlə Mahir Emreli optimal formalarından uzaq idilər. Şeydayevin belə bərbad mövsüm keçirdiyi olmamışdı. Deyirik ki, hücum bərbad olsa da, müdafiədə etibarlı çıxış edirik. Ancaq onu da nəzərə alın ki, Şahruddin hazırda yüksək performans nümayiş etdirir. Məhz onun sayəsində qapımızda az qol gördük. Bu fakt bir daha göstərir ki, yığmanın ümumi gösətriciləri futbolçunun hansı formada olmasından asılıdı. Ağasəlim Mircavadov müsahibəsində bildirib ki, klublarda hücumameyilli mövqelərdə legionerlər oynadığından, yığmada bu mövqe də axsama var. Bu fikirlə qəti razı deyiləm. Hər şey baş məşqçidən asılıdı. Məsələn, Tellur klubunda müdafiəyəmeyilli oynadığı halda, yığmada daha çox hücuma dəstək verir. Hər yeni məşqçi özü üçün nəsə yenilik edir. Nikola Yurçeviç Şəhriyar Rəhimovu az qala sol cinah hücumçusu kimi sınayırdı. Halbuki Şəhriyar klubunda öz mövqeyində az qala üzərinə düşən işi yerinə yetirə bilmir. Hər məşqçinin futbola öz baxışı var. Kimdəsə bu alınır, kimdəsə yox. Mircavadov Mahirin çıxışını xüsusi vurğulayıb. Ancaq premyer-liqanın son turunda gördük ki, “Zirə”yə qələbəni Ağabala Ramazanov gətirdi. Bu gün ən yaxşı formada olanlardan biri də Namiq Ələsgərovdu. Ancaq De Byazinin baxışı fərqlidi. Fasilədə Rəhim Sadıxovu əvəzləyib yerinə dayaq yarımmüdafiəçisi buraxan məşqçidən söhbət gedir. İtalyanın müdafiəmeyilli futbol oynatması heç də xoş deyil. İngiltərə, Fransa kimi nəhənglərə qarşı bu sistem keçərli ola bilər, ancaq Monteneqro, Lüksemburq kimi yığmalara qarşı bu qədər qapalı oyun sərgiləmək, fikrimcə, yanlışdı. Başa çatan tskildə yeganə müsbət cəhət italyan mütəxəssisin yerli oyunçulara yığmada oynamaq şansı yaratması oldu.

- “Neftçi”də baş məşqçi dəyişikliyi reallaşdı. Füzuli Məmmədovu əvəzləyən Samir Abasovun ölkənin ən köklü klubunda uğur qazanmaq perspektivi var?
- Klub düzgün idarə olunmalıdı ki, məşqçinin işi də komandaya xeyir versin. Füzuli Məmmədovun premyer-liqa klubunu, xüsusilə də “Neftçi”ni çalışdırması, deyərdim ki, taleyin acı ironiyasıdı. Heç bir ölkədə bu cür CV-yə malik birini ölkənin ən köklü klubuna baş məşqçi təyin etməzdilər. Sadəcə, Ceyhun Sultanovun qohumu olduğu üçün bu xoşbəxliyə sahib oldu. Sultanov klubu ailə podratı kimi idarə etdiyindən Məmmədov orda peyda oldu. Bu baxımdan fikimcə, Samir Abasov “Neftçi”də daha uğurlu olacaq. Maraqlı məqam kimi onu da vurğulayım ki, Kamran Quliyev klub prezidenti olaraq Abasovu istəmirdi. Fikir verdizsə, klubun rəsmi saytında onların yan-yana şəkli belə qoyulmadı. Pandemiya olduğundan deyək ki, əl-ələ görüşmək olmaz. Heç olmasa, yumruq-yumruğa tutub şəkil çəkdirərdilər. Quliyev Samiri baş məşqçi kimi görmək istəsəydi, Tərlan Əhmədovdan sonra Məmmədovu yox, məhz onu posta dəvət edərdi. Yeni baş məşqçi yuxarıların istəyi ilə komandaya dəvət olundu. Bu da istər-istəməz nəticələrə müəyyən təsir göstərəcək. Qərarlara baxanda qəbuletmə alqoritminin düz olmadığını görmək olar. Abasov nə qədər pis olsa da, Məmmədovdan qat-qat yaxşı olacaq. Ancaq onun da müəyyən çatışmazlıqları var. Samir savadlı, bacarıqlı məşqçidi, amma şəxsi eqosu bəzən işinə mane olur. O bəzən futbolçularla dil tapmaqda çətinlik çəkir. “Sumqayıt”ı çalışdırarkən “legionerlər olsa, daha yaxşı nəticə qazana bilərəm” deyirdi. “Zirə”də ona bu fürsət yaradıldı. Ancaq istədiyi nəticəni qazana bilmədi ki, bunun da kökündə baş məşqçinin ünsiyyət qurmaqda çətinlik çəkməsinin rolu oldu. Seleksiya zamanı özü bəyənib komandaya götürdüyü oyunçularla belə yol getmədi. Onlardan biri də mənim müştərim olan futbolçu idi. Bu gün PRO kateqoriyasında belə baş məşqçidən texniki-taktiki bilikdən çox ünsiyyət qurmaq tələb olunur. Müasir futbolun başlıca tələblərindən biri budu. Abasov özünü dəyişə, eqosunu kənara qoyub komanda üzvləri ilə işləyə bilsə, nəyəsə ümid edə bilər. Əks halda “Neftçi”dəki işi də uğurlu alınmayacaq (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"