"Qarabağ" qaynayır - Kadi və Veşoviçinin "saqqızını kim oğurlayıb"?

26 Dekabr 2022 10:40 Qarabağ 1 581
"Qarabağ" qaynayır - Kadi və Veşoviçinin "saqqızını kim oğurlayıb"?

Premyer Liqada qış çempionu olan "Qarabağ" Konfrans Liqasına ciddi itkilərlə hazırlaşa bilər.

Ağdam təmsilçisinin ən üzdəki ismi - Kadi Borges Azərbaycanı tərk etmək üzrədir.

Braziliyalı legioner bir neçə xarici klubla danışıqlar aparır. Rusiya mediasının yaydığı yeni xəbərə görə, onlardan biri "Krasnodar"dır.

Qeyd olunub ki, "Krasnodar" ilə "Qarabağ" yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəlməyə yaxındır.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qol.az-a açıqlamasında hazırda bəzi əcnəbi klubların Kadi Borges və Marko Veçoviçlə danışıqlar aparmasını təsdiqləyib:

“Düzdür, Veşoviçin müqaviləsi mayda başa çatır. Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubun tərk edə biləcəyinə dair maddə də var.

Kadi ilə çox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər əsasən doğrudur.

Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər”.

Kadinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt" oyunçunun transferini 1,2 milyon avro qiymətləndirir. Lakin bu, reallığı əks etdirmir.

"Qarabağ" yayda cənubi amerikalı ilə bağladığı yeni müqaviləyə 5 milyon avroluq bənd əlavə edib. Kontrakta əsasən, bu məbləği ödəyən klub vingeri istədiyi vaxt transfer etmək hüququna yiyələnəcək.

Braziliya doğumlu olsa da, Kadinin bir babası polyakdır. Bu üzdən Polşa Futbol Federasiyası (PFF) onu milliyə cəlb etmək fikrindədir.

Aylardır tərəflər arasında danışıqlar gedir, müəyyən irəliləyiş əldə olunub. PFF cinah oyunçusunu ölkənin yığmasında forma geyinməsi üçün artıq FİFA-ya müraciət də ünvanlayıb.

Məqsəd onun martda start götürəcək AVRO-2024-ün seçmə mərhələ oyunlarında iştirakına razılıq almaqdır.

Tarixi vətənindən olan futbol rəsmiləri Kadini inandırıb ki, o, böyük gələcək vəd edir və Azərbaycandan səviyyəcə üstün bir çempionatda oynasa, potensialını daha tez aça bilər. Bir sözlə, «saqqızını oğurlayıblar».

Marko Veşoviçə gəlincə, Monteneqro yığmasının müdafiəəçisinə Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan və daha bir neçə ölkədən təklif gəlib.

Düzdür, "Qarabağ" hələ balkanlı müdafiəçi ilə müqavilə müddətini 2 illik uzatması xəbərini hələ açıqlamayıb, ancaq bilirik ki, bu məsələ həldir.

Ölkəmizə Polşadan - «Legiya»dan gəlmiş Markonun qazancı kifayət qədər artırılıb. "Qarabağ" onunla vidalaşsa belə, pul qazanacaq. Müştəri bütün hallarda təzminat ödəməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti