Qəm eləmə, Azər Bağırov, bu da keçər!

9 Aprel 13:40 Premyerliqa 567
Qəm eləmə, Azər Bağırov, bu da keçər!

«Araz» Naxçıvanın baş məşqçisi istefa verdi, əslində istefaya göndərildi desək daha doğru olar.

Bu adam «Araz»ın yüksək liqaya lisenziya alması xəbərini eşidəndə çempionatın başlamasına heç bir ay da qalmamışdı.

Çox qısa bir müddətdə komandanı toparlaya bildi, yarada bildi.

Nəhayət, uzun illərdən sonra Naxçıvanın da, Naxçıvanın yox ey, Naxçıvan Muxtar Respublikasının, 500 minə yaxın əhalisi olan Naxçıvan Muxtar Respublikasının bir komandası yüksək liqada təmsil olundu.

Və bir ildir öz stadionu olmadığından bütün oyunlarını Bakının müxtəlif meydançalarında keçirir, həmişə qonaqdır. Və necə ola bilər ki, bu bir ildə Naxçıvan şəhər stadionu yenidən qurulmasın?!

Bir dəfə yazmışam və yenə yazıram. Möhtərəm Prezident iki ay müddətində Xankəndidəki stadionu yüksək səviyyədə bərpa elətdirdi və orada kubok oyunu keçirildi. Özü də Möhtərəm Prezidentin iştirakı ilə. Topa da ilk zərbəni Möhtərəm Prezident özü vurdu.

İndi Naxçıvan boyda bir respublikanın stadionunudamı Möhtərəm Prezident bərpa etdirməlidir? Bəs, onda Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi nə işlə məşğuldur? İndi hamının üzünə durduğu Vasif Talıbov olsaydı o stadionu ən azı 4 aya bərpa edərdi. Nə isə…

Bir də bir şeyi başa düşmürəm, «Araz» Naxçıvana bu düşmənçilik nədən doğur? «Araz»ın bütün oyunlarını izləmişəm. Bu oyunların ən azı 50-60 faizində məğlub olma səbəbi hakimlərin günahından olub. Bu barədə yazmışam, nə oxucuları, nə də özümü yorub yenidən yazmaq istəyirəm. Bundan əvvəlki turda «Sumqayıt»la oyunda da haqsız olaraq «Araz»ın qapısına penalti verildi. Və VAR hakimləri də susdu. Yenə nə isə…

Gələk Azər Bağırovun istefa məsələsinə. İlk dəfə yüksək liqaya çıxan komandanın ümdə vəzifəsi yerini liqada qorumaqdır. Onun qarşısına heç kim vəzifə qoya bilməz ki, çempion olsun, ya da Avropa çempionatına vəsiqə qazansın.

Azər Bağırov da bu vəzifənin öhdəsindən gəlib. Elə isə niyə çempionatın axırına 7-8 tur qalmış baş məşqçi istefaya göndərilir. Və inanmıram ki, onun yerinə kimi gətirəcəksinizsə 7-8 tur qalmış çempionatın sonuna «Araz»ı Avroliqaya daşıya bilsin. Bunu heç nə Qvardiola, nə də Qurban Qurbanov bacarar.

«Araz»ın rəhbərliyi çox böyük səhv etdi. Bu səhvi də düzəltmək mümkün deyil.

Amma mən inanıram ki, AFFA-nın yeni prezidenti Azər Bağırov kimi bir məşqçini işsiz qoymayacaq.

Azər Bağırovu nə tanıyıram, nə də qohumluğum var. Sadəcə olaraq, bircə dəfə telefonla danışmışam.

Qəm eləmə, Azər Bağırov, bu da keçər.

Aqil Abbas

Xəbər Lenti