Ramin Musayev: "Bu telefonu çıxaranın Allah evini yıxsın!"

21 Mart 2021 22:40 Müsahibə 1 303
Ramin Musayev: "Bu telefonu çıxaranın Allah evini yıxsın!"

Sportinfo.az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Novruz bayramı əhval-ruhiyyəli müsahibəsini təqdim edir:

- Bayramı hansı əhval-ruhiyyədə keçirirsiniz?
- Açığı, əvvəlki kimi keçirmirik. Əvvəllər tamam başqa əhval-ruhiyyə olurdu. Mənim uşaqlığım kənddə keçib. İl ərzində harada köhnə təkər, böyük ağac tapırdıqsa, bir yerə yığırdıq ki, Novruz bayramında tonqal qalayaq. Məhlə uşaqlarının özünəməxsus prinsipi olardı. Qaladığımız tonqal o birilərindən hündür olmalı idi. Belə həvəs, yarış var idi, papaq atardıq. İndi hərənin evində bir damafon var. Papaq atmaq da olmur. Yaxınlaşan kimi, qapını açıb deyirlər ki, nə istəyirsən? (gülür). Yəqin ki, bölgələrdə bu adət-ənənələr 50-60 faiz qalmış olar. Amma Bakıda bu hiss olunmur.

- Novruz bayramı sizin üçün nə məna kəsb edir, həyatınızda hansı yeri tutur?
- Novruz bayramı fəsilin dəyişməsi, torpağın oyanması deməkdir. Oxucular məni başqa cür başa düşməsinlər, əsl yeni ildir. Mən belə qəbul edirəm. İnsanlar sanki bununla çətinlikdən çıxırlar. Çünki qışda elə çox qazanc olmur, dolanışıq yüksək səviyyədə keçmir. Qışdan yaza keçid edirsən, qan oynayır, əhval-ruhiyyə yüksəlir, torpaq canlanır. Bir sözlə hər şey ləzzət edir.

- Novruz adət-ənənələri ilə aranız necədir?
- Adət-ənənələrə həmişə müsbət yanaşmışam. Bu bayram insanları barışığa çağırır. Bu, ən əsası İslamın sülhə bağlılığını göstərir. Düşmənliyə son qoyulmalıdır. Boş yerə demirlər ki, Novruz bayramında küsülülər barışmalıdır. Kimin alacağı varsa, onun da borcu qaytarılmalıdır (gülür).

- Uşaq vaxtı yəqin ki, çox papaq atmısız, ocaqdan tullanmısız, yumurta döyüşdürmüsüz...
- O qədər... Evə gələndən sonra hisin iyi üstümüzdən iki gün getmirdi. Heyf o günlərdən.

- Yəqin ki, sizin tərəflərdə bayram çalğısız keçmədi. Siz özünüz ocaq başında hansısa musiqi alətində ifa etmisiniz?
- Mən yaxşı saz ifa edirəm. Dörd sazım var. Ocaq başında o qədər saz ifa etmişəm ki...

- Ən çox nədən ötrü darıxırsız?
- Keçmişi xatırlayanda, valideynlərin sağ olduğunu göz önünə gətirirsən. Hər bir insanın incə nöqtəsi olur. Mənim bu həyatda iki incə nöqtəm var: ana və dost. Ona görə də, keçmişlə bağlı gözəl xatirələrim çoxdur.

- Uşaqlara qoşulub qohum, tanış evinə papaq atmaq istəyinə düşmürsüz?
- Uşaqlar balaca olanda belə hallar olurdu. İndi, maşallah, hamısı ailəlidir, övladları var. Amma onlar körpə olanda, 90-cı ilin əvvəlləri adət-ənənə şəhər yerində qalmışdı. Qonşularla normal salam-kəlamımız var idi. İndi bina evində yaşayırıq. İnanın ki, üst qonşumuzun, üzbəüz qonşumuzun kim olduğunu bilmirik.

- Onda sizə papaq atan da olmur?
- Vallah, yox. Bir qonşum var, sən demə əsgər yoldaşımdır. 12 ildir qonşuyuq, bu yaxınlarda deyir ki, əsgər yoldaşı olmuşuq. Üzünə baxıb dedim ki, çox sağ ol, vaxtında xəbər elədin (gülür).

- Novruzda bir çox azuqə bişirilir. Siz ən çox hansını xoşlayırsız?
- Ən çox şəkərburanı xoşlayıram. Moskvada hərbi xidmətdə olmuşam, əsgər yoldaşlarım təsdiq edə bilərlər. Deyərdim ki, ilin 9 ayında stolumun üstündə şəkərbura olur. Şəkərburanı o qədər xoşlayıram. Bir də gürcüstanlılarda bir bişinti var, onu xoşlayıram. Bakıda ondan az görürəm. Amma körpəlikdən qoğaldan xoşum gəlmir. Paxlava da yaxşıdır.

- Bayramı heç ölkə xaricində keçirdiyiniz vaxt olub?
- Bir dəfə olub, 2000-ci ildə. Həmin vaxt bayramı Özbəkistanın paytaxtı Daşkənddə keçirmişəm.

- İldən-ilə əvvəlki bayram adət-ənənələri unudulur. Bunu görəndə təəssüflənmirsiz?
- Çox təəssüflənirəm. Bunları görəndə elə təsəvvür edirəm ki, sanki həyat sönüb. İnanın ki, təkcə uşaqlar yox, böyüklər də telefondan əl çəkmirlər. Evə gedirsən, arvadın da, oğlun da, qızın da, gəlinin də əlində telefon... Bu telefonu çıxaranın Allah evini yıxsın. Smartfon telefonlar, vayfay olmasaydı, insanlar arasında mehribanlıq olardı. Ancaq indi mehribanlıq qalmayıb. Hamı gününü-güzaranını telefonla keçirir. Birinə zəng vurursan, telefona cavab vermir. Amma baxırsan ki, onlayndır. Başı o qədər qarışıb ki, zəngi açmır. Daha fikirləşmir ki, qarşısındakı bunun onlayn olduğunu görür. Telefonu çıxarmaqla dünyanı yıxdılar, həyatın marağı, dadı qalmayıb. Bütün problemlər də telefonlardan, sosial şəbəkələrdən qaynaqlanır. İndi də koronavirus dünyanı cənginə alıb. Təzəlikcə oxuyuram ki, Çində bunun başqa bir növünü tapıblar. Biz yenə az-çox həyat görmüşük. Körpələrə baxanda ürəyim ağrıyır. Onlar qocalanda nəvələrinə nə danışacaqlar? Mən indi ocaq qalamaq, tonqal yandırmaqdan danışıram, xatirələrimi bölüşə bilirəm. Novruz bayramında gecə meşəyə getmək xoşumuza gəlirdi. Parçaları möhkəm sıxır, məftillə bağlayırdıq, bir ay əvvəldən onu neft qabının içinə qoyurduq ki, canına çəksin. Bayram vaxtı da yandırırdıq, fənərə ehtiyac qalmırdı. İki gün yanırdı, götürüb meşəyə qalxırdıq. Yadda qalan şeylər çoxdur. Bəs indiki uşaqlar nədən danışacaqlar? Ata-ana internetdə filan şeylər tapdı, yutub belə getdi...

- Yeri gəlmişkən Novruz bayramı ilə bağlı maraqlı xatirələrinizdən bizimlə bölüşə bilərsiz?
- Bayaq dediyim kimi, işlənmiş köhnə təkərləri yığar, bayramda yandırardıq. Novruz bayramı ərəfəsində kəndə kino gətirmişdilər. O da lentlə olurdu. Kinonu gətirən adam erməni idi, lentləri qonşu kəndə apardı. Dedim ki, birinci bizim kənddən başla, razılaşmadı ki, yuxarı kənddən başlayacağam. Dedim ki, yaxşı. Tonqalda yanan təkərin içində məftil də olurdu. Məftili kəndin çıxışındakı qəbiristanlıq tərəfdə yola bağladım, əmioğlu Zakirə də tapşırdım ki, burada dayan, o gələndə xəbər ver. O keçən anda məftili qaldırdım, az qala maşın aşırdı. Bununla ondan heyfimi çıxdım. Bilmişdi ki, mən eləmişəm. Amma boynuma qoya bilməzdi. Düzdür, ciddi xəsarət alan olmadı, avtomobili zədələndi. Ondan sonra özünü yığışdırdı, başa düşdü ki, bizimlə zarafat eləmək olmaz (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı