
“Nyukasl”ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasının ilk turunda bu gün “Barselona” ilə keçiriləcək oyuna dair fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı bunun tarixi oyun olacağını deyib:
“Bu, tarixi oyun olacaq. Püşkü gördüyümüz anda sehrli bir hiss keçirdim.
Taktikaya fokuslandıq – qarşıdakı matç əla olacaq və mən çox ruhlanmışam. Çempionlar Liqasındakı hər oyun adi matçlardan fərqlənir.
Əvvəlki təcrübə bizə kömək edə bilər. Komandamız son iki ildə dəyişib və daha güclü olub. Komandama inanıram”.
Baş məşqçi həmçinin, Lamin Yamalın qasıq nahiyəsindəki zədəsi səbəbindən oyunu buraxacağına münasibət bildirib:
“Onun oynamayacaq olması üzücüdür. Belə bir oyunçunu görməmək pisdir. Amma “Barselona”da cinahlarda başqa istedadlı oyunçular da var”.
Hou əlavə edib ki, “Barselona”nın Çempionlar Liqasındakı məqsədləri barədə çox düşünmür:
“Çox düşünmürəm, hər komanda qalib gəlmək istəyir. Hər oyuna tam gücümüzlə çıxmalıyıq – bunu ötən mövsümdə gördük”.
“Nyukasl” – “Barselona” matçı bu gün saat 23:00-da start götürəcək.