
«Qəbələ»nin Premyer Liqanın ilk dörd həftəsində qələbə qazanmaması klub rəhbərliyində hiddət yaradıb.
Prezident Fariz Nəcəfov gedişatdan narazılığını gizlətməyib.
O, komandadan gözləntilərinin bu olmadığını Kaxaber Sxadadzenin diqqətinə çatdırıb. Nəcəfov baş məşqçiyə elan edib ki, son 3 turda sıralanan məğlubiyyətlər onun səbr kasasını daşırır.
Başqan gürcü çalışdırıcıdan vəziyyəti dəyişməsini istəyib.
Əks halda, islahat düyməsi basılacaq və böyük ehtimalla, Sxadadzenin özü yola salınacaq. Tək yox, köməkçiləri ilə bərabər.
Bir illik aradan sonra elitaya dönmüş «qırmızı-qaralar» 4 tur ərzində cəmi 1 xal toplayıb. Əyalət təmsilçisi ilk turda «Karvan»la 1:1 oynayıb, ardınca «Zirə» və «Araz-Naxçıvan»a 1:2, «Turan Tovuz»a isə 0:1 hesabıyla uduzub.
«Qəbələ» hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Kollektiv gələn tur «Kəpəz»lə üz-üzə gələcək və «qələbə orucu» pozulmasa, Sxadadzenin buradakı perspektivi böyük sual altına düşəcək.
Gürcünün özü də rəhbərliyin ona dəstəyindən məmnun deyil. O, mətbuat konfranslarında tez-tez heyət azlığından şikayətlənir, təcrübəsiz gənclərin ümidinə qaldıqlarını deyir.
Sözünün canı budur ki, yönətim transfer məsələlərində səmərəli çalışmayıb, prosesi yola verib, istədiyi oyunçuları almayıb.
Bu da idarəçilərlə çalışdırıcı arasında gərginliyin təzahürüdür. Kaxa sezonun əvvəlində belə danışırsa, ehtimal etmək olar ki, həftələr ötdükcə daha nələr deyəcək. Əlbəttə, yaxşı heç nə!
SPORTİNFO.AZ