“İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında söyləyib.
“Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bu günü (Zəfər Günü – red.) bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur: “Bu, böyük tarixi hadisədir”.
Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlət başçısı deyib: “Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır”.
İlham Əliyev, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında Vətən müharibəsi dövründə həyata keçirilən Şuşa əməliyyatından danışıb.
Bu əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini bildirən dövlət başçısı qeyd edib: “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”.

