Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur.
Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.
Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizləndi.
Həmin günlərdə yaralı əsgərlərimizin başının üzərində dayanan həkimlərimiz çox oldu. Biz bu sırada ortoped-travmatoloq Bayram Qırçıyevin adını xüsusi qeyd eməliyik.
“Baku City Hospital”ın sahibi və baş həkimi Vətən müharibəsinin ilk günlərindən etibarən döyüş bölgəsinə yollanıb və axır məqama kimi orada hərbçilərimizin qulluğunda dayanıb, xeyli sayda əməliyyat edib, onlarla yaralını həyata qaytarıb.
Hazırda Qarabağ qazilərinin təmsilçisi olan “Difai”nin əsas tərəfdaşlarından biri məhz onun rəhbərlik etdiyi klinikadır. Bayram Qorçiyev o günləri belə xatırlayır:
“3 il öncəni günbəgün və saatbasaat xatırlayıram. Füzuli Diaqnostika Mərkəzi müharibə günlerində cəbhəyə yaxın bölgədə ən qaynar nöqtəyə çevrilmişdi.
Diaqnostika Mərkəzinin heyəti müharibə kinolarındakı səhnələri xatırladırdı. Xəstəxanın həyətində və ətrafında TƏBIB -in və özəl xəstəxanaların 100-dən çox təcili yardım maşını dayanmışdı.
Şuşadan yaralıları və şəhidləri daşımaq üçün siqnal gözləyirdilər. Gündüz vaxtı düşmən təcili yardım maşınlarını atəşə tutduğuna görə ancaq gün batandan sonra xəstələri təxliyyə edirdik.
Bu təcili yardım maşınlarının arasında “Baku City Hospital”ın ambulansını və onun sürücüsünü görəndə ürəyim qürurla döyünməyə bilməzdi.
Biz - bütün həkim cərrah, anastezioloq, travmatoloq, damar cərrahları, neyrocərrahlar iki həftədən çox gecə-gündüz çalışdıq. Hamə yorulmadan işləyirdi, yorulsa belə, cərrahi masanın arxasından çəkilmirdi.
O biri həkimlərin təkidinə baxmayaraq, yerini təhvil vetmək istəmirdi. Səhərə yaxın, saat 3 radələrində axırıncı 60-70 yaralınə qəbul edib ilkin yardım göstərəndən sonra xəstəxananın foyesi boşaldı.
Biz həkim kollektivi dincəlməyə getmək istəyirdik ki, yenidən geri qayıtmaq əmrini aldıq. Yaralıların 50-60 nəfərlik yeni partiyası təcili yardımın foyesində tibb bacılarının və həkimlərin iştirakı ilə qeydiyyat aparılırdı və ilkin yardım göstərilirdi.
Biz yaralılardan nə vaxt və harada yaralandığını soruşur və xəstəlik tarixçəsinə qeyd edirdik. Yaralıların çoxu Şuşada yaralandığını xüsusən qürurla qeyd edirdi.
Birdən növbəti yaralıdan Xankəndində yaralandığını eşidəndə hamı bir anlığa dayandı, şoka düşmüş kimi olduq.
Həmin yaralıdan bir də soruşdum ki, harada yaralanmısan? Yenə “Xankəndində” deyə, təkrar etdi. Hamımız donub qalmışdıq, inana bilmirdik.
Daha bir neçə yaralə Xankəndinin girəcəyində yaralandığını söylədi. Biz inana bilmirdik, “ola bilməz” deyib, öz aramızda danışırdıq.
Səhər tezdən, 7-8 arası bütün yaralılara yardım göstərəndən sonra boş vaxtım əmələ gəldi. İlk növbədə oğlum Cavidana və yaxın dostuma yazdım: “Biz Xankəndinin girəcəyindəyik, lap yaxınındayıq, bəlkə də içindəyik”.
Açığı, yenə inana bilmirdik. Onda 8 noyabr 2020 ci il idi.
İndi Xankəndinin lap mərkəzindəyik, lap mərkəzində. Və bu gün Ali Baş Komandan, Cənab İlham Əliyev Xankəndidə hərbi paradı qəbul etdi. Bu, inanılmazdır, amma həqiqətdir!
Eşq olsun, Azərbaycan əsgərinə! Eşq olsun, Ali Bas Komandanmıza! İnana bilmədiyimiz bu həqiqəti gerçəkləşdirdi”.
Xanoğlan İmanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

