“Fransız silahları Ermənistana kömək etməyəcək.
Fransa heç vaxt Ermənistanı Azərbaycan və Türkiyəyə müqavimət göstərəcək həddə silahlandıra bilməyəcək.
Bu, nə insan resursları baxımından, nə də maliyyə baxımından mümkündür. Ən azından Ermənistan və Azərbaycanın Ümumi Daxil Məhsulunu müqayisə edin”.
Bunu Rusiya baş nazirinin keçmiş müavini, hazırda Qazaxıstanda yaşayan siyasətçi Alfred Kox deyib. Onun sözlərinə görə, ermənilər Rusiyanın köməyinə ümid edirdilər, amma məlum olur ki, Rusiya kömək etməyəcək: “Onların başqa yolları yoxdur. Ermənilər qürurlarını özlərinə saxlayıb Türkiyə və Azərbaycanla dost olmalıdırlar. 1945-ci ildə Qərbin Almaniyaya necə qəzəbləndiyini xatırlayın. Amma 1949-cu ildə onu NATO-ya qəbul etdi. Yəni Azərbaycan da, sadəcə, qalib tərəf kimi məğluba qarşı daha ağıllı və təmkinli davranmalı, onu dizindən sındırmamalıdır. O zaman özləri hər şeyi necə lazımdır edəcəklər, çünki ağıl yekunda həmişə qalib gəlməlidir”.
Sözünə davam edən siyasətçi sülh anlaşması ilə bağlı orijinal təklif də verib: “Sizdə Ruben Vardanyan həbsxanada yatır. O, axmaq adam deyil, mən onu çox yaxşı tanıyıram. Bu şərtlərlə o, Ermənistana göndərilməlidir ki, Ermənistanı xilas edə bilsin, çünki bu ölkənin xilası Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdadır, başqa çarələri yoxdur və Amerika Ermənistana kömək etməyəcək”. Ancaq məlumdur ki, R.Vardanyana qarşı separatizm, terrora maliyyə dəstəyi, Azərbaycanın ərazi bütövlüyünə qəsd və s. maddələri ilə ağır ittihamlar irəli sürülüb. “Başa düşürəm. Amma iki xalqın barışığı naminə Vardanyanla anlaşmaya və amnistiyaya getməyə Azərbaycana heç nə mane olmur. Əgər onunla razılığa gəlsəniz, o, özünü ağıllı aparacaq. O, biznes adamıdır və sövdələşməyə hazırdır”, - deyə siyasətçi qeyd edib.

