Mənim daha sizə sözüm yoxdur… "Zirə" və "Qəbələ" təcrübəsi

11 Aprel 2023 16:00 Maraqlı 515
Mənim daha sizə sözüm yoxdur… "Zirə" və "Qəbələ" təcrübəsi

Bir qisim tovuzlu azarkeşlərin “Şamaxı” ilə oyundan sonra baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsi futbol ictimaiyyətində birmənalı qarşılanmadı.

Əslində tribunada “istefa” şuarını səsləndirən az sayda adam var idi.

Amma sosial şəbəkələrdən hiss etmək olur ki, həmin adamlar burada da öz aktivliklərin davam etdirirlər.

Və fikir formalaşdırmağa çalışırlar ki, son 6 oyunda qələbə qazanmamaq dünyanın sonudur. “Şamaxı” ilə evdə bərabərə qalmaq isə fiaskodur.

Görəsən, həmin adamlar arada “Turan”dan daha imkanlı, daha iddialı komandaların nəticələrinə göz gəzdirirlərmi?

Gəzdirirlərsə tutduqları mövqe qərəzlidir.

Yox, xəbərsizdilərsə buyurub oxusunlar.

4-cü pillənin sahibi “Qəbələ” illərin sisteminə sahibdir. “Turan”dan dəfələrlə təcrübəli komandadır. Amma cəmi bir neçə tur əvvələ kimi Elmar Baxşıyevin yetirmələri 6 oyun qələbə üzünə həsrət qaldı.

Xal itirilən rəqiblər arasında “Səbail”, “Sumqayıt”, “Kəpəz”lə bərabər elə həmin “Şamaxı” da vardı.

Üst-üstə 10 oyunda cəmi bir dəfə 3 xala sevindilər. Sizin məntiqlə gərək “Turan”la müqayisədə daha yaxşı legionerə, daha yaxşı yerlilərə sahib “qırmızı qaralar”da hamı topa-tüfəngə tutulardı.

Amma klub ətrafında dünya dağılmadı. Fanatlar bircə dəfə istefa şuarı səsləndirmədi. Çünki getdikləri yolun doğru olduğuna əmin idilər. Dəstək oldular və bu gün də bəhrəsini görürlər.

Lap elə götürək “Zirə”ni. 5-ci pillədə qərar tutan paytaxt təmsilçisi büdcəsinə, heyətinə, təcrübəsinə, infrastrukturuna görə “Turan”ı çox qabaqlayır.

Amma bu gün zirəlilər 5 turdu qələbəyə həsrətdi. Son 10 turda isə cəmi bir dəfə 3 xala seviniblər.

Elə “Zirə"nin də xal itirdiyi komandalar arasında “Kəpəz”, “Səbail”, “Şamaxı” kimi son pillələrdə gedən komandalar var.

Göründüyü kimi, heç də hər şey sizin təqdim etdiyiniz qədər sadə deyil. Çıxdığın yolda həqiqətləri qəbul edərək addımlamaq yalnız fayda verə bilər.

Yox, sizin məqsədiniz düz yolda olan komandanı, onun baş məşqçisini hədəf seçərək bu yoldan uzaqlaşdırmaqdırsa, mənim daha sizə sözüm yoxdur!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"