Dünya futbolunun ulduzu Lionel Messi öz futbolkasını Azərbaycana göndərib.
Argentinalı məşhur hücumçu “İnter Mayami”də geyindiyi “10” nömrəli maykanı Kamil Məmmədova hədiyyə edib.
Messi “qəniməti” ortaq dostlarının sayəsində “Neftçi”nin Müşahidə Şurasının sədrinin müşavirinə göndərərək, imzasını atıb və bu sözləri yazıb:
“Sevgilərlə Kamil üçün”.
Keçmiş futbol agenti hədiyyənin şəklini sosial şəbəkə hesabında paylaşaraq, Messinin ünvanına “dünyanın ən yaxşısına təşəkkür edirəm” yazıb.
Azərbaycan futbolunda menecer kimi tanınan Kamil Məmmədov bu ilin sentyabrından “Neftçi”də prezidentin idman üzrə müşaviri vəzifəsini icra etməyə başlayıb.
HƏBİB / SPORTİNFO.AZ

