İlkin Fikrətoğlu Azərbaycan futbolunu məhv edənləri "ağ yuyub, qara sərdi"

2 Aprel 09:40 Gündəm 3 407
İlkin Fikrətoğlu Azərbaycan futbolunu məhv edənləri "ağ yuyub, qara sərdi"

Azərbaycan futbolu Rövnəq Abdullayevli, Elxan Məmmədovlu dönəminin son gününü yaşayır.

Qəribə səslənir, amma reallıqdır.

Biz bu günü nə qədər arzulamış, nə qədər gözləmişik! Azərbaycan futbolunu yerin dibinə soxmuş, böyüməsinin, inkişafının qarşısında 16 il əngəl kimi dayanmış şəxslərdən canımız qurtarır.

Yalnız 1 nəfər istisna olmaqla. Elşad Nəsirov kimi futboldakı fəaliyyəti bir qara qəpiyə dəyməyən var ki, daha bir neçə il futbolumuza faydalı ola biləcək hansısa funksionerin yerini zəbt edəcək.

Elşad Nəsirov rəhmətlik Fuad Musayevin 11 illik hakimiyyəti bitən kimi AFFA-da post tutan şəxslərdəndir. 2003-cü ilin dekabrında mərhum Ramiz Mirzəyevin komandasının üzvü kimi burada peyda olub.

Öz sahəsinin savadlı kadrlarından sayılır, Rus, ingilis, fars və hind dillərini bilir, yalnız futbolun dilndən başqa.

Azərbaycan futboluna vurduğu ən böyük zərbə üzü rəhmətlik Torresdən bəri xarici məşqçiləri milli komandalarımıza calamasıdır.

Bu adam birmənalı şəkildə azərbaycanlı məşqçiləri qəbul etmir, adı futbolun it dəftərində olmayan Velebit, Obradoviç, Yurçeviç, nə bilim, hansısa «iç» Azərbaycan millsində işləyə bilər, amma yerli mütəxəssislər yox.

Nəsirov AFFA-nın gələcək hakimiyyətində də təmsil olunacağından, cox güman, bu tendensiya yenə davam edcəcək.

Hakimiyyətin ən üst eşalonu ilə sıx münasibəti olduğu üçün bir növ “toxunulmazlıq statusu” na malikdir, ona görə, ardıcıl üçüncü AFFA prezidentinin də komandaısnda yer alacaq.

AFFA-nın digər vitse-prezidentləri isə qurumun rəhbəri Rövnəq Abduılayevlə birgə yola salınır. Onlardan Rauf Əliyev 20 ildir AFFA-dadır. 2004-cü ildən vitse-prezident, 2008-dən birinci vitse-prezidentdir.

2005-ci ildən Milli Məclisin deputatıdır. Amma onu 1 dəfə belə, parlamentdə futbolla bağlı hansısa məsələni qaldırdığını, təşəbbüslə çıxış etdiyini görmədik.

Bir necə il Uşaq Gənclər Futbol Federasiyasının prezidenti oldu, 2022-ci ildən bu postda onu oğlu Asif Əliyev əvəzləyib.

Uşaq-Gənclər futbolunun da vəziyyəti göz qabağında! Rauf Əliyev həm də uğursuz Berlin Futbol Məktəbi ideyasının müəlliflərindən biri kimi yaddaşlarda qaldı.

Daha bir vitse-prezident Vaqif Sadıqovdur. «Futbolda futbol adamları işləməlidir» deyənləri peşman edən mənfi bir nümunə! 2014-cü ildən AFFA Məşqçilər Komitəsinin sədri, 2020-ci ildən qurumun vitse-prezidentidir.

Həmişə ehtiyatlı mövqeyi, suyu üfürərək icməsiylə secilib. Bir dəfə cəsarət göstərib, İcraiyyə Komitəsinin iclasında Canni de Byaz ilə ikinci dəfə müqavilə bağlanmasının əleyhinə çıxış edib.

Amma bu, AFFA-nın divarları arasından kənara cıxmadığından, heç kəs xəbər tutmadı. Yalnız son aylarda AFFA-dakı hakimiyyət dəyişikliyini, başqa sözlə, küləyin haradan əsdiyini gördüyündən, mediada “milli komanda yerli məşqçilrə tapşırılmalıdır” tezisini daha cəsarətlə və dəfələrlə təkrarlayır.

Əsas odur ki, AFFA-dan gethagetdə Rövnəq Abdullayevdən xahiş-minnətlə adını assosasiyadan təqaüd alan futbol veteranlarının siyahısına yazdıra bildi.

Bu da bir maraqlı tale yazısıdır: aprelin 1-də Vaqif Sadıqovun təqaüd yaşı - 65 tamam oldu, bu gün isə AFFA-dakı seçkilərlə vəzifəsiylə vidalaşır.

Gələk, ən mənfi obraza - Elxan Məmmədova. Onu Azərbaycan futboluna ürcah edənləri azarkeşlər demək olar hər gün yad edir.

Hələ bundan sonra da yad edəcəklər. 2007-ci ildə «Natəvan Rezidens»dən birbaşa Azərbaycan futboluna necə düşüb, sirr olaraq qalır.

Ondan bir müddət sonra Rövnəq Abdullayev AFFA-nın rəhbəri oldu və bəlkə də karyerasının ən böyük səhvini edərək, küllü-ixtiyarı verdi marketoloq Elxan Məmmədova.

O da 15 il bərbad fəaliyyəti ilə Rövnəq Abdullayevin üzünü elə qaraltdı ki, yazıq son iilərdə futboldakı imicini ha təmizləməyə çalışdı, alınmadı.

SOCAR-ın prezidenti olarkən Rövnəq Abdullayevin futbola nəzarət etməyə vaxtı var idi ki? Yalnız maliyyəni ayırırdı, Elxan Məmmədov və onun acgöz komandası da öz işindəydi.

15 il ərzində futbola dövlət tərəfndən təxminən 1,5 milyard manat vəsait ayrıldı və onun böyük hissəsi göyə sovruldu. Elxan Məmmədov baş katib postuna gələndə çempionatın yüksək liqasında 14 komanda var idi, gedəndə 8-i qalmışdı.

Milli komanda 2008-ci ildə FİFA reytinqində 116-cı idi, 16 il keçib, elə yenə həmin sıralarda sürünür.

Məmmədov AFFA-ya gələnə qədər yaradılmış və iddialı klublara çevrilmiş «Xəzər Lənkəran», «Bakı», AZAL, «Karvan» Elxanın hakimiyyəti dövründə məhv oldu. Xüsusən cənublu fanatlaırn ahı ömürboyu ondan əl cəkməyəcək.

“Futbolçunu klublar yetişdirməlidir” tezisindən yapışıb özünü müdafiə edən AFFA-nın yarıtmaz sabiq baş katibinin gözünün önündə o boyda «Bakı» Futbol Akademiyası məhv olanda tükünü də tərpətmədi. AFFA-da hansı daşı qaldırırdın, maxinasiya iyi gəlirdi.

Stadionların ot örtüyünün dəyişdirilməsi, forma satışı, hətta tədbirlərdə, oyunlarda yemək-içmək məsələlərini təşkil edən ketrinq xidmətində belə, Elxan Məmmədovun adı hallanırdı.

Milli komandalara gətirilən xarici məşqçilərə, milliləşdirilmiş oyunçulara Bakıda qalmaları üçün uzaga getmək lazım gəlmirdi.

Elxan müəllimin «Port Baku»dakı dəbdəbəli mənzilləri ən yüksək kirayəhaqqı ilə onlara verilirdi. Necə deyərlər, pulu xaricilərə bu əli ilə verib, o biri ilə alırdı.

Həftədə 1 dəfə çıxan AFFA-nın keçmiş qəzeti «Futbol dünyası»nın şişirdillmiş büdcəsi ilə birinci liqada 1 klub saxlamaq olardı. Onun təklifi ilə klublarda yaradılan Müşahidə Şuraları hec bir effekt vermədi.

Elxan Məmmədovun kadrları da özünə bənzəyirdi. 2016-cı ildə «Kəpəz»in Müşahidə Şurasına AFFA-nın nümayəndəsi kimi göndərdiyi Mikayıl Nərimanoğlu bu gün azadlıqdadırsa, həm o, həm Elxan Məmmədov nəzir verməlidir.

Elxanın mediada xüsusi qrupu vardı, indi də var. Yal verib bəslədiyi, jurnalist adına ləkə olanları bir necə il onu tənqid edənlərin üstünə qısqırtdı.

İndi də o jurnalistikaya təhqir sayılanlar Elxan Məmmədovdan sonra özlərini satmağa növbəti təklifləri gözləyir. Amma indi onları sözün bütün mənalarında alan yoxdur.

Elxan Məmmədov batırdığı Azərbaycan futbolundan özünü salamat imiclə qurtarmaq üçün çox vurnuxdu. Baş katib vəzifəsindən icracı vitse-prezident postuna keçid, oradan FİFA-ya yol taparaq ölkədən işgüzar mühacirət etdi.

Əvəzinə təyin olunan Sərxan Hacıyevi tənqidlər qarşısında xərcləməyə çalışsa da, ikinci daha ağıllı çıxdı və keçmiş rəhbərinin qara niyyətinə özünü qurban etmədi.

Baş katib postunda olduğu 2 il ərzində Sərxan Hacıyev əvəzedici komandaları I Liqadan ayırmaqla, II Liqanı yaratmaqla Azərbayacn çempionatını normal struktura saldı, idman prinsiplərinin qorunmasını nəhayət təmin etməsi kimi müsbət addımlarla yadda qaldı.

Elxan Məmmədovun 15 il futbola vurduğu zərbə azmış kimi, o növbəti müddətdə də AFFA-da post tutmaq fikrində idi.

Ehtimal olunur ki, dekabrda FİFA-nn baş katibi Fatma Samura ilə Bakıya səfərində də hakimiyyət dairələrində gələcək fəaliyyətini qarantiyalamaq niyyəti güdürdü.

Amma artıq yuxarılar Elxan Məmmədovu yaxşı tanıdığından, ona birbaşa «komanda» verdilər. Elxan Məmmədovun son ümidi Rövnəq Abdullayevin postunda qalmasına idi.

Amma onun da ən böyük səhvi AFFA-nı Elxan kimi adamlara etibar etməsi idi.

Rövnəq Abdullayev SOCAR-dan çıxıb, artıq bütün diqqətini assosasiyaya ayırmağa imkan tapanda isə iş-işdən keçmişdi. Ona görə də ümid etdiyi yuxarıdan “daha bəsdir” mesajını aldı.

Beləliklə, bu gün Azərbaycan futbolunu 16 il yarıtmaz fəaliyyəti ilə inkişafdan saxlayan rəhbər komanda futboldan gedir. Yəqin ki, Elxan Məmmədovun özü də FİFA-nın nümayəndəsi kimi komandasının son hesabat-seçki konfransını izləyəcək.

Adı hesabat-seçki konfransı olsa da, inanmıram ki, orada Elxan Məmmədov və ya Rövnəq Abdullayevdən hesabat istənilsin.

Bu, mənim də onlar haqqında son geniş danışığımdır. Elxanın, Rövnəqin qılıncının qəbzəsi də kəsən vaxtda sözümüzü demişik.

Bundan sonra nəsə deməyin də artıq mənası yoxdur. Amma AFFA-dakı bu hakimiyyət hələ uzun illər xatırlanacaq, onların futbola vurduğu yaralar hələ çox gec sağalacaq.

İllərimiz gedəcək və hər dəfə də lənətlə yada salınacaqlar. O ki qaldı yeni komandaya, onlar barədə danışmağa hələ yetərincə vaxtımız olacaq.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti