Xankəndi təslim olmaq üzrədir

26 May 2023 12:50 Gündəm 1 831
Xankəndi təslim olmaq üzrədir

Cənubi Qafqazın inkişaf perspektivləri qarşısında olan əsas əngəl – “erməni divarı” yıxılmağa başlayıb.

2020-ci il bu region üçün yeni dövrün başlanğıcı oldu. Azərbaycan ordusu Ermənistanı həm biabırçı məğlubiyyətə uğratdı, həm də erməni terrorizminə və separatizminə sarsıdıcı zərbələr vurdu.

Və indi Cənubi Qafqaz “erməni problemi”ndən tamamilə xilas olmaq üzrədir.

Onu da qeyd edək ki, erməni toplumu hazırda sarsıntılı dövrdən keçir. Üstəlik, bu dövrün erməni toplumu üçün nə vaxtsa, sona çatma ehtimalı da qətiyyən inandırıcı görünmür. Hər halda, erməni toplumunun 30 ildən artıq böyük ümidlər bağladığı bütün “sərsəm xəyallar” bir anda dağılıb, yoxa çıxmaqdadır. Erməni toplumunun inandığı hər şeyin qeyri-real, uydurma olduğu birmənalı şəkildə təsdiqlənməkdədir.

Məsələ ondadır ki, ermənilər 1988-ci ildə Azərbaycanın Qarabağ regionunda “ikinci erməni dövləti” qurmaq üçün kütləvi separatizm və terrorizm fəaliyyətinə başlamışdılar. Düzdür, ermənilər bu “fəaliyyət”lə keçmiş SSRİ-nin dağılma prosesini sürətləndirdilər. Ancaq artıq qətiyyən şübhə doğurmur ki, “ikinci erməni dövləti” heç vaxt yaranmayacaq.

Ermənistan son 30 il ərzində qondarma “artsax”ın müstəqilliyini tanımağa cəsarət etmədi. Çünki erməni siyasi dairələri də Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu anlayırdılar. BMT-nin ərazi bütövlüyünü tanıdığı Azərbaycanı parçalamaq cəhdlərinin son nəticədə Ermənistanı hansı fəlakətlərlə üzləşdirəcəyini də bilirdilər. Və bu səbəbdən də, erməni diplomatiyası “artsax” xəyallarını məhz Ermənistanın beynəlxalq himayədarlarının dəstəyi ilə reallaşdırmağa can atırdılar.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Ancaq həmin mərhələ də artıq ermənilər üçün uğursuz yekunlaşıb. İndi ABŞ və Qərb Ermənistandan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb edir. ABŞ və Qərb ən qısa müddət ərzində yekun sülh sazişini imzalaması üçün rəsmi İrəvana təzyiq də göstərir. Və 44 günlük savaşda uğradığı ağır məğlubiyyətdən sonra Ermənistanın artıq başqa çıxış yolu da qalmayıb.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan həm Avropda, həm də İrəvanda “Qarabağ Azərbaycandır” məzmunlu açıqlamaları ilə erməni toplumunu inkaredilməz reallıq qarşısında buraxıb. İndi həm Ermənistan cəmiyyətində, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular sülh prosesinin hansı nəticələrlə yekunlaşacağını tam aydınlığı ilə təsəvvür edirlər. Və hadisələrin belə sürətlə cərəyan etməsi isə erməni toplumunda kəskin qarşıdırma mühitini daha dərinləşdirir.

Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarından sonra erməni toplumu çaşqın vəziyyətdədir. Onların “uydurma xəyallar”ın sona çatacağı vaxta çox az qaldığını etiraf edirlər. Revanşist erməni müxalifəti isə iddia edir ki, Paşinyan hakimiyyəti ən uzağı bu ilin oktyabr ayında Azərbaycanla yekun sülh sazişini imzalayacaq. Ona görə də, guya “artsax”ın xilas edilməsi üçün onların cəmisi beş aya yaxın bir vaxtı qalıb.

Halbuki, onların ilk növbədə “erməni xəyalpərəstliyi”nin təsirindən xilas olması vacibdir. Çünki Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı problem artıq həll edilib. Ermənistanda hakimiyyət çevrilişi bu reallığı heç bir halda, dəyişə bilməz. İndi erməni toplumunun gücü yalnız daxili çəkişmələrlə məhdudlaşır.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Məsələ ondadır ki, erməni toplumunda yaşanan daxili çəkişmələr Paşinyan hakimiyyəti və erməni revanşist-radikallar arasındakı kəskin qarşıdurma ilə məhdudlaşmır. Çünki Paşinyan hakimiyyəti ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan bir ovuc erməni separatçı-terrorçu arasında da ciddi qarşıdurma mövcuddur. Üstəlik, elə erməni separatçı-terrorçuların daxilində də çəkişmələrin mövcudluğu müşahidə edilir.

Erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Paşinyan hakimiyyətinin Qarabağın Azərbaycana dinc yolla təhvil verilməsi üçün təzyiq göstərdiyini etiraf edib. Onun yaxın ətrafından sızan məlumata görə, rəsmi İrəvan A.Arutyunyandan Azərbaycan-Eürmənistan sülh sazişinə əngəl ola biləcək şəxslərin səlahiyyətlərinin əlindən alınmasını da istəyib. Və bu səbəbdən də indi erməni separatçı-terrorçular arasında qarşıdurma dərinləşməkdədir.

Onu da qeyd edək ki, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular Qarabağın Azərbaycana təhvil verilməsi ittihamları ilə Paşinyan hakimiyyətini hədəfə alıblar. Onların fikrincə, rəsmi İrəvan “erməni maraqları”na xəyanət edir və müxalifətsə, buna reaksiya verməməklə, Paşinyan hakimiyyətinin xəyanətinə ortaq olur. Buna cavab olaraq, Qarabağ klanının rəhbərlərindən olan keçmiş prezident Robert Köçəryan erməni separatçı-terrorçuları öz günahlarını başqalarının üzərinə atmağa cəhd göstərməkdə suçlayıb.

Belə anlaşılır ki, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların bütün istiqamətlər üzrə dəstək ümidləri tamamilə kəsilmək üzrədir. ABŞ və Qərb Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. Rəsmi İrəvan Qərbin bu maraqlarına boyun əymək məcburiyyətində qalıb. Erməni radikal-revanşist qruplaşmalar isə müqavimət göstərəcəklərini bəyan etsələr də, çox da dərinə getməkdən çəkinirlər. Hər halda, Qarabağ klanının əsas lideri olan, Ermənistanı həmişəlik tərk etməyə hazırlaşan R.Köçəryanın məsafəli mövqeyi belə düşünməyə imkan verir.

ermeni-separatchiler.jpeg (220 KB)

Böyük ehtimalla yekun sülh sazişinin imzalanmasından sonra rəsmi İrəvan Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara Ermənistan büdcəsindən maliyyə dəstəyi də verə bilməyəcək. Çünki rəsmi Bakı bunu Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirir. Tezliklə erməni separatçı-terrorçuların əsas maliyyə qaynağı da kəsilmiş olacaq.

İndiki situasiyada erməni separatçı-terrorçular yalnız Rusiyaya ümid bəsləyirlər. Əslində, baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, erməni separatçı-terrorçuların bütün maliyyə yükünü və siyasi məsuliyyətini məhz Rusiyanın üzərinə atmaq niyyətini də güdür. Halbuki, Kremlin də dəstək imkanlarının məhdud olduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, əgər, Kreml erməni separatçı-terrorçuları dəstəkləməkdə davam edərsə, Azərbaycan-Rusiya münasibətlərində ciddi problemlər yarana bilər. Azərbaycan və Rusiya arasında müttəqliq fəaliyyəti barədə sənəddə hər iki tərəf qarşılıqlı olaraq, bir-birinin ərazilərində separatizmə və terrorizmə qarşı mövqe tutmaq öhdəliyi götürüblər. Yəqin ki, Kreml bu sənədin hüquqi qüvvəsinin və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin itirilməsini istəməz.

Bu baxımdan, Kremlin yekun sülh sazişinin imzalanmasından sonra rus sülhməramlıları rəsmi Bakının tələbinə uyğun olaraq, Azərbaycan ərazilərindən çıxartmalı olacağını ehtimal etmək mümkündür. Ona görə də, erməni separatçı-terrorçuların Rusiyaya ümid bəsləmələri də tamamilə yersizdir. Onlar üçün yalnız Azərbaycanın qanunlarına tabe olmaqdan başqa çıxış yolu artıq qalmayıb (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!