Narahat olaq? - Azərbaycan derbisində fırtına öncəsi SƏSSİZLİK

6 Mart 17:00 Azərbaycan Futbolu 396
Narahat olaq? - Azərbaycan derbisində fırtına öncəsi SƏSSİZLİK

Azərbaycan Premyer Liqasında 25-ci turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"nin qonağı oldu.

Bu rəqiblərin görüşünü təkcə hansısa turun yox, həm də mövsümün qarşılaşması adlandıra bilərik.

Elə Azərbaycan çempionatları tarixinin matçı da.

Statusundan, hansının durumunun pis-yaxşı, iddialı olub-olmamasından asılı olmayaraq.

Axı həm "Qarabağ", həm də "Neftçi" müstəqil Azərbaycanın bütün ölkə çempionatlarında iştirak edən iki klubdur..

Hər zaman da duelləri gərgin və dramatik keçib. Azarkeşləri arasında intriqalar, davalar, atışmalar az olmayıb.

Heç birinin də təqdimata ehtiyacı yoxdur.

Normalda onların üz-üzə gəldiyi günü futbol sferasında bir canlanma olmalıydı. Amma...

Oyun günü hər iki klubun da sosial şəbəkə hesabında matçın posteri ilə bağlı paylaşımdan başqa heç nə yox idi.

Yalnız "Neftçi" cəbhəsinin oyun günü çarxında 18 il "Qarabağ"da çıxış etmiş və yayda əzəli rəqibə transfer olunan Qara Qarayevə yer ayırmaqla rəqibinə atmaca atmasını qeyd etmək olar.

Amma qarşı tərəfdən buna da heç bir cavab atəşi gəlməmişdi.

"Qarabağ"ın başı daha çox 4 gün sonra keçiriləcək "Bayer Leverkuzen"lə görüşə qarışıbsa, "ağ qaralar"da Kilan Lebonun mətbuat konfransındakı fotoları, Lukas Melanonun doğum günü təbriki ilə bağlı post diqqət çəkirdi.

Heç sosial şəbəkələrdə də hər hansı ajotaj olduğunu demək olmaz.

"Forza Neftçi" və "İmarət" azarkeş qrupularının sosial şəbəkələrdəki rəsmi hesablarında da xüsusi paylaşım gözə dəymirdi.

"İmarət" oyunla bağlı paylaşımı 6 gün əvvəl etmişdisə, "Forza" oyun günü azarkeşləri oyuna dəvət etməklə bağlı məlumat dərc etmişdi.

Qısası, Azərbaycan futbolunu yaxından izləməsən, bilməzdin ki, 3 mart tarixində Azərbaycan derbisi olacaq.

Bunun fonunda matç saatında tribunaların boş olacağını ehtimal etmək məntiqli idi.

Amma "Neftçi Arena"ya çatanda tam başqa mənzərə ilə üz-üzə qaldıq.

Tribunalarda çox az sayda boş yer tapmaq olardı.

"Forza Neftçi" və "İmarət" azarkeş qrupları digər oyunlardan fərqli olaraq, daha əzəmətli görünürdülər.

90 dəqiqə susmayan fanatlar həm komandalarına dəstək oldular, həm də bir-birinə atmacalar atmağı unutmadılar.

Meydanda isə "Qarabağ"ın qələbəsi ilə (4:1) bitən oyunda 5 qol vuruldu, qapılara iki penal verildi. Zaman-zaman futbolçular və baş hakim Elçin Məsiyev arasında dialoqlar yaşandı.

Bir sözlə, futbol adına yaxşı hər şey həmin axşam Azərbaycan derbisində vardı. Oyun saatına qədər olan səssizlik yerini fırtınaya vermişdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!