
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Ağ qaralar"ın məğlub olduğu (1:2) matçın gedişində meydan sahiblərinin fanatları əzəli rəqib "Xəzər Lənkəran"a ilişməsi ilə yadda qalıb.
Belə ki, "ağ qaralar"ın "Forza Neftçi" azarkeşləri "Neftçi" burdadır, bəs "Xəzər" hardadı" - deyə "Kimyaçılar"ın ehtiyat qolkiperi Orxan Sadıqlıya səsləniblər.
Təcrübəli qapıçı üzünü fanatlara tərəf tutaraq ürəyini nişan verib.
Sadıqlı azarkeşlərlə arasında başverən insidentlə bağlı Sportinfo.az-a açıqlama verib.
“Xəzər Lənkəran”ın yetirməsiyəm. Bu komanda mənim qəlbimdədir. Hər zaman “Neftçi” azarkeşləri ilə aramızda belə atışmalar olur.
İlk dəfə deyil, uzun tarixi var. 17-18 yaşımdan gördüyüm mənzərədir.
Futboldu olur belə şeylər. Fikir verməməyə çalışıram.
Amma harda “Xəzər”in adı gəlir ora diqqət edirəm. Əsas odur ki, xətti keçməyək.
Pis sözə, hərəkətə biz də pis cavab verəcəyik. Onlar azarkeşdir, mən futbolçu.
Bilirlər ki, onların mənə əli çatmır, ancaq mənim əlim onlara istənilən vaxt çata bilər. Mən həddimi aşmaram, lakin bunu edərlərsə artıqlaması ilə cavabların verərəm".
30 yaşlı çərçivə qoruyucusu əzəli rəqibin fanatların belə atmacalar eşidəndə üzüldüyü məqamı da dilə gətirib:
"Üzüldüyüm tək şey doğma komandamın yoxluğudur. İnşallah, bir gün “Xəzər” geri dönər.
“Xəzər” olmadığı yerdə də biz söz sahibiyik. Kimsə bu klubun əleyhinə nəsə deyərsə, mütləq cavabın alacaq. “Xəzər” bizim evimizdir".
XANOĞLAN