
Cümə axşamı "Qarabağ" Avropa Liqasında növbəti oyuna çıxacaq.
Beynəlxalq turnirdə iştirakını davam etdirən yeganə Azərbaycan təmsilçisinin qrup mərhələsini adlayacağına ümidlər böyükdür.
Hazırda hesabında heç bir xalı olmasa da, "köhlən atlar"ı qarşıda 4 oyun gözləyir. Bu isə potensial 12 xal deməkdir...
"Qarabağ"ın şansları necə dəyərləndirəcəyi əldə edəcəyi nəticələrdən asılıdır. Hazırda qrup liderliyinə şərik olan "Vilyarreal"la "Makkabi", həmçinin son iki pillədə qərarlaşan "Sivasspor"la "Qarabağ"ın qrup mərhələsində indiyə qədərki nəticələrinə nəzər salaq:
22 oktyabr
Vilyarreal - "Sivasspor" 5:3
Makkabi - "Qarabağ" 1:0
29 oktyabr
Qarabağ - Vilyarreal 3:1
Sivasspor - "Makkabi" 1:2
Noyabrın 5-də və 26-da keçiriləcək "Sivasspor"la ardıcıl iki oyunda qazanılacaq mümkün qələbələr ağdamlıların işini xeyli yaxşılaşdıracaq. Psixoloji baxımdan növbəti görüşlərə hazırlaşmaq və qrupdakı vəziyyəti düzəltmək üçün kifayət qədər vaxt və imkan var.
“Sivasspor” - indiyə qədər heç bir görüşdə qalib gəlməsə də, "Sivasspor" rəqib qapılarına yol tapmağı bacarıb. Ona görə də qardaş ölkə təmsilçisi ilə oyunlarda hücumların qarşısı maksimum alınmalıdır ki, ən azından 4-cü pillədən qurtula bilək.
Üstəlik, sivaslılar hər görüşdə qapısında top görür. Dönüş nöqtəsinin Türkiyə təmsilçisi ilə olacağını nəzərə alsaq, hər iki matçda qələbə mütləqdir.
İsrail səfərində 0:1 hesabı ilə uduzan təmsilçimizin "Makkabi" ilə qarşılaşmada işi çətin ola bilər. Görüşlərə "az olsun, saz olsun" fəlsəfəsi ilə yanaşan İsrail klubu soyuqqanlı performans göstərməkdə davam edir.
Ümid edirik ki, "Makkabi" - "Vilyarreal" qarşılaşmalarının hər ikisində yalnız bir qalib görəcəyik. İspanlarla israillilərin duellərində heç-heçə xeyrimizə işləməyəcək.
“Vilyareal” “Makkabi” ilə oyunlardan qalib ayrılsa, ağdamlılar da noyabrdakı duellərdə sivaslıları məğlub edə bilsə, Azərbaycan çempionu ilə Təl-Əviv təmsilçisinin xalları bərabərləşəcək və sonrakı mərhələdə hər şey “Qarabağ”ın əlində olacaq.
"Vilyarreal" qarşılaşdığı komandalara görüşlərdə inamlı qələbə qazansa da, hələ qol buraxmadığı oyun olmayıb. Etibarsız müdafiə xəttini nəzərə alsaq, qrup mərhələsinin son oyununda "Qarabağ" ilk görüşdə olduğu kimi, yenə hesabda önə çıxa və ya müdafiədə diqqətli oynamaqla bərabərlik əldə edə bilər.
Beləliklə, indiki məqamda "Qarabağ"ın taleyi ilk növbədə qrup liderlərinin öz aralarındakı görüşlərindən asılıdır. Top fərqinin göstəricisinə görə ilk pillədə qərarlaşan "Vilyarreal" hər iki görüşdə "Makkabi"yə qalib gəlməli, "Sivasspor"la oyunda isə ilk görüşdəki əzmkarlığın ardını gətirməlidir.
"Qarabağ"ın ikinci pilləyə yüksəlməsi üçün, komanda "Makkabi"dən 0:1-in əvəzini çıxmalı, "Sivasspor"la matçlardan qalib ayrılmalı və "Vilyarreal"la dueldə uduzmamalıdır. Qısası, “Qarabağ”ın bundan sonra uduzmaq haqqı yoxdur.
Bu hallarda Avroliqadakı yeganə təmsilçimiz qrup mərhələsini dəf edib, 1/16 final mərhələsinə vəsiqə qazana bilər.
Qarabağın taleyinə müharibə yazıldığı kimi, “Qarabağ”ın alnına da döyüş yazılıb. Qrupdan çıxmaq istəyirlərsə, sona qədər döyüşməlidirlər.
P.S.: Əlbəttə, “Vilyarreal”ın növbəti görüşlərin hamısında məğlub olması, yaxud “Sivasspor”un bütün matçları qalib başa vurması kimi möcüzələr yox deyil. Yazı futbolun reallıq hissini itirmədən qələmə alındığı üçün hadisələrin axarının qeyd olunan xətt üzrə davam edəcəyinə inanırıq.
Günay XƏLİL