
«Bayer»in ehtiyat skamyasında «çürümək»dən son anda qurtulan Andrey Lunyovun kayrerası ərzində ən gözəl oyunlarından birini məhz dünən Molde şəhərində keçirdiyini iddia edirəm.
Heç doğma «Zenit»də belə, o, özünü bu qədər qəhrəman kimi hiss etməmişdi.
Qarlı havanın, süni meydanın, atlet görkəmli, fiziki cəhətdən ən üst düzəydə bir rəqibin önündə Lunyov «alınmaz qala» oldu.
«Molde»nin vurduğu iki qolun heç birində Lunyovun səhvini görmədim. Gördüyüm yalnız bu oldu: dəfələrlə xilaskar qiyafəsini geyindi, soyuqqanlı və inamlı idi.
Başqa bir qapıçı dünən «çərçivə» önünə keçsəydi, bilmirəm, neçə qol buraxardı. Amma onun adını çəkinmədən «Qarabağ»ın ən yaxşısı kimi dəftərçəmin yuxarı hissəsinə yazıram.
Pisin yaxşısı olmur, pis elə pisdir. Lunyov isə yaxşının yaxşısını etdi.
Kaş o, daha tez gələrdi Azərbaycana! Kaş e, kaş!
Yayın axırından yox, əvvəlindən burada olsaydı, «Qarabağ», böyük ehtimalla, tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqdı.
Sənə nə deyim, Şahruddin Məhəmmədəliyev! «Rakuv»la Polşadakı matçda o 3 biabırçı səhvin birini «ixtisar»a salsaydın, bu gün biz Avropanın ən prestijli klub turnirində yarışmağın həzzini yaşayırdıq.
«Şah» «Qarabağ»ı çox geri saldı.
ELNUR