
Narahatlığımız var idi, özü də böyük.
Niyə ki, «Molde» az əvvəl ÇL-də «Qalatasaray»ın başına bəla olmuşdu.
İsveç çempionatının qalibi «Qalatasaray»a qarşı sərgilədiyi əzmkar futbolu ilə gözümüzü qorxutmuşdu. Onu öz nəzərimizdə çox böyütmüşdük.
Nigaran idik ki, «Molde» Bakıda da həmin oyunu sərgiləyər və «Qarabağ» Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayar.
Qurban Qurbanov bu ehtimalı diqqətdə saxladı, amma üzərində əsmədi, qorxuya düşmədi.
İlk dəqiqələrdən hücum futbolu əmrini verdi və bu, «Molde»ni məcbur etdi ki, qapının toxunulmazlığından savayı başqa nəsə barədə fikirləşməsin.
Mərkəzi rəqibə təslim etsəydilər, heç 1 xal da qazanmayacaqdıq. «Qarabağ» meydanın bütün istiqamətlərində üstünlüyü tez ələ aldı, qol epizodlarının sayını durmadan artırdı.
Hələ fasiləyədək 3-4 əla fürsəti boşa verdi və mən bundan danışarkən, «Molde»nin qapıçısı Yakob Karlstromun adını mütləq çəkməliyəm.
O, həqiqətən dünənki oyunda qonaqların ən yaxşısı idi və dəfələrlə seyv etdi. Yakobun qurtarışları olmasaydı, «Qarabağ» ilk hissədə 3 xala cibində yer eləyəcəkdi.
Çempionumuz ikinci yarıda da ritmdən düşmədi, irəli getdi. Leandro Andradenin tək vuruşu, sadəcə, həyat idi. Kabo-verdeli yarımmüdafiəçi o zərbəylə «Qarabağ»ın çörəyinə yağ sürtdü, yoldaşlarının ruhunu təzələdi.
Dalğavari hücumları ilə oyunun ipini əlində saxlayan Azərbaycan çempionu yalnız son 10-15 dəqiqəni müdafiədən qurdu.
Bu, Qurbanovun tapşırığı idi: matçın əvvəlindən «avtobus parkı» qurmuş isveçlilərin böyük qüvvə ilə önə çıxmasını, belə olarkən isə sürətli əks-hücumlarla boş zonaları keçib hesab arasındakı fərqi artırmağı fikirləşirdilər.
Juninyo bu fürsətlərin ən sadəsini qola çevirsəydi, plan tutmuş olacaqdı. Braziliyalı hücumçu super imkanı insafsızcasına qaçırdı.
Yaxşı ki, Juninyonun xərclədiyi epizoddan sonra müdafiədə boşluğa yol vermədik, 1:0-ı qoruduq.
Əla başlanğıc! «Qarabağ» möhtəşəm və adrenalin dolu oyunu ilə ürəyimizə su səpdi. Bu, «Qarabağ»ın cari mövsümdə nümayiş etdirdiyi ən gözəl futbol idi və çox istərdik ki, axırıncı olmasın, axarıncı olsun…
ELNUR