AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek özü özünə təyinat verir.
Belə ki, türkiyəli mütəxəssisi Premyer Liqa oyunlarında hakim-inspektor kimi görmək mümkündür.
Təbii ki, bu hal futbol adamlarında müəyyən narazılıq yaradır. Adam komitə sədridirsə və oradan maaş alırsa, inspektor qismində pul qazanması hansı məntiqə sığır?
Barış bəyin əvəzinə işsiz başqa hakim-inspektor təyinat ala və ya digər şəxs bu işə cəlb oluna bilər.
Şimşek jurnalistlər üçün təşkil olunan seminarda “Sportinfo”nun əməkdaşının məlum sualını cavablandırıb:
“Bu sualı verdiyinizə görə sevindim. Sualınızı sualla cavablandırım: Niyə də olmasın?!
Elçin Məsiyevin idarə etdiyi sonuncu oyunda (İsveçrə - Andorra) hakim-inspektor kimi idi, bilirsiniz? UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti. Sizcə, Rozetti oyuna başqasını təyin edə bilməzdi? Niyə özünə təyinat verir?
Mən UEFA-nın hakim-inspektoruyam. Üst səviyyəli matçlara təyinat alıram. Beynəlxalq oyunlara təyinat alıramsa, deməli, çalışdığım ölkədə də hakim-inspektorluq etməliyəm. Bu, mütləqdir.
İkinci məsələ, dünyanın bir çox ölkələrində komitə sədrləri həm də hakim-inspektorluq edir. Ümumiyyətlə, Hakimlər Komitəsində yer alan şəxslərin oyunlara hakim-inspektor kimi göndərilməsi onların təbii haqqıdır”.
HƏBİB

