AFFA-nın vəzifəli adamı Yevlaxda futbol ictimaiyyətini ələ saldı - ŞOK OLAY!

10 Mart 17:45 Azərbaycan Futbolu 1 525
AFFA-nın vəzifəli adamı Yevlaxda futbol ictimaiyyətini ələ saldı - ŞOK OLAY!

Budəfəki bölgə səfərim Yevlaxa oldu.

"Karvan" Birinci Divizionun 17-ci turunda "Şamaxı"nı qonaq edirdi.

Qonaqların 6:0 hesablı qələbəsi ilə bitən matçı izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də yer almışdı.

Bu, həm də onunla söhbətləşmək üçün əla fürsət demək idi.

Axı son zamanlar onun sərəncamında olan hakimlərin verdiyi əndərabadi qərarlar futbol ictiamiyyətində geniş müzakirə olunur.

Məsələn, maraqlı idi görəsən, niyə Belajdi Pusinin "Zirə"nin qapısından keçirdiyi qola hakimlər 6 dəqiqə VAR-da tamaşa etdilər?

Və ya Rəşad Sadıqov, Azər Bağırovun "qan ağladığı" Rəşad Əhmədov barəsində o nələr düşünür?

Ümumiyyətlə, hamının cana yığıldığı hakim səhvləri onu da yorurmu?

Elə haqqında yayılan istefa iddialarını da aydınlıq gətirmək ağlımın bir küncündə idi.

Niyə Yevlaxdakı oyuna gəlməsinin də səbəbini bilmək istərdim.

Bir sözlə, soruşulacaq, danışılaca çox mövzu vardı.

Və bu niyyətlə qarşılaşmadan sonra türkiyəli mütəxəsisə yaxınlaşdım.

- Salam, Barış bəy. Qısaca vaxtınızı ala bilərəmmi?

- Alekum salam. Nə üçün?

- Hakimlərin idarəçiliyi ilə bağlı...

- Xeyr, danışmaq istəmirəm (əsəbi tonda).

- Niyə?

- İstəmirəm.

- Bəs siz də danışmayacaqsınız, kim danışacaq? 24 saat sizin hakimlərin qərarları futbol ictimaiyyətində müzakirə olunur. Buna cavab vermək istəmirsiniz?

- Siz müzakirələrə davam edin (İstehza olduğu aydın sezilir).

Rəhbər şəxs aramızdakı bu söhbətin fonunda dəhlizdə yoxa çıxır.

Bir müddət sonra o, arenanı tərk edərkən aramızda növbəti dialoq yaşanır. Sözə isə özü başlayır.

- Sağ olun...

- Danışmamağınız yaxşı olmadı.

- Mənə nəyin pis, nəyi yaxşı olduğunu deyə bilməzsiniz (aqressivləşir)

- Amma siz də hakimlərin bu qədər yanlışlarına sükütla keçməli deyilsiniz. Tabeliyinizdə olan referilərin anlaşılmaz qərarlarına münasibət bildirməniz lazımdır. Hakimlərə danışmaq olmaz, anladıq. Bəs sədrə kim qadağa qoyub? O niyə danışmasın?

- Ayaqüstə danışmaq istəmirəm (bir qədər yumşalır).

- Bəs necə danışmaq istəyirsiniz?

- Federasiyadan icazə alın, sonra danışarıq.

Məncə, əlavə şərhə ehtiyac yoxdur. Türkiyəli mütəxəssisin "siz müzakirələrə davam edin" replikasında həm də bir "ilişmək" qoxusu vardı.

Yəni məşqçilər, futbolçular, mətbuat öz aranızda nə müzakirə edirsinizsə, yenə də eyni formada davam edin. Vecimizə də deyil! Biz öz çirkin idarəçiliyimizə davam edəcəyik.

Bunu sezmək üçün əcnəbi mütəxəssisin hansı sifət cizgiləri, hansı tonda həmin fikri deməsini eşitmək lazım idi.

Açığı, adətən nəcib danışığı ilə seçilən Barış bəyin bu dəfə belə hörmətsiz davranışına heç də təəccüblənmədim.

Axı yol üstündədir. Bizlərin etdiyi müzakirələr onun da kreslosunu yaman silkələyib. Rahat yerindən didərgin düşməsinə sayılı günlər qalıb.

Rəhbəri olduğu təşkilatın işi "sıfır"dı. Amma güldən ağır söz eşitmir. Arada "CBC Sport"a çıxıb bir az nağıllar danışır, vəssalam.

Bir də harda tapacaq belə xan kefini? Görünür, başverənlərin narahatlığı onu belə aqressivləşdirib.

Sizi qınamıram, Barış bəy. Sizdə bir günah yoxdur.

Günah sizə bu geniş imkanları verənlərdədir. Siz isə heç kim...

Sadəcə futbolumuza saplanan "baltalar"dan birisiniz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!