Hər ay Azərbaycandan 20 min xərc aparır – O da getməlidir!

23 Noyabr 2021 20:20 Araşdırma 902
Hər ay Azərbaycandan 20 min xərc aparır – O da getməlidir!

AFFA-nın İcraiyyə Komitəsinin yaxın günlərdə baş tutacaq toplantısında millilərdə çalışan əcnəbilərin gələcək taleyinə aydınlıq gələcək.

Canni de Byazi, Milan Obradoviç və Miloş Velebit kimi əcnəbilərin Azərbaycan futboluna lazım olmadığı indi yox, illər əvvəldən – Berti Foqts, Nikola Yurçeviç, Bernard Lippert, Oliver Pilzer kimilərdən fayda görməyəndə məlum idi.

Ümumiyyətlə, assosiasiya gəlmə mövzusunu birdəfəlik qapatmalı, bu gün bütün diqqətlər yerli mütəxəssislərə ayrılmalıdır.

Əcnəbilərdən söz açdığımız siyahıda Frits Stuxlikin də adı var. Başını AFFA-nın binasından bayıra çıxarmayan, mətbuatdan uzaq gəzən, ayın yarısını müxtəlif ölkələrdə keçirən, aylıq qazancı 20 min manat civarında olan Hakim və Hakim-İnspektorlar Komitəsinin əcnəbi rəhbəri.

Cəza metodu yoxdur

Avstriyalı mütəxəssis burda çalışmağa başladığı ilk dönəmdən davranış və qərarları ilə özünə qarşı münasibətin birmənalı olmadığını göstərməkdədir.

Özü üçün “sevimli qrup” yaradan Stuxlik Azərbaycan hakimliyində cəzasızlıq sistemini kəşf edib. Hansısa oyunda ciddi səhvlərlə yadda qalan referi günahını anlayıb, bir müddət kənarda qalmalı olduğu halda, növbəti həftə işinin başında olur.

Gəlmə mütəxəssis bununla hakimləri ruhlandırmağı əsas hədəf seçsə də, digər hakimlərin nə düşündüyünü anlamır, daxildəki ab-havanın pozulmasına şərait yaradır. Bir də ki, səhv olan yerdə cəza mütləq olmalıdır.

Təyinat bölgüsü narazılıq yaradır

Təyinatların düzgün bölünməməsi də Fritsin mənfi cəhətlərindən biridir. Rəhim Həsənovun hakimlikdən getməsinə nail olan mütəxəssis, Əliyar Ağayev, İnqilab Məmmədov, Rəvan Həmzəzadə kimi təcrübəlilərə lazımınca şans vermir.

Gənclərə ümid bəsləməsini “baltalamaqla” işim yoxdur. Amma adam anlamır ki, təcrübəlilər qala-qala Premyer Liqanı təcrübə poliqonuna çevirməyin mənfi tərəfləri çoxdur, nəinki müsbət.

Ümumiyyətlə, bölgülərin düzgün aparılmaması, bəzi hakimlərə daha çox etimad göstərilməsi digərlərində haqlı olaraq “Mən ondan nədə zəifəm” sualının yaranmasına səbəb olur.

Hazırlıq kursu, yoxsa rəsmi iş yeri?

Stuxlikin hakimləri beynəlxalq dilə - ingiliscəyə daşıması alqışalayiq haldır. Lakin bunu mədəni formada təbliğ etməyin müxtəlif üsulları var. Daha onun etdiyi kimi yox: “Hər kəs mənimlə ingilis dilində danışmalıdır, azərbaycanca anlamıram!”

Bu metod orta məktəbdə, yaxud hazırlıq kurslarında keçərli ola bilər, amma saç-saqqalı ağarmış kişilərlə münasibətdə yox. Ədalət təmsilçilərini dil kurslarına yazılmağa məcbur edib, 2-3 aydan sonra ingiliscə danışmağı tələb etmək məntiqəuyğundur. Amma rayondan gələn, yaxud məktəbi düz-əməlli qiymətlərlə bitirməyən hakimi şəxsi söhbətdə ingiliscəyə sürükləməyin izahı yoxdur.

Fritsin bu və buna bənzər qərarları da ab-havaya təsirsiz ötüşmür.

Görün, nə qədər itirdik

3 il əvvələ - avstriyalı mütəxəssis komitənin başına keçənə qədər Azərbaycanı FİFA-da 24 hakim təmsil edirdi. Futbol, futzal, çimərlik futbolu və qadın futbolunda ümumilikdə bu sayda beynəlxalq dərəcəli hakimimiz vardı.

Düzü, Stuxlikin gəlişindən sonra xarici əlaqələri və burda gördüyü iş sayəsində yaxın 2-3 ildə sayın xeyli artacağını, bizim “həyətimizdə də xoruz banlayacağını” təxmin etmişdik.

Üstündən xeyli vaxt keçib, kimlər gedib, kimlər gəlib, amma bu gün FİFA-dakı təmsilçilərimizin sayı 17 nəfərdir. Bəli, 17 nəfər! Əvvəlki dönəmdəkindən 7 nəfər az! Nəticəni siz çıxarın.

Qədəmlərin mübarək!

Stuxlik hansısa mənada Berti Foqtsu xatırladıq. Qohum əlaqələrinin olduğuna inanmıram, amma almanlarla avstriyalıların xarakter və davranış olaraq bir-birinə yaxın olması danılmaz faktdır.

Hakimlər Komitəsinin sədri ayın yarısını Bakıda keçirdiyi halda, qalan hissəsini Avropada keçirir. Ya hansısa matça təyinat alır, ya beynəlxalq tədbirlərdə iştirak edir, ya da Avstriyadakı doğmalarına baş çəkmək həvəsinə düşür.

Təsəvvür edin, hansısa şəxsin Fritslə ölkədə olmadığı vaxtda təcili görüşünə ehtiyac yaranırsa, bu, baş tutmur. Oturub komitə sədrinin mübarək qədəminin Azərbaycan torpağına basacağı günü gözləməlidir.

Həkim, usta, sürücü dövrü başa çatdı

Bu qədər nöqsanların fonunda son illər komitədə yaxşı mənada baş verən dəyişikliklər mütləq qeyd olunmalıdır.

Xatırlayırsızsa, yaxın keçmişə qədər ölkədəki işsiz ağsaqqalların əksəri komitədə cəmlənmişdi. Həkim, usta, dülgər, çilingər, sürücü – istənilən sənətin istənilən adamını tapmaq mümkün idi.

Təmizləmə əməliyyatından sonra illərini hakimliyə həsrt etmiş şəxslərin demək olar hamısına sırf sevdiyi sənətlə məşğul olmaq imkanı yaradıldı. İndi hərəsi bir işin qlupundan yapışıb, üzərinə düşən öhdəliyi yerinə yetirir.

Layiqlilər var, hələ davamı gəlir

Nəsildəyilşmə prosesinin hakimlər arasında da uğurla yerinə yetirildiyinin şahidi olduq.

Fariz Yusifov, Vüsal Əliyev, Anar Salmanov, Orxan Məmmədov, Ömər Paşayev, Elçin Məmmədov kimilərin gedişindən sonra onları kimlərin əvəzləyəcəyi sualı ətrafında “baş sındırmağa” gərək qalmadı.

Son illər xeyli sayda hakim üzə çıxdı ki, bu gün Premyer Liqada əsas yük onların çiyinlərindədir. Hələ davamı gəlir. Fərid Hacıyev, Tural Qurbanov, Cavid Cəlilov.

Adları çəkilənlərin hər biri təkcə hakimlik bacarığı ilə yox, həm də dil biliyi və referiyə tələb olunan xarici görünüş cəhətdən gələcəyin ulduzları hesab olunur.

Stuxliki əvəzləməyə layiq o qədər mütəxəssis var ki...

Bunları boş yerə sadalamadım. Deməli, artıq Azərbaycan hakimliyində struktur qurulub, işlək mexanizm var, gələcək adına materiallar yetərincədir.

Sözün məcazi mənasında bugünkü komitə işlək maşındır, sürətləndir getsin.

Belə vəziyyətdə daxildə heç də sevilməyən, qərarları birmənalı qəbul olunmayan, Azərbaycan hakimliyini Avropada irəli çəkə bilməyən, əvəzində qazandığı pullarla büdcəsini zənginləşdirən Frits Stuxlikə nə gərək var axı?

Canni de Byazi və digər əcnəbi mütəxəssislər haqda fikirlərimiz Frits üçün də keçərlidir. Adamın 3 ildə gördüyü işə nəzər salıb, sərf etdiyi əməyə görə təşəkkür edib, yola salmaq mütləqdir.

Özümüzdə onu əvəzləyəcək kifayət qədər layiqli namizədlər var. Tahir Süleymanov, Asim Xudiyev, Babək Quliyev, Vüsal Əliyev, Elçin Məmmədov... Yenə saymaq olar.

Bu adların hər biri komitəyə sədrlik edə biləcək təcrübə və savada malikdir. Əvəzində Stuxlikə xərclənən aylıq 20 min manatın yarısından çoxunu ölkə futbol hakimliyindəki problemlərin aradan qaldırılmasına sərf etmək olar.

Haydi, bəylər! Nə qədər gec deyil, düşünməyə və qərar verməyə tələsin.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?