Ermənistanın Zəngəzur dəhlizinə bağlı xilas yolu və..

19 Aprel 2021 13:10 Araşdırma 1 012
Ermənistanın Zəngəzur dəhlizinə bağlı xilas yolu və..

Ermənistanın çökməkdə olan iqtisadiyyatının xilas yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir.

Bu fikir uzun illərdir müzakirə olunur və bu gün Azərbaycan ərazi bütövlüyünü əldə etdikdən sonra daha da real səslənir.

Lakin Ermənistan rəhbərliyinin bunu anlaması xeyli vaxt aparsa da, nəhayət, Paşinyan öz həmvətənlərinə bunu etiraf edib.

Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla keçirdiyi qapalı görüşdən səs yazısı yayılıb. Təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq, Paşinyanın çıxışının bir hissəsini “Armvoice” Teleqram kanalı tərəfindən yayılıb. Məlum olub ki, Ermənistan rəhbəri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır. “Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən qəti əminəm ki, Azərbaycanın Naxçıvana yolunu açmaqla kommunikasiyaların açılmasına nail ola bilsək, bu bizim böyük uğurumuz olar. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”, - səs yazısında deyilir.

Qeyd edək ki, Paşinyan xəlvətdə əməkdaşlığın faydalarından danışsa da, aşkarda müharibə bəyanatları səsləndirir. O zaman bu iki fərqli ritorikanın səbəbi nədir?

Elçin Mirzəbəyli:

Elçin Mirzəbəyli

“Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli vurğuladı ki, Paşinyanın başqa çıxış yolu yoxdur: “Ölkəyə sərmayənin cəlb edilməsi üçün edilən bütün cəhdlər nəticəsiz qalır, çünki Ermənistanın bu gün düşdüyü kollaps vəziyyəti buna imkan vermir. Digər tərəfdən Ermənistan təbii resursları olmayan və iqtisadiyyatı asılı vəziyyətdə olan bir ölkədir. Son 20 ildə Ermənistana yatırılan sərmayələrin 40 faizi Rusiyaya məxsusdur. Bu rəqəm daha yüksək ola bilər. Bu isə Vladimir Putinin səsləndirdiyi rəqəmdir. Lakin bu müddət ərzində Rusiyanın yatırımları belə Ermənistan iqtisadiyyatını xilas edə bilməyib. Bu da təbiidir, çünki ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan bir çox mühüm tələblər var ki, Ermənistanın düşdüyü durum buna uyğun gəlmir. Qonşu dövlətlərlə münasibətləri, Türkiyə və Azərbaycanla mövcud olan vəziyyət buna imkan vermir. Gürcüstan isə Ermənistan iqtisadiyyatını dirçəldəcək gücdə deyil. Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələr bilavasitə Azərbaycanla bağlı olduğu üçün, rəsmi Tiflis bu istiqamətdə hər hansı addım ata bilməz. Bu günə qədər absurd layihələrlə bağlı İranla aparılan danışırlar, eyni zamanda Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan , 3 milyard dollar investisiya tələb edən dəmiryolu layihəsi ilə bağlı mülahizələr də nəticəsiz qaldı”.

Politoloq vurğuladı ki, indiki şəraitdə Ermənistanın yeganə çıxış yolu ölkənin logistik imkanlarının artırılması və tranzit ölkəyə çevrilməsidir: “Bundan başqa Ermənistana gəlir gətirəcək hər hansı layihə yoxdur. Belə bir şəraitdə şübhəsiz ki, yeganə çıxış yolu Azərbaycanla münasibətlərin qaydaya salınmasından keçir. Bu - ərazi iddialarından əl çəkmək, Türkiyə ilə Azərbaycan arasında açıqlacaq dəhlizin imkanlarından istifadə etməkdən ibarətdir. Düşünürəm ki, Paşinyan bunu dərk edir və məlum fikirləri səsləndirib. Çünki alternativ yoxdur. Sadəcə xəritəni açıb qarşısına qoysa, reallıqların nədən ibarət olduğunu görə bilər. Kommunikasiyalar açılarsa və iqtisadi müstəvidə müəyyən təmaslar yaranarsa, bu bütövlükdə prosesə təsir göstərə bilər. Mən artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsinin işlədilməsini doğru saymıram. Münaqişə faktiki olaraq yoxdur. Hazırda söhbət post münaqişə dövründə mövcud olan reallıqlardan və Ermənistanın bu reallıqlarla barışması üçün lazım olan zaman kəsimindən söhbət gedir”.

Ermənistan rəhbərliyinin savaş ritorikasına gəlincə, E.Mirzəbəyli bunu seçkiöncəsi vəziyyətlə əlaqələndirdi: “Digər tərəfdən ölkədə seçkilərin keçirilməsi və seçkiöncəki müəyyən ritorik bəyənatların səsləndirilməsi, qarşılıqlı ittihamların ortaya çıxması təbii qəbul olunmalıdır. Seçkinin taleyini belə postmüharibə dövrü və bütövlükdə vətən müharibəsinin yaratdığı reallıqlar həll edəcək. Onu qeyd edək ki, bu ilin iki ayında Ermənistan iqtisadiyyatında geriləmələr hətta müharibə dövründən də üstün bir vəziyyətdədir. Büdcə defisiti dəhşətli bir hal alıb, bu günə qədər Ermənistanda görünməyən vəziyyətə çatıb. Əhalinin ÜDM-dəki payı 11 min dollardan 3 min dollara enib. Bu da çox acınacaqlı göstəricidir. Təcili addımlar atılmasa Ermənistandakı bu acınacaqlı vəziyyət daha dəhşətli hal alacaq.

Müharibə ehtimalı yoxdur. Müharibə indiki dövrdə zəmanətçi dövlət kimi çıxış edən Rusiyanın özünə də sərf etmir. Bu çox ciddi bir problem yarada və bütövlükdə Rusiyanın missiyasını da şübhə altına ala bilər. Belə bir mövqe yoxdur, nə Azərbaycan, nə Türkiyə, nə də digər müttəfiqlərimiz buna yol verməyəcək. Hətta Rusiya tərəfindən də bildirilib ki, Ermənistan tərəfindən müharibəni yenidən başlatmaq cəhdləri bu ölkə üçün intihar deməkdir. Bu səbəbdən təkrar müharibə ehtimalı yoxdur. İndiki şəraitdə monipulyativ davranışlar seçkilərə hesablanıb. Aydındır ki, Ermənistandakı revanşçı qüvvələrin barajı aşmaq ehtimalı həddindən artıq zəifdir. Digər rusiyapərəst qrupun, özünü müəyyən qədər mərkəzçi və neytral kimi göstərməyə çalışan “Çiçəklənən Ermənistan” Partiyasının da parlamentdə təmsil olunmasının səbəbi Nikol Paşinyan və tərəfdarları tərəfindən hökumətin formalaşması baş tutmazsa, təkbaşına koalisiya hökumətinin yaradılmasına cəhd göstərməkdir. Rusiya hakimiyyətdə olacaq qrupda öz nümayəndəsinin yer almasına çalışır ki, gələcəkdə hakim partiya hər hansı addım atarsa, o zaman hökumət böhranı yaratmaq mümkün olsun. Digər tərəfdən Köçəryan və digərlərinin parlamentdə yer almasına çalışır ki, revanşist qüvvələr üçün tribuna yaratsın, onlar ehtiyac duyulduqda, sifariş aldıqda təzyiq addımlarını atsınlar. Bütün bunlar Rusiyanın Ermənistanda nəzarəti əldə saxlamaq üçün həyata keçirdiyi önləyici tədbirləridir".

Digər Xəbərlər
Xəbər Lenti