Hissə qapılan De Byazi, tez “şişən” Şeydayev

16 Oktyabr 2020 18:48 Milli komanda 1 035
Hissə qapılan De Byazi, tez “şişən” Şeydayev

İtaliyada heç vaxt olmamışam, bilmirəm nə vaxtsa ora yolum düşəcək, ya yox. Bu ölkə haqda ilk təəssüratım heç də yaxşı olmayıb. Həmyaşıdlarım yəqin ki ötən əsrin 80-ci illərinin sonunda “birinci kanal” dedyimiz Rusiya (keçmiş SSRİ) telekanalında yayınlanan“Sprut” filmini xatırlayır. Həmin serialda Katani soyadlı polis komissarı əqidəsini və məsləkini italyan lotularının milyonlarına satmayan biri kimi bizlərə təqdim olunmuşdu. Bir də İtaliya dedikdə yadıma heç vaxt xoşlamadığım “spagetti” düşür. Onu da qeyd edim ki, tipik azərbaycanlı kimi, körpə quzu ətindən hazırlanan təamların ən pisini bütün dünyanın bəh-bəhlə təriflədiyi makarona dəyişməyi ən böyük cinayət sayıram. Ancaq xəritədə “çəkmə”yə oxşar ölkəyə yolu düşən dostlarımın dediyinə görə, italyanlarla azərbaycanlılar arasında oxşarlıq çoxdu. Birincisi, hər iki xalq isti iqlimdə yaşadıqlarına görə çox çılğındılar. İkincisi, onlar da bizim kimi müasir zamanda “ailə institutu”nu qoruyub saxlaya biliblər. Bunları mənə İtaliya ilə biznes əlaqəsi olan, pandemiyadan öncə ilboyu Sumqayıtdan çox Romada görünən dostum söyləyib. Bir dəfə o yenidən iki xalq arasında paralellər aparıb oxşarlıqdan söz açanda, onunla razılaşmadığımı, avropalı ilə qafqazlını bir-birinə oxşatmaqda səhvə yol verdiyini bildirdim. Dostum əsəbləşərək bir misal çəkdi: “İş ortağımın evində qonaq idim. Səhər şərikin (onu da qeyd edim ki, dostum divar kağızının satışı ilə məşğuldu) atasının nəvəsini məktəbə apardığını görəndə, çox kövrəldim, öz atamı və qızımı xatırladım. Bizdə də uşağı hər səhər məktəbə atam aparır. Avropanın heç yerində belə şey yoxdu”. Onun nə deməyindən asılı olmayaraq, yenə öz fikrimdə qaldım və əlavə etdim ki, “guya ingilis, fransız, ispan uşağın babası öz nəvəsindən imtina edir?” Ancaq srağagün yığmanın Cənubi Kiprlə qarşılaşmasından sonra dostum Mehmana zəng vurub onunla mübahisə etdiyimə görə üzr istədim. İtalyanlarla azərbaycanlıların xasiyyətcə bir-birinə çox oxşadığını qəbul etdiyimi bildirdim. Mehman məndən bunu gözləmirdi, biranlıq özünü itirdi və özünə gələndən sonra niyə gec də olsa, bu qənaətə gəldiyimi soruşdu. Ona cavabım belə oldu: “Sən hər dəfə deyirdin ki, italyanlarla azərbaycanlılar arasında oxşarlıq çoxdu. Mən bunu yığmanın baş məşçqisi Canni De Byazinin timsalında gördüm. Yalnız azərbaycanlı və italyan məşqçi yığma üçün həyati əhəmiyyət daşıyan matçda penalti vurmağı karyerası boyunca heç vaxt “nöqtə”yə yaxınlaşmayan futbolçuya həvalə edə bilər. Yalnız azərbaycanlı və italyan mütəxəssis hisslərə qapılaraq, ad günü olduğuna görə kapitana belə şans yarada bilər”. Dostum Mehman (futbol azarkeşi olmadığından heç vaxt özü demişkən, qızıldan qiymətli vaxtının 90 dəqiqəsini futbola ayırmır) yenə çaşıb qaldı və nə baş verdiyini soruşdu. Qısaca ona Cənubi Kiprlə oyunu danışdım və qələbə qazanmağa borclu olduğmçuz matç barədə məlumat verdim, De Byazinin topu Şeydayevdən alıb Qaraya verdiyi anı vizual şəkildə canlandırdım. Mehman da öz aləmində guya mənə təsəlli verirmiş kimi “mən deyirdim, inanmırdın, görürsən italyanlar da bizim kimi hissə tez qapılırlar” söylədi. Onun dediklıərinə qarşılıq olaraq “bəs deyirlər italyan məşqçilər proqmatik futbola üstünlük verirlər” dedim. Mehman nə söylədiyimi başa düşməsə də, “yaxşı olacaq” deyib, məni yola verdi. İstədim dostuma “3 xallıq oyunu məhz senyor Canninin səhvi ucbatından əldən verdik” söyləyim ki, özümü saxladım. Onsuz da Mehman nə demək istədiyimi anlamayacaqdı.
Sonda Şeydayev barədə də bir neçə kəlmə demək istəyirəm. Bilən bilir ki, Ramilə bir forvard kimi həmişə simpatiyam olub. Onun meydanda əzmkarlığını, sona qədər mübarizə aparmasını, məğlubiyyətlə barışmamasını həmişə bəyənmişəm. O ölkə xaricində yetişən tək-tük futbolçulardandı ki, Azərbaycan millisini seçdiyini daim böyük fəxrlə qeyd edir. Forvard dədə-baba yurdu olan Kürdəmiri də unutmur, hər imkandaca atasının vətənində futbolun inkişafına çalışır, öz hesabına kürdəmirli futbolçulara dəstək verir. Ancaq onun Cənubi Kiprlə matçdan sonra mətbuata verdiyi açıqlamada səsləndirdiyi “tənqid etmək onların işidi. Mənim üçün bu o qədər də əhəmiyyət kəsb etmir. Bilirəm ki, yenidən qol vuracağım halda barəmdə müsbət fikirlər sələndirəcəklər. Bilirəm ki, nəyin üzərində işləməliyəm və bunun da üzərində çalışacam” fikirləri heç xoşuma gəlmədi. 24 yaşlı futbolçu “ulduz xəstəliyinə tutulub”. Ramili yığmanın yeni lideri kimi görürdüm, ancaq bu açıqlamadan sonra əmin oldum ki, boyu uca, çəkisi çox olmağına baxmayaraq, futbolçu hələ böyüməyib və özü haqda çox yüksək fikirdədi. Bir futbolçu ki, ictimai rəyi nəzərə almır, ondan heç vaxt böyük futbolçu olmayacaq. Bu yerdə bir məşhur məsəli xatırlatmağa borcluyam: “tez alışan tez sönər”. Ramilin tez sönməsini istəmirəm. İstəyim odu ki, Şeydayev ona olan inamı doğrultsun, başından böyük açıqlamalar verməsin. Onu da unutmasın ki, Azərbaycan futbolunda 24 yaşda adından söz etdirən ondan da səviyyəli oyunçular olub. Ancaq onların heç biri belə saymazyana fikir səsləndirməyib (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda