Yenidən Azərbaycan millisinə qayıtması gözlənilən Robert Prosineçki haqda bu gün növbəti xəbər yayılıb. İddia isə Türkiyədə nəşr olunan "Fotomaç" qəzetinə məxsusdur.
Nəşrin yazdığına görə, uğursuz nəticələr səbəbi ilə dünən Bülent Uyğunu istefaya göndərən "Kayserispor"un rəhbərliyi 50 yaşlı xorvatiyalı mütəxəssislə danışıq aparır.
Kayseri təmsilçisi 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb. Prosineçkinin dönüşü rəsmiləşəcəyi təqdirdə, o, komandanın cari mövsümdə 3-cü baş məşqçisi olacaq.
Prosineçki AVRO-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina yığmasından istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"da, 2014-2017-ci illərdə isə Azərbaycan millisində çalışıb.
Bu xəbərin anidən ortalığa çıxması və sürətlə yayılması təsadüfi deyil. Səbəbi və kökü var. AFFA rəhbərliyinə yaxın çevrədən redaksiyamıza verilən məlumata görə, Rövnəq Abdullayevlə Robert Prosineçki arasında narazılıq yaranıb.
Federasiya prezidenti şəxsən görüşüb söhbətləşmək üçün xorvatiyalını Bakıya dəvət eləsə də, o, müxtəlif bəhanələr gətirərək ölkəmizə səfərini başqa vaxta keçirib. Bu azmış kimi, onun adından Abdullayevə başqa xəbər çatdırılıb.
Bildirilib ki, Prosineçki 3 illik müqavilə şərtlərinin ikinci dəfə dəyişdirilməsində israrlıdır. İlk görüşmələr zamanı 1,5 milyon dollara razılaşan mütəxəssis sonradan qiyməti 2 milyona qaldırmışdı, indi isə… 3 milyondan danışır. Və o şərtlə ki, federasiyadan heç kim işinə qarışmayacaq.
Prosineçkinin Bakıya gəlməməsi, ardınca 3 milyon istəməsi Abdullayevi hiddətləndirib. Situasiyanın dəyişməsi AFFA ilə qarşı tərəf arasında vasitəçilik edən Riad Rəfiyevi də çətin vəziyyətdə qoyub.
Axı "Sumqayıt"ın prezidenti bu "əməliyyat" zamanı hər iki tərəfdən öz faizini alacaq və rəqəmlər kifayət qədər yüksəkdir.
Odur ki, Rəfiyev AFFA prezidentinin bu qayıdışın baş tutmasına öncəkitək həvəs göstərməməsini Prosineçkinin özünə çatdırıb. Bosniya yığmasından ayrılandan sonra adı əvvəl Serbiya, indi Türkiyə klubları ilə yanaşı çəkilən xorvatiyalının başqa ölkələrdən də dəvət alması haqda xəbərlərin qarşıdakı günlərdə "dövriyyəyə buraxıldığını" eşitsəz, təəccübəlnməyin. Bu, sadəcə, Rövnəq Abdullayevə təzyiq göstərmək üçündür.
SPORTİNFO.AZ

