Robert Prosineçki yenidən Azərbaycan millisinə rəhbərlik edə bilər. 2014-2017-ci illərdə komandanın baş məşqçisi olmuş xorvatiyalı mütəxəssis ilə danışıqlara start verilib.
Sportinfo.az xəbər verir ki, Nikola Yurçeviç istefaya göndərildikdən sonra AFFA intensiv axtarışa başlayıb. Yerli mətbuatda bu posta bir neçə namizədin adı hallansa da, federasiya Robert Prosineçki ilə danışıqlara üstünlük verib.
Artıq qurumun nümayəndəsi sözügedən şəxslə görüşüb. Bəs görəsən, danışıqlar hansı nəticəni verib? Bu haqda məlumat almaq üçün xorvat məşqçinin meneceri Yaşar Çalışır ilə əlaqə saxladıq (sputnik). O, açıqlamasında yayılan xəbərlərin həqiqət olduğunu təsdiqlədi:
"Konkret olaraq bildirim ki, şanslar yarı yarıyadır. Çünki Robert sizin yığma ilə yanaşı, digər yerlərdən də təklif alıb. Bunlar Avropa, Çin və Yaponiya klublarıdır. Türkiyənin "Kayserispor" klubu istəkli olsa da, hələlik maddi durumu yetərli deyil".
Menecer daha sonra Azərbaycan tərəfindən AFFA-nın baş katibi Elxan Məmmədovun birbaşa danışıq apardığını söylədi: "Onunla münasibətləri çox yüksək səviyyədə olduğuna görə əlavə şəxslərə ehtiyac yoxdur. Həmçinin R.Prosineçki Azərbaycanı yaxşı tanıyır. O, özü də Azərbaycanda işləmək istəyir. Azərbaycanda fəaliyyət göstərən zaman nəinki özü, eləcə də ailəsi onunla birlikdə Bakıda qalıb".
Y.Çalışır onu da vurğulayıb ki, hələ R.Prosineçki cavab vermək istəmir. Bir müddət istirahətə ehtiyacı var. Yanvar ayının ikinci ongünlüyündə fikrini qətiləşdirəcək.
Məbləğ məsələsinə gəldikdə isə menecer hələlik razılıq əldə olunmadığı üçün açıqlama vermək istəmədi: "Mətbuatda 2 milyon avro müqabilində razılaşma olduğunu yazırlar. Normal haldır. Prosineçki öz dəyərini bilən məşqçidir. Bu rəqəm 1,5 milyon da ola bilər, 4 milyon da".
Robert Prosineçkiyə 2014-2017-ci illər ərzində milliyə başçılıq etdiyi zaman hər ili üçün 1.3 milyon avro ödəniş olunub. Sonuncu dəfə Bosniya və Herseqovina yığmasında fəaliyyət göstərən 50 yaşlı mütəxəssisin aylıq qazancı 15 min, illik gəliri 180 min avro təşkil edib.
Bosniyalıları 2020-ci il Avropa çempionatına çıxacağı halda xorvat mütəxəssis 300-400 min avro mükafat qazanmalı idi.

