Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edə bilər.
Sportinfo.az xəbər verir ki, UEFA-nın maliyyə feyr-pley qaydalarını pozan "Ordabası"nı qarşıdakı iki mövsümdə avrokuboklardan kənarlaşdırması Kostanay təmsilçisinin beynəlxalq arenaya yolunu açıb. Əgər Çimkənd klubu gələn il yanvarın 31-nə kimi sabiq futbolçularına olan borclarını tam ödəyə bilməsə, turnirdən kənarda qalacaq. Belədə isə Avroliqada Qazaxıstanı "Kayrat"la yanaşı, "Tobol" təmsil edəcək.
Məlumat üçün qeyd edək ki, ötən mövsüm Balayevin komandasını Avroliqaya vəsiqədən məhz "Ordabası" məhrum etmişdi. Son turda 3-cü pillədəki rəqibindən 2 xal geri qalan kostanaylılar qələbə qazanıb, Kaxaber Sxadadzenin komandasının büdrəməsini gözləsə də, bu baş vermədi. Evdə "Taraz"a 3 cavabsız qolla qalib gələn "Ordabası" avrokuboklarda oynamaq hüququ əldə etmişdi.

