AFFA rəhbərliyi Prosineçkini niyə əsəbləşdirib və ya keçmişdən alınan "dərs"

22 Dekabr 2019 20:40 Milli komanda 1 623
AFFA rəhbərliyi Prosineçkini niyə əsəbləşdirib və ya keçmişdən alınan "dərs"

İki illik aradan sonra yenidən Azərbaycan yığmasını çalışdırmağa razılıq verən Robert Prosineçki öz şərtlərini AFFA-ya diktə edib.

Sportinfo.az-ın məlumatına görə, xorvatiyalı məşqçi irəli sürdüyü tələblər arasında daha çox 2 məqamın üzərində dayanıb. Birincisi, o, millinin heyətini açıqlayarkən, federasiya rəsmiləri ilə məsləhətləşməyəcəyini bəyan edib.

Xorvat mütəxəssis 3 il Azərbaycanda işlədiyi üçün bütün futbolçuları yaxından tanıdığını bildirib. Onun narahatlığı fakta söykənir. Belə ki, AFFA 2017-ci ildə Renat Dadaşovu 1,5 milyon avro qarşılığında millidə oynamağa razı salandan sonra tezliklə debüt eləməsi üçün Prosineçkiyə təzyiq göstərib. Federasiya rəsmiləri ehtiyat edirdi ki, böyük pullar verdikləri gənc hücumçu fikrini dəyişər və yenidən Almaniyanı seçər.

Prosineçki bu olayın üzərindən prinsipiallıq göstərərək, Renatın yığmanın heyətində meydana çıxmasını ləngitmişdi. Dadaşovun adını bəzən iştirak ərizəsinə salmayan baş məşqçi bəzən də onu sonadək ehtiyatda saxlayırdı.
Prosineçkinin ikinci şərti AFFA rəhbərliyinin özüylə əlaqədardır.

O, federasiya mənsublarının oyundan sonra paltardəyişmə otağına daxil olmasına qadağa qoyacağını bəribaşdan elan edib. Yəni ki, hər adam içəri keçə və futbolçularla söhbət edə bilməz. Bunlar bir yana, paltardəyişmə otağına gələnlər komandanın oyunundan narazı olduqlarını bildirməməli, ayrı-ayrı oyunçulara irad tutmamalıdılar.

Prosineçki yığmamızdakı ilk fəaliyyəti dönəmində bir dəfə belə bir hadisəylə üzləşib. San-Marinoya səfərdə 1:0 hesabıyla qalib gəldiyimiz matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov paltardəyişmə otağına gələrək, nəticədən razı qaldıqlarını, göstərilən oyunun isə ürəkaçan olmadığını söyləyib. Onlar otağı tərk edincə, Prosineçki stolun üstündəki su qabını götürərək qapıya çırpıb və "bunlara bax, mənə futbol öyrədirlər" deyə, qışqırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti